Cəmİyyət

Avropada Qarabağ müzakirələri, İrəvanın sülh imitasiyası

Avropada Qarabağ müzakirələri, İrəvanın sülh imitasiyası
İşğalçı tərəf danışıqları dalana dartmaqda davam edir; politoloq: "Ermənistanda daha bir hərbi çevriliş ola bilər...”
2019-cu ilin Dağlıq Qarabağ probleminin dinc həlli prosesinə yeni və müsbət bir dinamika gətirəcəyi barədə təxminlər hələ ki doğrulmur. Ermənistanın təzə iqtidarı bu yöndə ən kövrək gözləntiləri belə alt-üst eləməkdə, sülhdən daha çox müharibə ehtimalının artmasına töhfə verməkdədir. Azərbaycan və Ermənistan rəhbərləri - prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında reallaşan bir neçə görüş də hələlik vəziyyətdə ciddi dönüş yarada bilməyib. Səbəb həmənkidir: rəsmi İrəvanın konstruktivliklə bir araya sığmayan absurd mövqeyi və ritorikası.

Bunu Brüssel səfəri ərəfəsi Nikol Paşinyan bir daha nümayiş etdirdi. Erməni baş nazir ənənəvi mövqeyini növbəti dəfə təkrarlayaraq bəyan elədi ki, "sülh danışıqları yalnız üçtərəfli formatda - Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ formatında uğurlu ola bilər”. Yəni bununla - separatçıların birbaşa danışıqlara qoşulmasının vacibliyini vurğulamaqla o, dünyanın gözündə işğalçı Ermənistanın üzərindən təcavüzkar yarlığını götürməyə bir daha cəhd elədi.

Təbii ki, rəsmi Bakı heç vaxt buna razılıq verməyəcək. O səbəbə ki, üçtərəfli format ərazilərimizdə ikinci saxta erməni dövlətinin yaradılmasına Azərbaycanın bəri başdan razılıq verməsi demək olardı. Heç ATƏT-in Minsk Qrupu həmsədrləri nə qədər ermənipərəst mövqe tutsalar da Paşinyanın şərtini məqbul saymırlar. Di gəl, Ermənistan rəhbəri öz absurd mövqeyini vaxtaşırı təkrarlayır. Bir səbəb də yəqin ki, bu yolla onun vaxtı uzatmaq, Qarabağ məsələsinin həllində kardinal qərar vermək vaxtı çatdığı üçün məsuliyyətdən yayınmaq, məsuliyyəti separatçıların üzərinə atmaqdır. Yaxud ən azından, onlarla bölüşməkdir.

*****

Nikol Paşinyan Avropa Birliyinin (AB) "Şərq Tərəfdaşlığı” sammitinə qatılmaq üçün Brüsselə məhz belə bir mövqe ilə yollanıb. Xəbər verdiyimiz kimi, burada onun prezident Əliyevlə görüşü istisna edilmirdi. Dünən Brüsseldə iki günlük yubiley sammiti çərçivəsində Azərbaycan və Ermənistan rəhbərləri arasında qısa görüş olub. Bu barədə məlumatı Nikol Paşinyan özü paylaşıb. Paşinyan növbəti görüşlər barədə konkret planların olmadığını, amma danışıqlar prosesinin davam edəcəyinə əmin olduğunu deyib.

Qeyd edək ki, bu, iki lider arasında sayca 5-ci görüş idi. Onlardan yalnız biri - bu il martın 29-da Vyanada baş tutan təmas rəsmi hesab olunur. Təəssüf ki, erməni tərəfinin maksimalist yanaşması səbəbindən bu görüşlər nizamlama prosesinə əhəmiyyətli təkan verə bilməyib. O üzdən Azərbaycan həm özünün hərbi potensialını və ordusunun döyüş qabiliyyətini artırmaq, işğalçı ölkə üzərində əzici hərbi üstünlüyünü artırmaq, həm də beynəlxalq səviyyədə haqq işimizi irəli aparmaq çün mötəbər təşkilatların rolundan və tribunasından istifadə eləməkdə davam edir. Onlardan biri də şübhəsiz ki, Avropa Birliyidir - hansı təşkilat ki, özünün sənəd və qətnamələrində bir qayda olaraq, üzv və tərəfdaş ölkələrin ərazi bütövlüyünə dəstək ifadə edib.

*****


Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov hesab edir ki, Azərbaycanın bu sammitdə əsas marağı digər ölkələrdən fərqli olaraq, yaranmış əlaqələri daha da möhkəmləndirməkdir. "Azərbaycanın Avropa Birliyinin ”Şərq Tərəfdaşlığı" sammitində iştirakı çox önəmlidir. Sammitdə iştirak edən ölkələr bu və ya digər şəkildə Avropadan kömək istəyir. Lakin Azərbaycan bu sammitə bir tərəfdaş kimi qoşulur və bu, ölkəmizin nüfuzu üçün çox əhəmiyyətlidir", - deyə o vurğulayıb.

Politoloq sammitin Azərbaycanın ərazi bütövlüyünün tanınması üçün rolundan da bəhs edib: "Sammitdə imzalanması gözlənilən ”Strateji tərəfdaşlıq haqda" saziş Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınması üçün mühüm rol oynayır. Ermənistanın işğalçı siyasətini bütün dünyada tanıtmaq üçün Avropa əsas qapılardan biridir".

Xatırladaq ki, "Şərq Tərəfdaşlığı” proqramının əsası 2009-cu ildə qoyulub. Proqrama 6 ölkə - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Belarus daxildir.

*****

Şübhə yox ki, Qarabağa dair dinc nizamlanmanın taleyi, həmişəki kimi, ilk növbədə işğalçı Ermənistanın mövqeyindən asılıdır. İrəvan isə ona xaricdən ciddi təzyiqlər olmayacağı halda, belə görünür, konstruktiv mövqeyə köklənməyəcək, danışıqların imitasiyasını davam etdirəcək - işğalçı ölkədə hansı qüvvə hakimiyyətdə olur-olsun. Erməniləri ağla gətirmək üçün təzyiqi isə ya Minsk Qrupunun həmsədr dövlətləri, özəlliklə Rusiya göstərməlidir, ya da Azərbaycan ordusu. Yəni illərlə gedən nəticəsiz danışıqların bir gün müharibəyə gətirəcəyini gərək hamı ciddiyə alsın. İlk növbədə Ermənistanın 1 nömrəli müttəfiqi Rusiya.

Rusiya isə əfsuslar olsun ki, hələ ki münaqişənin uzanmasında maraqlı görünür, nəinki həllində. Halbuki onun həm Ermənistana, həm də Dağlıq Qarabağdakı separatçı rejimə ciddi, real təsir və təzyiq rıçaqları var. Bunu Nikol Paşinyan da bilməmiş deyil. Onun işğal altındakı Şuşaya qanunsuz səfərindən sonra separatçı bölgədə əks-inqilab ehtimalından danışması buna dəlalət edir. İndi o, həm də öz hakimiyyətindən yana xof içindədir.

"Paşinyanın Şuşada yallı oynaması bizim üçün, şübhəsiz ki, gözdağıdır. Amma onun üçün də Şuşada yallı getmək rahat məsələ deyil. Çünki Qarabağdakı ermənilər birbaşa Moskvaya tabedir. Rusiya onları Paşinyana qarşı istifadə edə bilər. Məsələn, Ermənistanda daha bir hərbi çevrilişə əl ata bilər”. Bunu politoloq Erkin Qədirli deyib (teleqraf.com).

Ekspertin fikrincə, bunu anlayan Nikol Paşinyan Qarabağdakı ermənilərlə ehtiyatla davranır: "Öz oğlunu Qarabağa hərbi xidmətə göndərməklə onu orta əsrlərin qaydalarına uyğun, çəkindiyi bölgəyə girov verib. Şuşadakı yallıdan sonra da deyib ki, biriləri Qarabağda əks-inqilab etməyə girişsə, qarabağlılar özləri inqilab edərlər. Bunu nədən söyləməsini güman etmək olar. Paşinyanın mövqeləri yetərincə güclü deyil. KTMT-nin keçmiş baş katibi Xaçaturovu həbs edə bilmədi, aprel döyüşlərində rüsvay olmuş və Sərkisyan tərəfindən vəzifəsindən çıxarılmış baş qərargahın kəşfiyyat idarəsinin rəisi Karapetyanı özünə müşavir təyin etdi. Korrupsiyaya qarşı mübarizəyə girişsə də, mafioz Qagik Çarukyana əlavə iqtisadi imtiyazlar verməli oldu, Köçəryanı həbs etsə də, Sərkisyan və Ohanyan azadlıqdadır, Moskva ilə əlaqədədirlər. İndi də Şuşadan qayıdandan sonra Qarabağda əks-inqilab ehtimalından danışdı”.

Beləcə, Qarabağ danışıqlarının taleyi artıq həm də separatçılarla Paşinyan arasında getdikcə güclənən  qarşıdurma ilə qeyri-müəyyən görünür. Bu qarşıdurma Azərbaycan üçün unikal şans da yarada bilər. Fors-major vəziyyətdə ordumuzun daha bir blits-uğura imza  atması mümkünlüyünü nəzərdə tuturuq... 

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031