Cəmİyyət

Bakıda qonaqları toydan xəstəxanaya göndərən restoranlar - Görün nə yedirirlər... / ARAŞDIRMA

Bakıda qonaqları toydan xəstəxanaya göndərən restoranlar - Görün nə yedirirlər... / ARAŞDIRMA

Vaxtaşırı restoranlarda qida zəhərlənmələri ilə bağlı müxtəlif hadisələr baş verir.

Sfera.az xəbər verir ki, xüsusilə də toylarda mütəmadi olaraq kütləvi zəhərlənmə halları qeydə alınır. Bəs, toyda masaya gətirilən yeməklərin tərkibinə, hazırlanmasına necə nəzarət edilir?

"Kafe və restoranlar qida zəncirinin mühim tərkib hissəsi olduğundan, bu kimi yerlərdə mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Həmçinin, konkret faktlara əsaslanan hər hansı müraciətlər olduqda növbədənkənar yoxlamalar da aparılır”.

Bu sözləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva bildirib.

Onun sözlərinə görə, vətəndaşlar ictimai-iaşə obyektlərində hər hansı nöqsanla rastlaşsalar, AQTA-nın  1003 "Çağrı Mərkəzi”nə məlumat verə bilərlər:

"Belə ki, sözügedən sahədə nöqsanlarla bağlı AQTA-nın "Çağrı Mərkəzi”nə son 3 ayda 172 vətəndaş müraciəti daxil olub. Daxil olan hər bir müraciətlə bağlı Agentlik əməkdaşları tərəfindən araşdırmalar aparılıb və qanuna uyğun tədbirlər görülüb.

Agentlik bir daha bu sahədə fəaliyyət göstərən sahibkarları öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmağa çağırır. 

İctimai iaşə obyektlərinin sanitar-gigiyenik normalara uyğun şəkildə təşkili əhalinin sağlamlığı üçün olduqca vacibdir. Qida məhsullarının hazırlanması prosesi sanitar-texniki və sanitar-gigiyenik tələblərə uyğun həyata keçirilməlidir. Bu tələblərə əməl edilmədiyi təqdirdə müəssisənin fəaliyyəti müvəqqəti məhdudlaşdırılır. Sağlamlaşdırma işlərinin aparılıb, nöqsanların aradan qaldırılması üçün sahibkara maarifləndirici məlumatlar verilərək müddət müəyyən olunur”. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə AQTA rəsmisi ilə razılaşmır. Onun sözlərinə görə, Agentliyin yoxlamaları formal xarakter daşıyır, bu sahədə ciddi nöqsanlar var:

"Sizə maraqlı bir faktı açıqlayım. Yaxın günlərdə Neftçaladan bir nəfər bizə müraciət etmişdi. Bildirdi ki, toy mərasimində qonaqlara təqdim olunacaq kabab üçün əti özü alıb. Lakin restoran AQTA-nın icazəsi olmadan bu əti qəbul etməyib. AQTA isə əti yoxlamadan ona arayış verib. Yəni, bu yoxlamalar formal xarakter daşıyır. Bakıda hər səhər 50 mindən çox restoran və kafe fəaliyyətə başlayır. Sual verirəm ki, AQTA bunların hamısını necə yoxlaya bilər?! Mütləq ictimai nəzarət olmalıdır. Məsələn, bir layihə çərçivəsində restoranlardan birinin mətbəxində baş verənlər müştərilərə canlı olaraq göstərilirdi. Biz çalışrıq ki, bütün restoranlarda buna nail olaq”. 

Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov zəhərlənmənin səbəbini aşpazların bilgisizliyi ilə əlaqələndirib:

"Şadlıq evlərinə işləyən aşpazların sertifikatı olmalıdır. AQTA-ya bu barədə biz keçən ildən yazmışıq. Uşaq bağçalarında, məktəblərdə, restoranlarda işləyən aşpazlarımız sertifikasiyadan keçməlidir. Yemək bişirməyə küçədən adam tutub gətirirlər. Onlar da lazımi bilgiləri olmadığı üçün insan sağlamlığına böyük təhlükə yaradırlar. Bu zəhərlənmələrin əksəriyyəti aşpazların bilgisizliyindən əmələ gəlir". 

Tahir Əmiraslanov problemlə yanaşı həll yolunu da göstərib. O, çıxış yolunu yalnız və yalnız aşpazların maariflənməsində görüb və bunun üçün lazımi tədbirləri görməyə hazır olduqlarını, sadəcə AQTA-ya edilən müraciətlərindən cavab gözlədiklərini vurğulayıb.(redaktor.az)

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031