İqtİsadİyyat

Ətin ƏDV-dən azad olunması satış qiymətlərinə necə təsir edəcək?

Ətin ƏDV-dən azad olunması satış qiymətlərinə necə təsir edəcək?
Azərbaycanda heyvan ətinin satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, heyvan ətinin satışı 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad ediləcək.

Eyni zamanda, quş ətinin satışının ƏDV-dən azad edilməsi müddəti də artırılır. Hazırda qüvvədə olan qanuna görə, quş ətinin satışı 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib. Təklif quş ətinin satışının 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilməsini nəzərdə tutur.

Bu maddənin müddəaları kəsilmiş və dondurulmuş ətlər istisna olmaqla, emala məruz qalan heyvan ətinə münasibətdə şamil edilmir.

Qanun layihəsi Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib. 

Musavat.com-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, bu qərar xaricdən gətirilən ətin qiymətinin ucuzlaşmasına səbəb olacaq: "Burada idxal ətin qiymətindən söhbət gedir. Son vaxtlar ölkəyə kifayət qədər böyük həcmdə ət idxal olunurdu. Bu sahədə artım tempi yüksək idi. Ona görə də bu, idxal məhsullarına müəyyən dərəcədə təsir edəcək. Ancaq burada da spesifik bir xüsusiyyət var. Belə ki, idxal edilən ətin böyük bir qismi dövlət ehtiyacları üçün gətirilir. Bəzi hallarda isə xüsusi və bahalı restoranlar xaricdən ət sifariş edir. Onların qiymətinə təsir edəcək. Ancaq bizim aldığımız ət yerlidir. Vərdişlərimizə və ağız dadımıza uyğun olaraq əsasən yerli ət alırıq. Bu ətlərin də əksəriyyəti kiçik qəssabxanalarda satılır. Onlar da isə ƏDV ödəyicisi deyillər. ƏDV ödəyicisi olan marketlərdə satılan ətin qiyməti ucuzlaşa bilər. Məntiqlə indiki qiymətlərlə götürsək, marketlərdə satılan ətlər təqribən 1-1.5 manat ucuzlaşmalıdır. Təsir edəcək, yoxsa yox, bunu yaxın gələcəkdə görəcəyik”.

N.Cəfərli bildirib ki, yemin ƏDV-dən azad olunması ətin qiymətinə təsir edəcək faktordur: "Məncə bu, ətin qiymətinə daha ciddi təsir edəcək. Çünki son zamanlar texniki bitkilərin, əsasən da pambıqçılığın önə çıxması yem bazasının xeyli azalmasına səbəb olmuşdu. Nəticədə Azərbaycanda yemin qiyməti bahalaşmışdı. Ona görə də yemin də ƏDV-dən azad edilməsi, ətin qiymətinə daha pozitiv təsir göstərər və qiymətlər ucuzlaşa bilər”.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930