Sİyasət

Prezident: “İşğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxmalıdır”

Prezident: “İşğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxmalıdır”
"Bu, Sizin Azərbaycana ilk səfərinizdir. Əminəm ki, bu səfər Polşa-Azərbaycan əlaqələrinin inkişafına çox güclü təkan verəcək”.

Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Duda ilə sənədlərin imzalanmasından sonra mətbuata bəyanatında bildirib.

Dövlət başçısı Polşaya ilk rəsmi səfərini xatırladıb: "İki il bundan əvvəl biz Sizinlə Polşada görüşmüşdük və o görüş zamanı ikitərəfli əlaqələrimizin gələcək inkişafı haqqında fikir mübadiləsi aparmışdıq. Hesab edirəm ki, iki il ərzində biz böyük yol keçmişik və müxtəlif sahələr üzrə uğurlu əməkdaşlıq formatı yaradılıb. Xüsusilə Polşa və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, çox önəmli sənəddir və bizim əlaqələrimizin mahiyyətini əks etdirir. Biz doğrudan da strateji tərəfdaşıq. Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Yüksək səviyyəli qarşılıqlı səfərlər bunu əyani şəkildə təsdiqləyir. Bu gün müzakirə olunan mövzularla bağlı bizdə fikir ayrılığı yoxdur. Biz istəyirik ki, ikitərəfli əlaqələrimiz bütün sahələrdə inkişaf etsin”.

Prezident İlham Əliyev iqtisadi sahədə daha da fəal işləməyi zəruri sayıb: "Çünki ticarət dövriyyəsi hələ ki, o qədər də böyük deyil. Halbuki potensial var. Bu gün biz bu barədə də danışdıq və müəyyən etdik ki, növbəti mərhələdə biznes qurumlarının müntəzəm olaraq bir araya gəlməsi nəticəsində ticarət dövriyyəsi artmalıdır. Bu gün keçiriləcək biznes forum əlbəttə ki, buna nail olmaq üçün çox önəmli bir vasitədir. Bilirəm ki, forumun işinə həm Polşadan, həm Azərbaycandan çox böyük maraq var. Hesab edirəm ki, Polşa və Azərbaycan biznes dairələri bir-biri ilə sıx əlaqə quraraq, həm özləri, həm də ölkələrimiz üçün fayda gətirə bilərlər. Hesab edirəm ki, sərmayə qoyuluşu baxımından bizim aramızda heç bir fikir ayrılığı yoxdur. Biz qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı fəal işləməliyik və ölkəmizdə gözəl sərmayə iqlimi var. Ümid edirəm ki, Polşa şirkətləri bu imkanlara diqqətlə baxacaqlar. Eyni zamanda, Azərbaycan şirkətlərinə də tövsiyə edirəm Polşadakı imkanlara baxsınlar ki, bizim aramızda olan iqtisadi və ticarət əlaqələri daha da genişlənsin. Keçən il Polşada Azərbaycanın ticarət evi açılıb. Bu, kiçik də olsa, önəmli addımdır. Hesab edirəm ki, bundan sonra bu istiqamətdə daha böyük addımlar atılacaq”.

Dövlət başçısı polşalı həmkarı ilə bu gün keçirilən görüşdə nəqliyyat sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldığını qeyd edib: "Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkələrimiz üçün böyük önəm daşıyır. Azərbaycan bu sahədə öz işlərini görür. Mövcud nəqliyyat və logistika imkanları yeni bir vəziyyət yaradır. Yəni, Azərbaycan nəqliyyat mərkəzlərinin birinə çevrilir və əlbəttə, ərazimizdən keçən yüklərin həcmi də əminəm ki, artacaq. Energetika sahəsində əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılıb. Bu sahədə də böyük potensial, qarşılıqlı maraq var. Müvafiq qurumlar, bizim şirkətlərimiz bu məsələ ilə bağlı indi işləyirlər və danışıqları davam etdirirlər. Biz bu gün, eyni zamanda, digər sahələrdəki əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Kənd təsərrüfatı, turizm və digər sahələrdə yaxşı imkanlar var. Həm əldə edilmiş nailiyyətlər, həm də yeni imkanlar mövcuddur və biz bu imkanlardan istifadə etməliyik”.

Prezident İlham Əliyev Polşa Prezidenti ilə təkbətək görüş regional vəziyyətlə bağlı öz fikrimi bildirdiyini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdiyini söyləyib: "Bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. İşğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxmalıdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bunu həm tarixi ədalət tələb edir, həm də beynəlxalq hüquq tələb edir. Bir sözlə, səfərin uğurlu keçməsi artıq reallıqdır. Əminəm ki, səfərin ikinci hissəsində də əldə ediləcək razılaşmalar bizim ümumi ikitərəfli əməkdaşlığımıza çox böyük təkan verəcək, bu əməkdaşlıq inkişaf edəcək və biz bunu istəyirik. Səfərin uğurlu keçməsi artıq onu göstərir ki, hər iki tərəfdən çox güclü siyasi iradə var”.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031