No Image
No Image

Ombudsman beynəlxalq ictimaiyyətə müraciət etdi

Ombudsman beynəlxalq ictimaiyyətə müraciət etdi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 30 noyabr - Kimyəvi Müharibə Qurbanlarının Anım Günü ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib.

Ombudsman Aparatından Sfera.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"30 noyabr tarixi hər il dünya ictimaiyyəti tərəfindən Kimyəvi Müharibə Qurbanlarının Anım Günü kimi qeyd olunur. Bu gün "Kimyəvi silahların hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onların məhv edilməsi haqqında” 1992-ci il 30 noyabr tarixli Konvensiyanın iştirakçısı olan dövlətlərin Konfransının 30 noyabr 2015-ci il tarixində Niderlandın Haaqa şəhərində keçirilmiş 20-ci sessiyasının qərarı ilə elan edilmişdir.

Anım gününün əsas məqsədi kimyəvi müharibə qurbanlarına ehtiram göstərmək, həmçinin Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının kimyəvi silah təhlükəsinin aradan qaldırılması ilə bağlı öhdəliklərini təsdiqləmək, bununla da sülh, təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq məqsədlərini təbliğ etməkdən ibarətdir.

Kimyəvi silahların istifadəsini tamamilə qadağan etməyi və müvafiq nəzarət mexanizmini yaratmağı əsas məqsəd kimi qarşıya qoymuş Konvensiyanı ilk imzalayan ölkələrdən biri olan Azərbaycan Respublikası 1999-cu ilin 9 noyabr tarixində Milli Məclis tərəfindən qəbul edilmiş Qanuna əsasən həmin beynəlxalq sənədi ratifikasiya etmişdir. Bununla da ölkəmiz bu Konvensiyanın qüvvəyə minməsi ilə əlaqədar olaraq 1997-ci ilin 29 aprel tarixində təsis olunmuş Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının tam hüquqlu üzvü olmuşdur.
Bundan əlavə, Azərbaycan Respublikasında "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” 2020-ci il 8 may tarixli Qanun qəbul olunmuşdur.

Sülhün və bəşəriyyətin təhlükəsizliyinin, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi, ekoloji təhlükəsizliyin qorunması, o cümlədən ekoloji tarazlığın pozulmasının qarşısının alınması məqsədinə xidmət edən həmin Qanunda zəhərləyici təsirə malik maddələrin toksik xassələrinə əsaslanan kütləvi qırğın silahı olan kimyəvi silahın anlayışı ətraflı şəkildə öz əksini tapmışdır.

Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən kimyəvi silaha qarşı mübarizə sahəsində digər dövlətlərlə, onların müvafiq qurumları ilə, habelə kimyəvi silaha qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Təəssüflə qeyd etmək istəyirəm ki, 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrini, sosial, mədəni və strateji əhəmiyyətli obyektlərini qadağan olunmuş silahlardan istifadə edərək intensiv şəkildə atəşə tutmaqla müharibə cinayətlərini, sülh və insanlıq əleyhinə cinayətlərini davam etdirmişdir.

Aktiv döyüş əməliyyatları zonasından uzaq məsafədə yerləşən yaşayış məntəqələrini və hərbi əməliyyatların iştirakçısı olmayan mülki əhalini hədəf almaq, çoxsaylı dinc sakinləri, o cümlədən uşaq və qadınları qətlə yetirmək, tarixi, mədəni və dini abidələri, qəbiristanlıqları əməliyyat-taktiki ballistik raket kompleksindən və ağır artilleriya qurğularından istifadə etməklə atəşə tutmaq Ermənistanın törətdiyi cinayətlərin yalnız bir hissəsini təşkil edir.

Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü ilə əlaqədar 44 gün davam edən müharibə dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizin mülki əhalisinə qarşı fosfor tərkibli kimyəvi silahlardan dəfələrlə istifadə edilmişdir.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil əməliyyat qruplarının Azərbaycanın ərazisində apardığı əməliyyat-axtarış tədbirləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhaliyə və obyektlərə qarşı istifadə edilməsi beynəlxalq humanitar hüququn tələblərinə və prinsiplərinə görə qadağan edilmiş ağ fosfor (P-4) tərkibli mərmilər aşkar olunmuşdur.
Fosfor tərkibli kimyəvi silahların ən zəhərli növü hesab edilən sarıyaçalan ağ rəngli kristal maddədən ibarət ağ fosfor qaranlıqda göyümtül işıq saçaraq oksidləşir və xırdalanmış halda adi şəraitdə alovlanır. Ağ fosforun atmosferdəki oksigen ilə birləşməsi nəticəsində əmələ gələn yanğın zamanı temperatur +1000 dərəcəni keçir. Partlayış anında 200-400 metr radiusda yandırma qabiliyyəti olan fosforlu bombaların yaratmış olduğu təhlükə yalnız həmin ərazi ilə məhdudlaşmır, eyni zamanda su və hava vasitəsilə yayılaraq digər ölkələrə də mənfi təsir göstərə bilər.

Məlumdur ki, beynəlxalq sənədlər silahlı münaqişələrdə insan hüquqlarının qorunmasında vacib mexanizm kimi çıxış edir. Lakin təcavüzkar Ermənistan dövləti mülki əhalinin müharibələr dövründə qorunması ilə birbaşa bağlı olan bir çox beynəlxalq sənədlərin tələblərinə zidd olaraq Azərbaycana qarşı qadağan olunmuş silahlardan, o cümlədən kimyəvi silahlardan istifadə etmişdir.

Bu isə o deməkdir ki, təcavüzkar Ermənistan dövləti iştirakçısı olduğu Kimyəvi silahların hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onların məhv edilməsi haqqında Konvensiya ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş, bununla yanaşı, Quru müharibəsi qanunları və adətləri haqqında IV Haaqa Konvensiyasının, Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair IV Cenevrə Konvensiyasının və Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Cenevrə Konvensiyalarına I Əlavə Protokolun, Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa Konvensiyasının, ona Əlavə Protokolun, Fövqəladə hallarda və silahlı münaqişələr dövründə qadınların və uşaqların müdafiəsi haqqında Bəyannamənin, Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında Konvensiyanın, Uşaq hüquqları haqqında Konvensiyanın və insanlığın müdafiəsinə yönəldilmiş bir çox beynəlxalq müqavilələrin tələblərini kobudcasına pozmuşdur.

Qeyd olunan faktlara əsaslanaraq, 30 noyabr - Kimyəvi Müharibə Qurbanlarının Anım Günündə beynəlxalq ictimaiyyətə, o cümlədən kimyəvi silahların qadağan edilməsi sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlara müraciət edərək, Azərbaycan Respublikasının mülki əhalisinə qarşı qadağan olunmuş kimyəvi silahlardan istifadə edərək müharibə cinayətləri törətməklə onların fundamental hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına rəvac vermiş Ermənistan Respublikasına münasibətdə beynəlxalq hüquqi məsuliyyət müəyyən edən tədbirlər görməyə çağırırıq".

Qeyd edək ki, müraciət BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilmişdir.
 
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bayramov Fransanın dövlət katibi ilə görüşdü

Yanvarın 26-da Xarici İşlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məs...

Politoloq: "Ölkəmiz Njdenin abidəsini darmadağın etmək gücünə malikdir"

Ermənilər Ağdərədə faşist ideologiyasına xidmət edən Qaregin Njdenin heykəlini açmağa hazırlaşırlar. Sfera.az xəbər verir ki, bu barədə məlumat Telegram k...

AŞPA-nın Qarabağ qətnaməsinə XİN-dən – REAKSİYA

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq komitəsinin 2020-ci il üzrə hesabatında Qarabağla bağlı qəbul etdiyi qətnamədə Ermənistan və Azərbayca...

Ekspert yeni nazirdən danışdı: "Uzun müddət onun rəhbərlik etdiyi şöbə..."

Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz nəqliyyat, rabitə və yüksək texnol...

Prezidentin İşlər İdarəsinə hansı əmlaklar və təşkilatlar tabedir? - SİYAHI

Ramin Quluzadənin rəhbərlik edəcəyi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə tabe olan təşkilatlar var. Sfera.az həmin qurumların siyahısını ...

Faiq Quliyev yaponiyalı həmkarı ilə görüşdü

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev yaponiyalı həmkarı İmamura Akira ilə görüşüb. Sfera.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən...