No image
Sİyasət

ABŞ-ın Azərbaycanı etibarlı tərəfdaş hesab etməsi təbiidir

ABŞ-ın Azərbaycanı etibarlı tərəfdaş hesab etməsi təbiidir
 Prezident Donald Trampın Prezident İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə təbrik məktubunun məzmununda Azərbaycan-ABŞ əlaqələrinin, habelə bölgənin, regionun gələcəyi ilə bağlı taleyüklü nüanslar yer alıb.

Sfera.az xəbər verir ki, bu fikri azərtac-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat qeyd edib ki, Qafqaz kimi strateji bölgədə digər supergüclər kimi ABŞ da maraqlıdır. Birləşmiş Ştatlar öz maraqlarının təmini və müdafiəsi üçün təbii ki, Qafqazda strateji müttəfiqə və tərəfdaşa ehtiyac duyur. Strateji müttəfiqlik isə sözdə deyil, əməldə ifadə olunan meyardır. Azərbaycan istər ümummilli lider Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin hakimiyyətləri dövründə bütün dost ölkələrə münasibətdə etibarlı müttəfiq, iqtisadi və ticarət əməkdaşlığı üzrə dürüst tərəfdaş kimi dəfələrlə sınaqdan çıxmış bir dövlətdir. Habelə Azərbaycan Respublikasının bu günə qədər sərgilədiyi diplomatik mövqe ona gətirib çıxarıb ki, artıq dünyanın əks qütblərini təmsil edən, hətta zaman-zaman hərbi və iqtisadi hegemonluq naminə aqressiv hərbi-siyasi gedişlərdən çəkinməyən ABŞ, Rusiya, Avropa İttifaqı kimi güclər rəsmi Bakını bərabərhüquqlu tərəfdaş kimi qəbul edərək siyasi arenada onunla hesablaşır. Məhz bu meyarlar və beynəlxalq etimad imkan verib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı kimi institutlara sədrlik etsin, habelə qlobal təşəbbüslərdə əsaslı söz sahibi olsun. Azərbaycandan fərqli olaraq bölgənin digər dövləti - Ermənistanın müstəqilliyi sözdədir, ermənilərin suverenliyi ilə bağlı de-fakto fərqli vəziyyət hökm sürür və bu, beynəlxalq arenada hər kəsə aydındır. Rəsmi Bakının vəziyyəti isə fərqlidir. Ölkəmizin tam müstəqil siyasi gediş imkanları, toxunulmaz suverenliyi var ki, bu da ona daha çox nüfuz gətirir. Aprel döyüşləri Azərbaycanın ciddi hərbi imkanlarını ortaya çıxardı, bir çox dairələrin bizə münasibətində dönüşə səbəb oldu. Habelə Qərb üçün Azərbaycan İslam dünyasına qapıdır. Azərbaycan, eyni zamanda, yəhudi meyarı ilə İslam dünyası arasında əvəzsiz körpüdür. Təbii ki, Azərbaycanın bu amilləri strateji və taktiki nöqteyi-nəzərdən düzgün hesablamağı bacaran Prezidenti var. Belə olan halda, aydındır ki, ABŞ-a strateji əməkdaşlıq üçün məhz Azərbaycan variantı idealdır. Bu amillər sırasına Azərbaycanda vahid koordinasiyaya malik, güclü mərkəzi hakimiyyətin olması da xüsusi yer tutur. Azərbaycanda xalqın vahidliyini təcəssüm etdirən, dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısı, dövlətçiliyin varisliyini təmin edən güclü və nüfuzlu prezident hakimiyyəti var. Belə olan halda Azərbaycan dövləti adından verilən söz daha etibarlı hesab olunur. Bütün bunların fonunda etibarlı və güclü mərkəzi hakimiyyətlə əməkdaşlıq ABŞ üçün istisnasız ən qəbuledilən variantdır. Donald Trampın məktubunda "Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir” deməsinin kökündə də məhz bu amillər dayanır.

Deputat deyib ki, Trampın məktubunda diqqət çəkən digər məqam Birləşmiş Ştatların və Azərbaycanın beynəlxalq təhlükəsizliyi gücləndirməkdə əməkdaşlığı məsələsidir. Bəllidir ki, Birləşmiş Ştatlar dünyanın lider hərbi gücüdür. Lakin son yarıməsrlik proseslər onu göstərir ki, tərəfdaşsız bu gücün qalıcı təsir potensialı yoxdur. Ona görə də adı terror təşkilatçılığına qarışmayan, terror ixrac etməyən, bir əsrdən çoxdur ki, özü erməni terroruna məruz qaldığı üçün bu mübarizədə faktiki marağa malik, ABŞ və Şimali Atlantika Alyansı ilə yaxın keçmişin ən çətin dönəmlərində Kosovo, Əfqanıstan və İraqda terrorla mübarizədə şərəfli yol keçmiş, ciddi təcrübəyə malik Azərbaycana bu gün də beynəlxalq təhlükəsizliyin təmini qarantlarından biri kimi baxılması kifayət qədər təbiidir.

Bəhruz Məhərrəmov, həmçinin qeyd edib ki, informasiya inqilablarının yeni mərhələlərinə keçid başlansa da, dünyanın enerji asılılığı hələ çox illər davam edəcək və belə olan şəraitdə həm zəngin enerji resursları mənbəyi kimi Azərbaycanın rolu qalmaqda, hətta, eyni zamanda, Orta Asiya və yaxın Şərqdən Avropaya uzanan enerji ötürücülərinin ən stabil dəhlizi kimi ölkəmizin rolu daha da güclənməkdədir. Təsadüfi deyil ki, məhz bu amilləri rəhbər tutaraq ABŞ Prezidenti ölkəsinin Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirməsi prosesində Azərbaycanın mühüm töhfələrini dəyərləndirdiyini açıq formada bəyan edir.

Məktubda əsas diqqət yetirilməli olan məqamlardan biri də Azərbaycan Respublikasında demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına dəstəyin ifadə olunmasıdır. Məlumdur ki, son prezident seçkilərindən sonra andiçmə mərasimində Prezident İlham Əliyev Azərbaycanda islahatların anonsunu verdi. 2019-cu il əməli islahatlar ili oldu və bu islahatlar həm strukturlaşmada, həm idarəçilikdə, həm də bürokratik düşüncədəki yanaşmaları əhatələdi və bu proses hazırda da davam etməkdədir. Azərbaycan Prezidenti özünü xalqın birinci xidmətçisi hesab edir və bu ruhda aparılan kadr və struktur islahatları dövlət idarəetməsinin daha demokratik və vətəndaş üçün əlçatan hala gətirilməsinə xidmət edir. Prosesə mane olmaq istəyən, habelə islahatlar dövrünün tələbləri ilə ayaqlaşa bilməyən, korrupsiyaya bulaşmış şəxslərə qarşı radikal tədbirlər göz önündədir. Maraqlıdır ki, barələrində radikal addımlar atılmış şəxslərin əsas təqsirləndirildiyi əməllər məhz vətəndaşların hüquq və azadlıqlarının, daha dəqiq desək, mülkiyyət və əlaqəli hüquq və azadlıqların pozulması halları ilə bağlıdır. Trampın məktubunda demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bu islahatlara dəstəyini ifadə etməsi, Qərbdən kömək gözləyən, yaxud Qərbin adından bəyanatlar verən bəzi dairələrin bütün xəyallarını alt-üst etmiş oldu.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930