Cəmİyyət

Ali Məhkəmədən erməni terroru ilə bağlı bəyanat

Ali Məhkəmədən erməni terroru ilə bağlı bəyanat
Azərbaycan Respublikasının Ali Məhkəməsi Ermənistan ordusunun dinc əhalini hədəfə alması nəticəsində mülki şəxslərin həlak olması və xəsarət alması ilə bağlı bəyanat yayıb.

Ali Məhkəmənin mətbuat xidmətindən Sfera.az-a daxil olan bəyanatda qeyd olunub ki, Ermənistanın silahlı birləşmələri oktyabrın 17-də gecə saatlarında öz ərazilərindən fəal hərbi zonadan təxminən 100 kilometr aralıda yerləşən, Azərbaycanın sıx məskunlaşmış əhalisi olan ikinci böyük şəhərinə - tarixi Gəncəyə yenidən raket zərbəsi endirib. Azərbaycanın mülki əhalisinə qarşı törədilən terror aktları nəticəsində 5-i uşaq olmaqla 15 mülki şəxs həlak olub, 57 nəfərdən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İnsan itkisi ilə yanaşı, mülki infrastruktura ciddi şəkildə ziyan dəyib.

Azərbaycan hökuməti silahlı qüvvələrin mülki şəxslərə hücum etməsinə və mülki insanlara zərər vuran hücumlara qarşı mütləq bir qadağaya riayət etməsini tələb edən beynəlxalq humanitar hüququn əsas prinsipinə həmişə əməl etdiyini bildirir. Azərbaycan Silahlı Qüvvələri mülki əhaliyə qarşı deyil, əksinə, döyüş meydanında düşmənin hərbi hədəflərinə ciddi zərbələr endirmək öhdəliklərini bir daha təsdiqləyir.

Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon üzərindəki beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun olaraq özünümüdafiə hüququnun həyata keçirilməsi nəticəsində son həftələrdə Azərbaycanın Silahlı Qüvvələri Cəbrayıl, Füzuli və Zəngilan şəhərləri də daxil olmaqla, bir sıra şəhər və qəsəbələri erməni işğalından azad edib.

"Beynəlxalq ictimaiyyəti Gəncə şəhərinə və Azərbaycanın digər yaşayış məntəqələrinə qarşı törədilən terror aktlarını qətiyyətlə pisləməyə çağırırıq. İnsanlığa qarşı bu dəhşətli cinayətləri, o cümlədən 1992-ci ilin fevralında Xocalı şəhərində Azərbaycanın mülki əhalisinə qarşı misli görünməmiş soyqırımı törədənlər dərhal tutulmalı və ədalət mühakiməsinə cəlb olunmalıdırlar.

Ərazi bütövlüyünü bərpa etmək, Dağlıq Qarabağ və ona bitişik rayonları Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan və Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinin müddəalarını həyata keçirən Azərbaycan hökumətinin səylərini dəstəkləyirik”, - deyə bəyanatda qeyd olunur.

Bəyanatı Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev imzalayıb.

XƏBƏR LENTİ

«    Dekabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031