Cəmİyyət

Avtobusa necə minib, necə düşməli?

Avtobusa necə minib, necə düşməli?
 Bəlkə də başlığı oxuyanda çoxları bu mövzuda niyə yazdığımız barədə bizi qınaya bilər.

Axı bu nə qədər böyük bir məsələdir ki, haqqında ayrıca yazı yazmaq lazımdır? Amma bir qədər tələsmədən sona kimi oxumağınızı tövsiyə edirik.

"Əhəmiyyətsiz” qırmızı xətt...

Bu yaxınlara Koroğlu Mübadilə Mərkəzində dezinfeksiya işləri ilə tanış olarkən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevlə aramızda keçən bir dialoq bu mövzuya toxunmağıma səbəb oldu. Təmizliyi və səliqəsini aylardır qoruyan Mübadilə Mərkəzi haqqında verdiyim suala Mais Ağayevin cavabı məni qayğılandırdı.

BNA rəsmisinin sözlərinə görə, neçə müddətdir ki, insanları avtobusa minən zaman təhlükəsizlik üçün çəkilmiş qırmızı xətti keçməməyə öyrəşdirməyə çalışırlar. Həqiqətən də dayanacaqların önündə bu cür xətlər var və hətta "xətti keçmə!” sözü də yerə iri hərflərlə yazılıb.

Amma...

Təəssüf ki, dayanacaqlar, avtobuslar dəyişsə də, insanların təfəkkür tərzi hələ ki, tam dəyişməyib. Bu da təbiidir. Çünki illərdir öyrəşdiyimiz bir vərdişi tərgitmək vaxt ala bilər. Amma mümkünsüz deyil.

Çəkilən o qırmızı xətt bəlkə də bizim üçün hazırda əhəmiyyətsiz görünə bilər. Lakin bu, bizim təhlükəsizliyimiz, həyatımız üçün çox böyük önəm daşıyır.

Müasir avtobusların kandarı çox aşağıdır. Yəni insanların rahat şəkildə minib-düşməsi üçün hesablanıb. Avtobus dayanacaqda elə dayanır ki, sərnişin rahat şəkildə ayağını atıb avtobusa minə bilsin. Amma biz həmin xətti keçəndə nə baş verə bilər? Sürücü həmişəki kimi dayanacağa girə və bizi vura bilər. Yaxud avtobusla perron arasında yaranan məsafə yaşlı insanların avtobusa minməsini çətinləşdirər. Çünki perron və avtobusun kandarı elə hesablanıb ki, dayananda paralellik təşkil etsin.

Tarixə qovuşmaq üzrə olan sözlər...

Avtobus parkının yenilənməsi və kart sisteminin tətbiqi ilə sərnişinlərin əvvəllər tez-tez istifadə etdiyi bəzi sözlər artıq tarixə qovuşmaq üzrədir. Yəqin ki, bu ilin sonuna qədər bütün avtobuslar kart sisteminə keçdikdən sonra bu sözlər birdəfəlik tarixə qovuşacaq. Artıq dayanacaqdan kənarda saxlamaq məsələsi demək olar ki, tam həllini tapıb. Yəni sürücüyə "qabaqda saxlayarsan” sözü tarixə qovuşub. Eyni zamanda "bir nəfər çıxarsan”, "qonşu, düşərsən vermişəm”, "arxa qapını da aç” kimi sözlər də kart sistemi tətbiq olunan avtobuslarda artıq istifadə olunmur. Lakin bununla bərabər "kimdə kart var, vursun” ifadəsi leksikonumuza daxil olub.

Maraqlıdır ki, həm daimi, həm məhdud istifadə olunan kartlar olsa da, demək olar ki, əksər dayanacaqlarda kartların doldurulması üçün aparatlar quraşdırılsa da, bəzi sərnişinlər hələ də kart əldə etməyib. Təbii ki, yuxarıda qeyd etdiyimiz sözlər müvəqqəti olaraq leksikona daxil olub. Çünki kart sistemi tam tətbiq olunduqdan sonra artıq bu sözlərə ehtiyac da qalmayacaq.

Avtobusdan düşən zaman sağa, yoxsa sola getməli?

Yeni avtobuslarda ön qapı daxil olmaq, arxa qapılar isə avtobusdan düşmək üçün nəzərdə tutulub. Ödənişi isə avtobusa minən zaman etdiyimizə görə, önə gəlməyə ehtiyac olmur. Amma avtobusdan düşməyin özü də bir ayrıca məsələdir. Yəni avtobusdan düşən zaman sağa, yoxsa sola hərəkət etməliyik?

Qaydalar deyir ki, avtobusdan düşən zaman arxa tərəfə doğru hərəkət etmək lazımdır. Çünki istiqamət olaraq gələn digər avtomobillər həm sərnişini görsün, həm də piyadalar avtomobilləri görə bilsinlər. Əgər avtobusun ön tərəfinə doğru hərəkət etsən təbii ki, digər sürücülər bizi görməyə bilər. Məhz bu səbəbdən də yeni avtobuslarda ön qapıdan deyil, məhz arxa qapıdan düşmək nəzərdə tutulub. Odur ki, bu məsələdə də diqqətli olmaq lazımdır. Diqqət etsək, görərik ki, piyada keçidləri də məhz avtobus dayanacağından arxa tərəfdə qoyulur. Təbii ki, bəzi yerlərdə bu uyğunsuzluqlar ola bilər. Yəqin ki, bunlar da aradan qaldırılar.

Artıq yeni sistemə öyrəşməyə çalışaq...

Zaman dəyişir. Sistemlər dəyişir, yeniliklər gəlir. Təfəkkürümüzü də bu yeniliklərə uyğunlaşdırmağımız lazımdır. Əks halda bu, bizim həyatımız bahasına başa gələ bilər. Ən əsası leksikondan "əvvəllər belə idi, həmişə belə olub” kimi sözləri çıxarıb "indi necədir” sualını özümüzə verək və öyrənək.


XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930