Azərbaycan üçün daha bir hərbi-siyasi müttəfiq: Pakistanla bağlı Hacı Zeynalabdin Tağıyev faktoru...

Azərbaycan üçün daha bir hərbi-siyasi müttəfiq: Pakistanla bağlı Hacı Zeynalabdin Tağıyev faktoru...
 Azərbaycan-Türkiyə hərbi-siyasi ittifaqına Pakistanın da qatıla biləcəyi istisna deyil... Əgər, bu, baş verərsə, Azərbaycanın Cənubi Qafqazda şəriksiz hegemon dövlətə çevrilmə şansları daha da arta bilər...

Cənubi Qafqaz regionunda artıq yeni situasiya yaranıb. Bu situasiya özündən əvvəlki geopolitik şərtləri birmənalı şəkildə inkar edir. Yəni, əvvəllər mövcud olmuş geopolitik şərtlər artıq öz təsirini tamamilə itirmək üzrədir.

Düzdür, bəzi geopolitik faktorlar hələ də öz aktuallığını formal da olsa, qoruyub, saxlamaqdadır. Ancaq regional siyasətin məzmun və istiqamətləri həmin faktorların da reallıqda əhəmiyyətini itirə biləcəyini vəd edir.

Məsələ ondadır ki, Rusiya adətən, Cənubi Qafqazda şəriksiz hegemon dövlət kimi aparmağa üstünlük verirdi. Və Kremlin bu hegemonluğunu dəstəkləyən bir sıra önəmli amillər, mexanizmlər mövcud idi.
 
 
Təbii ki, bu hegemonluq mexanizmləri sırasında Ermənistan xüsusi yer tuturdu. Kreml Rusiyanın forpostu olan Ermənistanı həmişə Cənubi Qafqazda regional jandarm statusunda saxlamağa çalışırdı. Və Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu da bu baxımdan, yardımçı mexanizm kimi önəm daşıyırdı.

Ancaq son dövrlərdə Cənubi Qafqazda oyun qaydaları ciddi şəkildə dəyişməyə başlayıb. Artıq bu region yenidən dizayn olunmaq üzrədir. Yeni regional dizayndasa, bir çox şeylərin əvvəlki kimi olmayacağı artıq heç kəsdə şübhə doğurmur.

Birincisi, Azərbaycan maliyyə-iqtisadi cəhətdən əhəmiyyətli inkişaf edib. Bu inkişaf Azərbaycana öz hərbi qüdrətini möhkəmləndirmək imkanları verib. Rəsmi Bakı isə bu imkanlardan maksimum səviyyədə yararlanıb. Və nəticədə Azərbaycan Cənubi Qafqazın şəriksiz lider dövlətinə çevrilib.

Belə anlaşılır ki, regionda qüvvələr nisbəti ciddi şəkildə dəyişib. Yəni, Azərbaycanın inkişaf edərək, həm maliyyə-iqtisadi, həm də hərbi cəhətdən güclənməsi Ermənistana həvalə olunmuş regional jandarm statusunun ümumiyyətlə, ləğv olunmasına yol açıb. Bununla da, Ermənistan təhdid edən "dövlət”dən özünü qorumaq barədə düşünmək məcburiyyətində qalan ölkəyə çevrilib.
 
 
Şübhəsiz ki, bu situasiya Rusiyanın şəriksiz regional hegemonluğunu da şübhə altına salıb. İndi bu hegemonluq sadəcə, formal xarakter daşıyır. Və ən xırda "geopoltik zəlzələ”də ümumiyyətlə, əhəmiyyətini tamamilə itirərək, gündəmdən birdəfəlik çıxarıla bilər.

Təbii ki, Cənubi Qafqazın bu qədər sürətlə və effektiv şəkildə yenidən dizayn olunma mərhələsinə qədəm qoymasında birmənalı olaraq, Türkiyə faktorunun inkaredilməz rolu var. Belə ki, rəsmi Ankara Azərbaycan-Ermənistan münaqişəsinə münasibətdə birmənalı və açıq mövqedən çıxış etməsi ən önəmli geopolitik faktoru arxa plana keçirtməyə başlayıb.

İndiyə qədər Ermənistan Rusiyanın səhnəarxası dəstəyinə güvənərək, özünü arxayın və aqressiv apara bilirdi. Türkiyənin Azərbaycana açıq dəstəyi, hətta hərbi əməliyyatlarda birbaşa iştirak edə biləcəyinə yönəlik mövqeyi Rusiyanın Ermənistana səhnəarxası himayəsini təsirdən salmış oldu.

Türkiyənin Azərbaycana açıq dəstəyinin iki qardaş ölkə arasında hərbi müttəfiqliyə qədər inkişaf etdirilməsi isə ümumiyyətlə, Cənubi Qafqazın gələcək taleyi üçün yeni perspektivlər açdı. Belə ki, artıq Cənubi Qafqazda cərəyan edən proseslərin istiqamətlərinin müəyyənıəşdirilməsində Azərbaycan-Türkiyə hərbi ittifaqının müstəsna rolu mövcuddur. Yəni, son Azərbaycan-Türkiyə hərbi təlimlərindən sonra bu hərbi-siyasi ittifaq regionda əsas geopolitik iradə sahibinə çevrilib.
 
 
Ancaq Azərbaycanın müttəfiq potensilaı yalnız bununla məhdudlaşmır. Belə ki, Azərbaycanın Pakistanla da dostlıq və qardaşlıq münasibətləri mövcuddur. Pakistan hazırda Azərbaycan üçün az qala Türkiyə qədər təbii müttəfiq durumunda olan dövlətdir. Sadəcə, bu təbii müttəfiqliyi hərbi-siyasi cəhətdən rəsmiləşdirərək, daha da inkişaf etdirməyə ehtiyac var.

Onu da qeyd edək ki, Pakistan Azərbaycanın dövlət müstəqilliyini Türkiyə və Rumınıyadan sonra tanıyan üçüncü dövlətdir. Bir önəmli məqam da ondan ibarətdir ki, Pakistan hələ də Ermənistanın müstəqilliyini tanımayıb və diplomatik münasibətlər qurmayıb.

Pakistan dünyanın nüvə klubuna daxil olan yeganə müsəlman ölkəsidir. Bu qardaş ölkə olduqca güclü hərbi-sənaye kompleksinə sahibdir. Pakistanın istehsal etdiyi silah-sursata dünyada böyük təlabatın olması, bu ölkəni Azərbaycan üçün daha da cəlbedici edir.

Üstəlik, rəsmi İslamabad Azərbaycan ordusu üçün silah tədarükü edə biləcəyini dəfələrlə bəyanlayıb. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da Azərbaycana istənilən dəstəyi verməyə hazır olduğunu da birmənalı şəkildə vurğulayıb. Hətta aprel döyüşləri gedən zaman mediada Pakistanın 100 minlik ordusunun döyüş hazırlığı vəziyyətinə gətirildiyi barədə məlumatlar da yayılmışdı.
 
 
Amma Pakistanın Azərbaycana belə isti münasibətinin əsas səbəbləri sadəcə, müasir dövrdə qurulmuş ikitərəfli əlaqələrlə məhdudlaşmır. Belə ki, bu münasibətlərin tarixi təməli də mövcuddur. Və bu təməl Azərbaycan xalqının böyük oğlu, tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən atılıb. Yəni, bu dahi şəxsiyyətin Pakistan xalqına etdiyi tarixi yaxşılıq iki ölkə və xalq arasında qardaşlıq münasibəti yaradıb.

Məsələ ondadır ki, XX əsrin əvvəllərində Pakistan ərazisi Böyük Britaniya müstəmləkəsi olub. Həmin dövrdə yerli əhali arasında kütləvi pandemiya yayılıb. Müstəmləkəçilər isə yerli əhalinin kütləvi şəkildə ağır yoluxucu xəstəliyin qurbanına çevrilməsinə heç bir əhəmiyyət verməyiblər.

Belə vəziyyətdə Pakistan xalqının yardımına məhz azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev çatıb. Belə ki, Hacı Zeynalabdin Tağıyev öz şəxsi vəsaiti hesabına 300 min ampula peyvənd alıb və indiki Pakistan ərazisinə göndərib. Bununla da pandemiyanın qarşısı tamamilə alınıb.

Təbii ki, Pakistan xalqı Hacı Zeynalabdin Tağıyevin bu xeyirxahlığını heç vaxt unutmayıb. Pakistan 1947-ci ildə müstəqillik əldə etdikdən sonra Hacı Zeynalabdin Tağıyevin xeyirxahlığı ilə bağlı faktlar hətta tarix dərsliklərinə belə, daxil edilib.
 
 
Ona görə də, hazırda 200 milyonluq Pakistan dövləti və xalqı Hacı Zeynalabdin Tagıyevi ehtiramla xatırlamaqla yanaşı, həm də Azərbaycanı dost və qardaş ölkə hesab edir. Bu isə Azərbaycan üçün tarixi təməlləri olan təbii müttəfiqlik perspektivləri açır.

Maraqlıdır ki, Azərbaycan-Türkiyə hərbi-siyasi ittifaqına Pakistanın da qatıla biləcəyi qətiyyən istisna edilmir. Hesab olunur ki, yaxın gələcəkdə Azərbaycan-Türkiyə-Pakistan hərbi-siyasi ittifaqının formalaşdırılması mümkün olarsa, bir çox şeylərə yenidən yön vermək imkanları açıla bilər. Hətta bu hərbi-siyasi ittifaqın beynəlxalq siyasət məkanında belə, öz iradəsini ön plana çıxartmasının mümkünlü istisna olunmur.

Göründüyü kimi, Azərbaycanın öz müttəfiqlərinin sırasını genişləndirmək potensialını qətiyyən məhdud deyil. Bu imkanlardan maksimum səviyyədə istifadə olunarsa, Azərbaycanın Cənubi Qafqazda şəriksiz hegemon dövlətə çevrilmə şansları daha da arta bilər.
 
(musavat.com)

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031