Cəmİyyət

“Azərbaycan xalqı ümumi təhlükə qarşısında birləşməyi bacarır” - Elnur Allahverdiyev

“Azərbaycan xalqı ümumi təhlükə qarşısında birləşməyi bacarır” - Elnur Allahverdiyev
 

"İyulun 15-də Azərbaycanın 43 siyasi partiyası tərəfindən dövlətə və Ali Baş Komandana Ermənistanla müharibədə dəstək ifadə edən bəyanatın imzalanması müasir tariximizdə milli birlik və həmrəylik istiqamətində atılmış çox mühüm addımdır. Hesab edirəm ki, bu, bizim düşmənlərimizə, onların ölkəmizin daxilindəki sabitliyi pozub xaos yaratmaq niyyətində olan əlaltılarına ünvanlanmış ciddi mesajdır. Siyasi təşkilatlar bu bəyanatla bir daha nümayiş etdirdilər ki, Azərbaycan xalqı ümumi təhlükə qarşısında birləşməyi bacarır və siyasi təşkilatlar düşmənlə mübarizədə vahid cəbhədən çıxış etməyə hazırdır”.

Bu sözləri Unikal.org-a Ermənistanla sərhəddə yaşanan hərbi gərginlik fonunda ölkənin siyasi partiyalarının imzaladıqları bəyanatı şərh edərkən Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib. 

Millət vəkilinin sözlərinə görə, xarici düşmən qarşısında milli birlik hərbi potensial qədər vacib amildir. Heç bir dövlət daxilindəki vətəndaş qarşıdurması, fikir ayrılığı, hərc-mərclik şəraitində düşmənlə mübarizədə uğura imza ata bilməz. "Biz bunun şahidi olmuşuq. Ötən əsrin 90-cı illərinin əvvəlində öncə erməni separatizmi, sonra Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı hərbi təcavüzü fonunda Azərbaycanın daxilində hökm sürən qərarsızlıq, ikitirəlik, xaos torpaqlarımızın işğalında başlıca rol oynadı. Hətta mən deyərdim ki, milli birliyin olmaması hərbi təcavüzdən daha ağrılı fəsadlarla nəticələndi” – deyən deputatın sözlərinə görə, Azərbaycanın torpaqlarının itirilməsi paytaxt Bakıda hansısa qarşıdurma, siyasi hakimiyyəti ələ keçirmə və siyasi nüfuz uğrunda haqq-hesabın çürüdülməsi reallığında baş verib. Dövlətin vahid hərbi idarəçiliyinin yoxluğunda o vaxtkı siyasi partiyaların hər birinin hərbi birləşmələri fəaliyyət göstərirdi və vahid komandanlığa tabe deyildilər. Bu da təbii ki, cəbhədə işğalçılar qarşısında ağır itkilər verməyimizə səbəb olurdu. 

"Hər birimiz xatırlayırıq, kimin hansısa siyasi niyyəti reallaşdırmaq istəyi yaranırdısa, cəbhədəki hərbi birləşməsini dəstək üçün Bakıya çəkirdi. Ermənilər də bundan yararlanırdılar, boş qalmış mövqelərimizi tutur, kənd və rayonlarımızın işğalı üçün əlverişli üstünlük qazanırdılar. Qarabağımız və ətraf rayonlarımızın itirilməsinin ən vacib səbəblərindən biri məhz budur” – deyə millət vəkili vurğulayıb. E.Allahverdiyev hesab edir ki, vətəndaş həmrəyliyinin olmaması düşmən təcavüzü ilə yanaşı onun xüsusi xidmət orqanlarının rahat fəaliyyəti üçün zəmindir. Bir ölkədə təxribatlar törətmək istəyirsənsə, orada ilk növbədə milli birliyi sarsıltmağa, vətəndaş qarşıdurmasına nail olmalısan: "Yaşadığımız dövr informasiya əsridir. Düşmən təxribatı texnologiya sahəsinə "köçüb”. Hər birimizin istifadə etdiyi rəqəmsal texnoloji məhsullar düşmən üçün praktiki təxribat üçün münbit platformadır ki, biz bunu son günlər bir daha gördük. Şükürlər olsun ki, dövlətimizin bu növ düşmən fəaliyyəti ilə mübarizə aparmaq üçün hər cür imkanı var. İndi təsəvvür edin ki, 30 il bundan qabaq düşmənin əl atdığı təxribat tədbirləri ilə mübarizə aparmaq üçün əlverişli zəmin yox idi. İctimai-siyasi xaos, siyasi təşkilatların bir-biriləri ilə konfrantasiyası. Belə bir reallıqda düşmənin kəşfiyyat aparatı özünün şaxələnmiş şəbəkəsi, xaos və qorxu yaratmaq mexanizmləri ilə istəyinə nail olurdu. Bütün bunlar milli birliyin olmaması reallığında baş verirdi”.

E.Allahverdiyevin sözlərinə görə, xalqımız Ermənistanla son hərbi qarşıdurmada hərbi qələbə ilə yanaşı siyasi uğura da imza atdı. Lazımi anda birləşmək bacarığını, düşmənə qarşı gücünü göstərmək potensialını nümayiş etdirdi. "Heç kimin şübhəsi olmasın: Azərbaycan ordusunun ağır zərbələri və olkəmizin hər bir guşəsində xalqın, gənclərin küçələrə çıxıb dövlətlə həmrəylik, Ali Baş Komandana dəstək ifadə etməsindən düşmən ölkədə lazımi nəticəni çıxarıblar. Məncə, son hadisələr 2016-cı ilin aprel döyüşlərindən sonra daha bir hərbi zərbə almış Ermənistanın daxili siyasi  müstəvisində öz təsirini göstərəcək. Hazırda düşmən ölkədə dərin ictimai-siyasi ziddiyyətlər hökm sürür. Siyasi qüvvələrin bir-biriləri ilə münasibətləri nifrət həddinə çatıb. Qarşılıqlı etimadsızlıq erməni cəmiyyətinə dərin kök salıb. Yaxın günlərdə aprel döyüşlərinin məğlubları bir vaxtlar onları hakimiyyətdən uzaqlaşdıran hazırki iqtidarı iyul uğursuzluqlarına görə divara dirəyəcəklər. Ermənistanın bir dövlət kimi gələcəyi çox qaranlıqdır. İqtisadiyyat yox səviyyəsindədir, hərbi məğlubiyyətlər bir-birini əvəzləyir, alternativ çıxış yolunu təklif edən və reallaşdıran siyasi qüvvə yoxdur” – deyən deputat hesab edir ki, bütün bunların üstünə Ermənistanın beynəlxalq aləmdə dəstəksiz qalmasını da əlavə etmək lazımdır: "Bu ölkə və xalq özünün işğalçılıq əməllərindən geri çəkilməyincə dövlətin böhranı və deqradasiyası daha da dərinləşəcək”. 


XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31