AKTUAL

Azərbaycanın səhiyyə üzrə milli strategiyası Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanın səhiyyə üzrə milli strategiyası Heydər Əliyevin adı ilə bağlıdır
 Bu günlər bütün Azərbaycan xalqı milli qürur hissi ilə ölkə üçün əlamətdar olan tarixi bir hadisəni - planetin bütün azərbaycanlıları tərəfindən ümummilli lider kimi qəbul edilən, özünün ən ləyaqətli oğullarından biri olan Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünü minnətdarlıq və qürurla qeyd edir.

Heydər Əliyev şəxsiyyəti əlçatmaz dağ zirvəsi qədər ucadır və biz hamımız bu zirvənin, bu ucalığın fərqindəyik. Öz milli mənliyinə qiymət verən hər bir azərbaycanlı çox gözəl bilir ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində Azərbaycan xalqının, Azərbaycan torpağının adını və şöhrətini bütün Sovet İttifaqında və həmçinin dünyada yüksək zirvələrə qaldırmış, onu geniş surətdə tanıtmışdır.

Xarakteri, qayğısı və qətiyyəti ilə uca olan Heydər Əliyev öz mənalı ömrü ilə xeyirxah əməlləri, xalqa inamı və məhəbbətilə Azərbaycanın həyatında yeni bir era açmışdır. 1969-cu ildən Azərbaycanda başlayan Heydər Əliyev erası ölkəmizin əsl intibah dövrü oldu. Bu dövrdə respublikada bütün sahələr qısa müddətdə sürətlə inkişaf etməyə başladı. Ölkənin hər yerində - şəhər, rayon və kəndlərində yenilik, quruculuq ab- havası özünü göstərdi. Keçən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq Azərbaycanda xalq təsərrüfatının bütün sahələrində, elm və təhsildə, mədəniyyət və incəsənətdə, o cümlədən səhiyyədə coşqun tərəqqi dövrü başlandı.

Həyatını bütünlüklə xalqına həsr etmiş, onun qayğı və problemləri ilə yaşayan bu böyük insan yeni və iqtisadi cəhətdən müstəqil Azərbaycan dövlətinin quruculuğu, onun daxili və xarici düşmənlərdən müdafiəsi ilə bağlı problemlərin təxirəsalınmaz həllini tələb edən son dərəcə böyük bir yükə baxmayaraq, bir an belə olsun, xalqının sağlamlığı və onu hərtərəfli mühafizəsini təmin etmək kimi zəruriyyəti unutmurdu.

Otuz ildən artıq bir müddət ərzində, hələ ölkəmizi idarə etdiyi və keçmiş Sovet İttifaqında yüksək rəhbər vəzifədə olduğu zaman H.Ə.Əliyev daim Azərbaycan xalqının tibbi təminatı ilə bağlı böyük qayğı göstərmiş və ölkəmizdə səhiyyə sisteminin müntəzəm olaraq yaxşılaşmasının təminatı üçün böyük səy göstərmişdir.

Onun respublikamızın səhiyyə quruculuğunda qarşıya qoyduğu tədbirlər kompleksinə səhiyyə-sağlamlıq ocaqlarının abadlaşdırılması və yenilərinin tikintisi, əhalinin kütləvi şəkildə dispanser qeydiyyatından keçirilməsi, tibbi profilli elmi-tədqiqat institutları, elmi-tədqiqat laboratoriyaları, respublika tibb işçilərinin nəzəri-təcrübi nailiyyətlərinin səmərəliliyini təmin etmək üçün səhiyyənin müxtəlif sahələri üzrə qurultay və konfransların keçirilməsi xüsusi önəm daşıyırdı. Bu kateqoriyaya yüksək ixtisaslı həkim və alim kadrların hazırlanması, səhiyyənin müasir inkişaf proqramına uyğun yeni elmi-təcrübi mərkəzlərin açılması, respublikada profilaktiki təbabətin tələblərinə uyğun sanatoriya-kurort şəbəkələrinin genişləndirilməsi və digər mühüm məsələlər də daxil idi.

Bu proqram bu gün də uğurla davam etdirilməkdədir. Milli səhiyyəmizin bərpasına, yeni inkişaf mərhələsi strategiyasının qurucu, yaradıcı və mütəşəkkil prinsiplərinə əsaslanan Heydər Əliyev proqramı öz aktuallığını daim qoruyub saxlayır və zaman-zaman tərəqqi edir.

1972-82-ci illərdə şəhər və rayonlarda fəaliyyət göstərən xəstəxana və poliklinikaların, dispanser və tibb məntəqələrinin yarıdan çoxu yeni binalarla təmin edildi. Uroloji xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımız üçün əvəzsiz bir töhfə - klinik Uroloji xəstəxana istifadəyə verildi. Neyrocərrahiyyə Mərkəzi, Diaqnostik Mərkəz, Toksikoloji Mərkəz, Yanıq Mərkəzi, Əlillərin Reabilitasiya Mərkəzi və digər müasir tipli müəssisələr fəaliyyətə başladı. Elmi-tədqiqat Oftalmologiya, Elmi-tədqiqat Onkologiya institutları üçün yeni binaların inşasına başlandı. Istisu, Qala-Altı, Naftalan, Günəşli, Abşeron, Qızıl-Qum, Bilgəh və s. kurort və sanatoriyalarda bərpa işləri aparıldı, onların müxtəlif xəstəliklər üzrə müalicə profilləri genişləndirildi.

Azərbaycan səhiyyəsinin tarixində xalqımızın adlı-sanlı, görkəmli tibb işçiləri çox olmuşdur. Lakin onların gördüyü işlər vaxtında lazımınca qiymətləndirilməmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında Böyükxanım Əliyeva, Zəhra Qazıyeva, Şamama Ələsgərova, Mustafa Topçubaşov kimi alim həkimlərimiz səhiyyə tariximizdə ilk dəfə olaraq ən yüksək mükafata - Sosialist Əməyi Qəhrəmanı, yüzlərlə həkim "Əməkdar həkim”, "Səhiyyə əlaçısı”, "Əməkdar səhiyyə işçisi” kimi fəxri adlara layiq görüldülər. Beynəlxalq miqyasda xalqımızı və elmimizi təmsil edən Nəriman Nərimanov, Mirəsədulla Mirqasımov, Əziz Əliyev, Vəli Axundov, Mustafa Topçubaşov kimi neçə-neçə səhiyyə fədailərimizin dövlət səviyyəsində yubileyləri qeyd olundu.

Milli səhiyyəmizin tərəqqisində Heydər Əliyevin qayğısı bir an belə səngiməmiş, özünü bütün istiqamətlərdə qabarıq şəkildə göstərmişdir. Onun Respublikamızın sosial inkişafında səhiyyə işçilərinin rolunu yüksək qiymətləndirərək "Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında” 4 iyun 2001-ci ildə imzaladığı sərəncam Azərbaycan səhiyyəsinə, onun çoxminli ordusuna verdiyi ən yüksək qiymətdir. Məhz həmin sərəncama əsasən hər ilin 17 iyun tarixi Azərbaycan Respublikası tibb işçilərinin Peşə Bayramı Günü kimi yüksək səviyyədə qeyd olunur.

Səhiyyənin inkişafının prioritet istiqamətlərini düzgün qiymətləndirən Heydər Əliyev çox gözəl başa düşürdü ki,bu strukturun ən ağır sahələrindən biri onkologiyadır. Ona görə də Ulu öndər Azərbaycanda məhz bu sahənin inkişafına xüsusi diqqət ayırmışdır.

Səhiyyənin təşkili probleminə yaxından bələd olan Heydər Əliyev Azərbaycanda Elmi-Klinik Onkoloji Mərkəzin yaradılması üçün çox böyük əmək sərf etmişdir.

O, keçmiş SSRİ-nin Nazirlər Soveti sədrinin birinci müavini olarkən şəxsi təşəbbüsü ilə Bakı şəhərində Respublika Onkoloji Elmi Mərkəzi üçün yeni korpuslar kompleksinin tikinti layihəsinin təsdiqinə nail olmuşdu.

Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə ölkənin idarəçiliyinə qayıtdıqdan sonra bu məsələ yenidən müzakirə edilməyə başladı.

Onkoloji xidmətin artan əhəmiyyətini nəzərə alaraq, 1995-ci ildə Azərbaycan Respublikası hökumətinin qərarı ilə Respublika Onkoloji Elmi Mərkəzi Milli Onkologiya Mərkəzi statusu aldı.

80-ci illərin sonu 90-cı illərin əvvəlləri mərkəzin nüfuzunun beynəlxalq elm aləmində sürətlə artmasına təsadüf etmişdir ki, bu da öz növbəsində postsovet dövlətləri arasında olduğu kimi, Avropa və Şimali Amerika ilə elmi əlaqələrin genişlənməsinə gətirib çıxarmışdır. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin himayədarlığı ilə inkişaf edib şöhrətlənən Azərbaycan səhiyyəsi bu gün Ulu öndərin davamçısı Prezident İlham Əliyevin hərtərəfli qayğısı sayəsində yeni inkişaf dövrünü yaşayır.

2009-cu ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Onkologiya Mərkəzində olmuş və yeni cərrahiyyə korpusunun istifadəyə verilməsi mərasimində şəxsən iştirak etmişdir.

Bu hadisə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Bakıda müasir və dünya standartlarına cavab verən avadanlıqlarla təmin olunmuş Onkologiya Mərkəzinin yaradılması barədə təşəbbüsünün həyata keçməsinin növbəti mərhələsi demək idi.

Prezident İlham Əliyevin daimi diqqət və qayğısı nəticəsində səhiyyə sahəsində uğurla aparılan islahatları, tibb müəssisələrinin madditexniki bazasının təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işləri artıq bir çox Azərbaycan vətəndaşı öz həyatında hiss edir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin diqqət və qayğısının nəticəsi olaraq hazırda Milli Onkologiya Mərkəzi ən müasir tibbi texnika və avadanlıqlarla, o cümlədən mobil diaqnostik komplekslə təchiz edilmişdir. Onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təminatı problem aradan qaldırılmışdır. Görülən tədbirlər nəticəsində onkoloji xəstəliklərin aşkarlanması işi tamamilə yaxşılaşmışdır. Bu xəstəlikdən ölüm göstəricisinin son illər ərzində stabilləşməsinə və aşağı salınmasına nail olunmuşdur.

Keçmişdə Azərbaycanda onkoloji xəstəliklərə mübtəla olan uşaqlarda bu xəstəliyi müalicə etmək üçün şərait yox idi. Məlum olduğu kimi, artıq 2012-ci ildən ölkəmizin birinci xanımı Mehriban Əliyevanın şəxsi təşəbbüsü və himayəsi ilə tikilib istifadəyə verilmiş yeni Uşaq Klinikası fəaliyyət göstərir.

Respublikanın bütün bölgələrindən, 8 rayonlararası onkoloji dispanserdən (Naxçıvan, Xankəndi, Sumqayıt, Lənkəran, Şəki, Mingəçevir, Şirvan) və 100-ə yaxın onkoloji kabinetdən mərkəzə respublikada onkoloji xəstəliklərə mübtəla olmuş insanlar haqqında məlumatlar verilir, onların diaqnostikası və müalicəsi barədə informasiyalar toplanır.

Azərbaycan Milli Onkologiya Mərkəzi öz təchizatına görə Avropanın bir sıra qabaqcıl klinikalarından irəlidədir və bu inkişaf mərkəzin baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, bir çox xarici elmlər akademiyalarının və nüfuzlu elmi qurumların həqiqi üzvü və fəxri doktoru olan Cəmil Əliyevin gərgin əməyi sayəsində mümkün olmuşdur.

80 illik səmərəli və mənalı inkişaf yolu keçmiş, bu dövr ərzində Cənubi Qafqaz bölgəsinin ən müasir və təchiz olunmuş, nüfuzlu elmi-praktik fəaliyyəti ilə məşhurlaşmış bir kollektivinə çevrilmiş Azərbaycan Milli Onkologiya Mərkəzi dünyanın qabaqcıl onkoloji mərkəzləri ilə uğurlu əməkdaşlıq əlaqələri qurmuşdur.

Ulu öndərimiz təkcə səhiyyə işçilərinin deyil, bütöv Azərbaycanın xeyirxahı və əsrlərlə unudulmayacaq milli sərvətidir. Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev dühası və irsi əbədi olaraq qəlblərdə yaşayacaqdır!

Kamaləddin Qafarov,
Azərbaycan Respublikası Milli Məclisi Səhiyyə Komitəsinin üzvü,
Milli Onkologiya Mərkəzinin Baş direktor müavini

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930