Cəmİyyət

BANKLARIN "BAKI-RAYON" AYRISEÇKİLİYİ: Regionlarda kredit faizləri niyə yüksəkdir?

BANKLARIN
 

"Regionlarda əhaliyə verilən kreditlərin əhəmiyətli hissəsini istehlak kreditləri təşkil etdiyindən Bakıya nisbətən bölgələrdə kredit faizləri çox yüksəkdir”.


Sfera.az-a açıqlamasında bu sözləri Bakı ilə müqayisədə regionlara verilən kredit faizlərinin həddən artıq yüksək olmasına münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib.


Onun sözlərinə görə, vəziyyətin belə xarakter almasında regionlarda ipoteka kreditləşməsinin zəif olması amili də öz sözünü deyir: "Regionlarda kredit faizlərinin paytaxtla müqayisədə daha yüksək faizlə verilməsi bir sıra amillərdən qaynaqlanır. Banklar regionlara kredit verməkdə o qədər də maraqlı deyil. Çünki burada risk yüksəkliyi var. Eyni zamanda, girovların likvidliyilə bağlı problemlər mövcuddur. Bu amil xüsusən də daşınmaz əmlaka aiddir. Daşınmaz əmlakı girov olaraq götürdükdə ödəniş həyata keçirə, yəni daşınmaz əmlakı likvidləşdirə bilmirlər. Bu baxımdan da banklarregionlarda geniş miqyaslı kreditləşmədə maraqlı deyillər. Nəticədə həmin amil regionlara kredit verilərkən faiz dərəcəsinin artımına səbəb olur”.

 

Ekspert düşünür ki, digər səbəb isə odur ki, regionlara verilən kreditlərin əhəmiyyətli hissəsini məhz istehlak kreditlərinin təşkil etməsidir: "Ümumiyyətlə, bütün ölkədə istehlak kreditləri üzrə faiz dərəcəsi daha yüksəkdir. Bunun özü də regionlar üzrə kreditlərin orta faiz dərəcəsinin yüksək olmasını şərtləndirir. Üçüncü bir tərəfdən, regionlarda ipoteka kreditləşməsi zəif gedir. Bu baxımdan ipoteka kreditlərinin az olması ümumi yekun olaraq regionlarda faiz dərəcəsinin yüksək olmasına rəvac verir. Paytaxtda isə faiz dərəcəsini aşağı salan başlıca məqamlardan biri məhz ipoteka kreditlərinin verilməsidir. İkinci bir tərəfdən, Bakıda verilən kreditin faiz dərəcəsinin aşağı olmasına biznes kreditləri təsir göstərir. Belə ki, Bakıda biznes krediti regionlarla müqayisədə daha aşağı faizlə verilir. Dövlət tərəfindən həyata keçirilən, müxtəlif fondler, o cümlədən Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən kreditlərin də böyük qismi məhz paytaxtın payına düşür. Həmin amil də Bakı üzrə aşağı faiz dərəcəsinin formalaşmasına gətirib çıxarır. Sadaladığım bu məqamlar son olaraq ümumi nəticələrə təsir göstərir. Likvidliyin yüksək olması səbəbindən adətən banklar regionlara daha yüksək faizlə kredit təklif edirlər”.

  

Ekspertin fikrincə, yaranmış vəziyyətdə problemin həlli yolu nisbətən mürəkkəbdir: "Qisa müddətdə onu həll etmək asan məsələ deyil. Əsas məsələ odur ki, regionlarda aktivlərin likvidliyi artmalı, iqtisadi aktivliyin özü yüksəlməlidir. Bundan başqa, banklar üçün portfelin müəyyən hissəsinin regionlara yönəldilməsilə bağlı müəyyən öhdəliklər də müəyyənləşdirilə bilər. Ancaq bütün hallarda məsələnin adminstrativ yolla həllini doğru hesab etmirəm. Əsas odur ki, problem öz həllini təşviq yolu ilə tapsın. Regionlarda güzəştli kreditlər, ipoteka kreditlərinə mərhələli şəkildə hansısa formada çıxış imkanlarının artırılması da faizlərin aşağı salınmasına gətirib çıxara bilər”.

 

Qeyd edək ki, Azərbaycanda ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonunda verilir. Həmin iqtisadi rayonda kreditlər üzrə illik faiz dərəcələri martın sonuna 23,5% təşkil edib. Bu göstəriciyə görə 2-ci yerdə Yuxarı Qarabağ iqtisadi rayonu - 23,4%, 3-cü yerdə isə Aran iqtisadi rayonu - 23% qərarlaşıb. Bakı şəhəri üzrə bu rəqəm 10 faiz təşkil edib. Göründüyü kimi, bölgələrə verilən kredit faizləri Bakı və Abşerona nisbətən dəfələrlə yüksəkdir.

  

Elçin

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30