“Biz türk olaraq birlikdə güclüyük və bunu ermənilərə sübut edəcəyik” - Prezidentə yazırlar

“Biz türk olaraq birlikdə güclüyük və bunu ermənilərə sübut edəcəyik” - Prezidentə yazırlar
Son günlər cəbhədə baş verən döyüşlərlə əlaqədar Azərbaycan və Türkiyə vətəndaşları Prezident İlham Əliyevə dəstək məktubları göndərirlər.

Sfera.az xəbər verir ki, vətəndaşlar məktublarında hər zaman ölkə başçısının yanında olduqlarını yazırlar. Məktublardan bir neçəsini təqdim edirik:

Tural Quliyevdən, Cəbrayıl, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Cəbrayıl rayonu Böyük Mərcanlı kənd sakini olaraq doğulduğum ildən Vətən həsrəti ilə yaşayıram. Bu gün mənim doğum günümdə mənə və ailəmə doğulduğum Böyük Mərcanlı kəndini hədiyyə etdiyiniz üçün sevincimizin həddi hüdudu yoxdur. Nəhayət ki, Sizin və ordumuzun şücayətiniz sayəsində bütün Azərbaycanın neçə illərdir ki, həsrətlə gözlədiyi gün gəlib çatmışdır. Yağı düşmən layiqli cəzasını Sizin əmrinizlə almışdır. Mənim doğum günümdə belə şərəfli, ləyaqətli və tarixə düşmüş hədiyyəni bizim ailəyə bəxş etdiyiniz üçün Sizə dərin minnətdarlığımızı bildiririk. İnşallah, sayənizdə yaxın günlərdə Azərbaycan öz tarixi torpaqlarına tamamilə qovuşacaqdır. Hər bir Azərbaycan vətəndaşına göstərdiyiniz diqqətə görə Sizə dərin təşəkkürümü bildirirəm. Yaşasın Azərbaycan xalqı, yaşasın cənab Ali Baş Komandanımız, yaşasın Azərbaycan Ordusu.

Hörmətlə,

Mirkamal Zeynallıdan, Saatlı, Azərbaycan

Hörmətli cənab Prezident.

Bildiyimiz kimi, sentyabrın 27-i səhər saatlarından Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlarmız var. Allah şəhidlərimizə rəhmət eləsin. İnşallah, onların qanı yerdə qalmayacaqdır.

Çox şükürlər olsun ki, Sizin tapşırıqlarınıza əsasən, Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikası sıradan çıxıb. Azərbaycan Ordusu düşmənə layiqli cavabını verəcək, öz ərazi bütövlüyünü qoruyacaq. Siz qeyd etdiyiniz kimi, bu bir daha göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışan peşman olacaqdır. Əfsuslar ki, bu, onlar üçün dərs olmadı.

Cənab Prezident, Allah Sizi qorusun, Allah Azərbaycan Ordusunu qorusun.

Qarat Qaratovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün xalqımız öz tarixinin şanlı səhifəsinin qürur və fərəh dolu anlarını yaşayır. Bu unudulmaz hissləri bizə yaşatdığınız üçün, güclü, nizamlı bir ordunun qurucusu olduğunuza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Siz hər zaman xalqın, vətəndaşın əsl sirdaşına, dostuna çevrilmisiniz. Bütün dünyanın pandemiya ilə mübarizə apardığı bir zamanda öz çevik qərarlarınızla respublikanın hər bir vətəndaşının sağlamlığının keşiyində durursunuz. İnsanlara, vətəndaşlara göstərdiyiniz humanist münasibət dünyaya örnəkdir. Biz əminik ki, Cocuq Mərcanlı qələbəsi ilə başlanan şanlı Azərbaycan ordusunun tam qələbəsi və zəfəri xəbərini tezliklə məhz Siz bizə çatdıracaqsınız. Qoy uca Tanrı Azərbaycan dövlətini, Sizi və dövlətçiliyimizin daim yüksəklərdə olmasını diləyənləri qorusun. Xalq Sizinlədir, cənab Ali Baş Komandan.

Babacan Eyüpdən, Şanlıurfa, Türkiyə

Hörmətli cənab Prezident.

İlk növbədə, Sizə salamlarımı çatdırır, ehtiramımı bildirirəm. Erməni işğalçıları ilə apardığınız mübarizədə Türkiyə xalqı olaraq, sonuna qədər yanınızda olduğumuzu, dualarımızın Sizinlə birlikdə olduğunu bilməyinizi istəyirik. Rəbbim qardaş Azərbaycanın yardımçısı olsun. Hər zaman can qardaşlarımızın yanındayıq.

Tutduğunuz bu haqq yolunda Sizə zəfər arzulayıram.

Elgüc Nadirlidən, Bakı, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

İyul ayında Milli Ordumuzun erməni təxribatlarına tutarlı cavab verməsi məni çox qürurlandırdı. Biz bu uğurlara ürəkdən sevinirik. İnanırıq ki, yaxın vaxtlarda işğal altındakı bütün rayonlarımız Sizin rəhbərliyiniz və qətiyyətinizlə azad ediləcək. Əminik ki, o gün uzaqda deyil. Biz Sizinlə fəxr edirik. Vətənimiz uğrunda döyüşməyə hər an hazırıq. Yetər ki, Siz əmr verin. Əli silahlı düşmənə qarşı son nəfəsimizə qədər döyüşməyə hazırıq.

Ömər Ulusoydan, Konya, Türkiyə

Hörmətli cənab Prezident.

Sizi və xalqınızı salamlayaraq ölkənizin təcavüzə uğradığı bu günlərdə yanınızda olduğumu, düşmənə layiqli cavab verərək qələbə çalacağınıza əmin olduğumu bildirmək istəyirəm.

Biz iki dövlət, bir millətik. Buna görə də, ölkənizə gəlib qanımın son damlasına qədər vuruşmağa, qardaşlarıma dəstək verməyə hazıram.

Qələbə sevincini bir yerdə yaşamaq arzusu ilə əmrinizi gözlədiyimi bildirirəm.

Əlizamin Rzayevdən, Lerik, Azərbaycan

Möhtərəm cənab Prezident.

Lerik rayonunda yaşayan bir gənc olaraq bildirmək istəyirəm ki, rayonumuzun bütün gəncləri hər zaman Sizin siyasətinizi dəstəkləyirik və bir yumruq kimi ətrafınızda sıx birləşmişik. Sizin rəhbərliyinizlə ölkəmiz bütün sahələrdə mənfur qonşularımızı üstələyir, regionun ən güclü dövlətinə çevrilmişdir. Cəbhə xəttində erməni təxribatlarının qarşısının ordumuz tərəfindən uğurla alınması, düşmənə sarsıdıcı zərbələr endirilməsi bunu bir daha sübut edir. Bütün bunlar bizi ruhlandırır.

Hər zaman Sizin, şanlı ordumuzun yanındayıq, cənab Ali Baş Komandan. İşğal altında olan torpaqlarımızın geri qaytarılması üçün əmrinizi gözləyirik, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün canımızdan və qanımızdan keçməyə hər an hazırıq.

Dəmirəl Hüseyindən, Bursa, Türkiyə

Hörmətli cənab Prezident.

Vətənin müdafiəsi və düşmənə cavab zərbəsi endirilməsi üçün verdiyiniz cəsur qərarla əlaqədar Sizi təbrik edirəm. Bir türk vətəndaşı olaraq, qardaş Azərbaycanın bu çətin günündə ya ön cəbhədə, ya da arxa cəbhədə kömək etmək üçün Sizin əmrinizdəyəm.

Biz türk olaraq birlikdə güclüyük və bunu ermənilərə sübut edəcəyik.

Xaliq Qurbanovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığınız siyasətə və ordumuzun gücünün artırılması ilə bağlı görülən işlərə görə bir vətəndaş olaraq razılığımı bildirmək istəyirəm. Hazırda regionun ən qüdrətli ölkəsi olan Azərbaycan Respublikasını dünya ictimaiyyəti indi daha yaxşı tanıyır.

Son müsahibələrinizdə erməni tərəfinin sərsəm açıqlamalarına qarşı verdiyiniz tutarlı cavablar və erməni silahlı qüvvələrinə vurulan sarsıdıcı zərbələr xalq arasında bu münaqişənin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına dair fikirləri daha da əminləşdirir. Allah Azərbaycanımıza yar olsun.

Sizin apardığınız siyasətin dövlətimizin işıqlı gələcəyini təmin edəcəyinə hər bir azərbaycanlı kimi, mən də tam əminəm. Allah xalqımız və dövlətimiz uğrunda sevə-sevə, yorulmadan çalışan, respublikamızı qorumağa çalışan hər birimizin yardımçısı olsun. Allahın amanında olasınız, cənab Prezident.

Abdurrahim Bayramdan, İzmir, Türkiyə

Hörmətli cənab Prezident.

Bir türk olaraq, çətin günlərində hər an can Azərbaycanımızın yanında olduğumu bəyan edirəm.

Ümumi Vətənimizin azadlığı naminə əsgərlik vəzifəmi yerinə yetirməyə hazıram. Əminəm ki, Azərbaycanın hər bir qələbəsi bütün azərbaycansevərləri ürəkdən sevindirəcək.

Tezliklə dünyanın Azərbaycanla bağlı sevindirici xəbərləri duyacağını bilirəm və qələbələrin qazanmasında iştirakımla qürurlanacağımı ərz edirəm.
 

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031