Müsahİbə

BMTM sədri Fərid Şəfiyev : “İran Ermənistanla hava yollarını bağlamalıdır” – MÜSAHİBƏ

BMTM sədri Fərid Şəfiyev : “İran Ermənistanla hava yollarını bağlamalıdır” – MÜSAHİBƏ

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Sfera.az saytına müsahibə verib.

 

Müsahibəni təqdim edirik:

 

- Fərid bəy, Prezident İlham Əliyevdən müsahibə götürən əcnəbi jurnalistlərin suallarında açıq qərəz və bitərəfliliyin pozulması müşahidə edilir. Necə düşünürsünüz, həmin ölkələr Azərbaycana göndərdikləri jurnalistlərin dili ilə hansı mesajları verməyə çalışır?



 

 

-Qərb mediasının bizə qarşı olan qərəzli mövqeyi yeni deyil. 1992-93-cü illərdə baxmayaraq ki, Azərbaycan öz torpaqlarını itirirdi, ağır günlər yaşayırdı, amma yenə də Qərb bizə açıq qərəz nümayiş etdirib. Bunun da bir neçə səbəbi var. Yəni, həm islamafobiya, həm erməni lobbisinin müvafiq fəaliyyəti qərəzi formalaşdırırdı. Bu münaqişədə həm Rusiya, həm də Qərb imperializminin maraqları eynidir. Onlar Ermənistandan sadəcə alət kimi istifadə edirlər. Eyni hal Birinci Dünya müharibəsi zamanı da müşahidə olunub. Bu artıq öz-özlüyündə böyük mövzudur. Yəni, qərəzli mövqe əvvəl də var idi, indi də davam edir. Qərbdə jurnalistlərin özünəməxsus tezisi var və onlar məsələlərə bu tezisdən yanaşırlar. Tezis də erməni lobbisinin maraqlarından, qərəzli mövqeyindən irəli gəlir.

 

- Yəni, jurnalistlərdən bir növ istifadə edirlər...


- Burada başqa məsələ də var. Onlar çalışırlar ki, dırnaqarası maraqlı məlumat əldə etsinlər. Yəni, buna F-16 silahından, muzdlu döyüşçülərdən istifadə kimi ortalığa atılan suallar aiddir.


 

- Fərid bəy, qonşu dövlətlərin bu münaqişəyə yanaşma tərzindən də danışmağınızı istərdim. Xüsusilə İranın Qarabağ münaqişəsinə mövqeyi ilə bağlı cəmiyyətdə narahatlıqlar var...


- Hesab edirəm ki, İran rəsmiləri bu məsələyə konstruktiv yanaşırlar və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Əvvəllər onlar bu münaqişənin sülh yolu ilə həll olunmasını istəsələr də, indi Azərbaycanın hərb yolu ilə bu problemi həll etməsini dəstəkləyirlər. Burada da təbii ki daxili faktor – orada yaşayan Azərbaycan əhalisinin mövqeyi mühüm rol oynayır.

 

- Amma İran ərazisindən Ermənistana silah daşınır...


-Bəli, bizi narahat edən məsələ də budur. Ermənistana hərbi yüklərin İran vasitəsilə daşınmasının qarşısı alınmalıdır. Bizdə olan məlumata görə, Rusiyadan İran vasitəsi ilə ora hərbi yük daşınır. Rusiyanın Ermənistanda hərbi bazası var və onlar çox güman ki, hərbi bazalarına yük daşımaq adı altında yardımı gizlətməyə çalışırlar. Belə olan halda da suallar daha çox Rusiyaya ünvanlanır, nəinki İrana. Prezident müsahibəsində də qeyd etdi ki, Ermənistanda olan Rusiya hərbi bazasından silahlar ermənilərə verilir. Gürcüstan hərbi texnikanın öz ərazisindən daşınmaması üçün Ermənistanla hava yolunu bağlayıb. İran da belə addım atsa daha yaxşı olardı.Yəni, hərbi yükün öz ərazisindən Ermənistana daşınmasının qarşısını almalıdır.

 

 

- BMT qətnamələri və artıq 28 ildir ki, baş tutan nəticəsiz görüşlər... Görünən odur ki, diplomatiyanın həll edə bilmədiyini silah bacardı...

 

-Ortada nəticə var idi – Madrid prinsipləri. Problem ondan ibarət idi ki, bu mexanizm icra olunmurdu və Ermənistana təzyiq göstərilmirdi. Bundan başqa 27 illik işğaldan sonra Ermənistan qeyri-qanuni olaraq o torpaqlarda məskunlaşma aparır, bizim təbii sərvətləri istismar edir, mədəni irsimizi dağıdırdı. Buna da Minsk qrupu həmsədrləri tərəfindən reaksiya verilməyib. Diplomatik yolla biz Madrid prisnsiplərini qəbul etdik, ermənilər də bunu qəbul etmələrinə baxmayaraq icra mexanizmini həyata keçirmədilər.

 

- Sizcə, Madrid prinsiplərinin icrası münaqişənin uğurlu nəticəsi sayılardı?



 

Təbii ki... Madrid prinsipləri reallaşsaydı qaçqınlar öz torpaqlarına geri dönəcəkdi. Digər məsələlərin də icrası üçün mühit yaranardı. Hesab edirəm ki, problem bizim diplomatiyada yox, irəli sürülən şərtlərlə heç cür razılaşmayan Ermənistan və bu addımı atmaq üçün onlara təsir etməyən vasitəçilərdədir.

 

- Bütün torpaqlar işğaldan azad edildikdən sonra yenə də ermənilərin atəşkəsi pozacağı ilə bağlı ehtimallar var. Sizcə, yekun müqavilə hansı formada müəyyənləşməlidir ki, tam təhlükəsizlikdən danışmaq olar?


Bilirsiniz, ortada ən əsas problem odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyün tanımır və ona hörmət etmək istəmir. Əvvəl onlar Dağlıq Qarabağı Ermənistana birləşdirmək istədilər, sonra xalqların öz müqəddaratını təyinetmə məsələsini ortaya atdılar. İndi də yenə deyirlər ki, Dağlıq Qarabağda yaşayan ermənilərə faktiki müstəqillik verilməlidir. Budur əsas problem. Yeni sazişin nədən ibarət olmasına gəlincə isə Madrid prinsipləri artıq keçərli deyil, çünki hərb yolu ilə bunu icra etmiş sayılırıq. Burda söhbət gedə bilər ki, ermənilərə müəyyən bir formada muxtariyyət veriləcək. Buna da Ermənistan razı olmur. Bu baxımdan danışıqların formatı ilə bağlı konkret nəsə demək olmur.

 

- Erməni lobbisinin güclü olduğu ölkələrdən biri Fransadır. Bu baxımdan indi Fransa prezidenti Makronun Türkiyəni və onun siyasi rəhbərliyini hədəfə alması həm də qardaş ölkənin Qarabağ münaqişəsindəki rolu ilə bağlı ola bilərmi?


- Xeyr. Burada ikitərəfli məsələlər var. İlkin olaraq Aralıq dənizində olan münaqişədir ki, Fransa Türkiyəyə qarşı sərt mövqe sərgiləyir. Baxmayaraq ki, Kipr və Yunanıstanla bağlı məsələlər Fransaya aid olmamalıdır, amma yenə də fransızlar bu məsələyə qarışır. Fransa köhnə müstəmləkə təfəkküründədir. Makron çalışır ki, Fransanın dünya üzrə rolunu daha da qabartsın. Həm də burada islamafobiya faktoru da var ki, bu da tək Türkiyə ilə bağlı olan məsələ deyil. Qarabağ məsələsi də Ərdoğana qarşı qərəzin bir elementidir, amma təbii ki, əsas səbəb bu deyil. Amma onu da xatırladım ki, BMT-nin Təhlükəsizlik Şurasında Fransanın Rusiya ilə birgə hazırladığı layihəsi vardı ki, o da Azərbaycana qarşı idi.


- Yaxşı bəs, hərbi əməliyyatlar dayansa və məsələ danışıqlar yolu ilə həll olunarsa açıq şəkildə tərəfkeşlik edən Fransanın Minsk qrupundan çıxarılması doğru olmazdımı? Yaxud bu təşkilata Türkiyənin də gətirilməsi...


- Əgər Fransa Minsk qrupunda neytral mövqedən çıxış etsə təbii ki, təşkilatda qala bilər. Amma biz istəyərdik ki, Türkiyəni də Minsk qrupunda görək. Hesab edirəm ki, gələcək sülh müqaviləsində Türkiyənin də rolu olacaq. Çox güman ki, Rusiya, ABŞ, Fransa razı olmayacaq ki, Türkiyə bu məsələdə iştirakçı olsun. Amma Rusiya və Türkiyə sülh razılaşmasında əsas vasitəçi olacaq.


- Fərid bəy, necə qiymətləndirirsiniz, sizcə indiki məqamda Azərbaycan diasporu düşmənə qarşı lazımı səviyyədə birləşə bilirmi? Bu sahədə nə kimi dəyişikliyə ehtiyac var?


Hesab edirəm ki, ordumuzun uğurlu fəaliyyəti onu göstərdi ki, Azərbaycan yeni baxışla fəaliyyət göstərir. Görürük ki, Azərbaycan diasporu Avropanın bir çox ölkələrində etiraz aksiyası keçirir. Biz təbii ki, erməni diasporu ilə bizim diasporu müqayisə edə bilmərik. Çünki onların diasporu artıq 200 ildir ki, Qərbdə fəaliyyət göstərir. Düzdür, onlar 1915-ci il hadisələrindən sonra diaspor fəaliyyətinin daha da gücləndiyini deyirlər, amma bu yalandır. Artıq onların XVIII əsrdə Fransada koloniyaları vardı. Bu baxımdan bizim diasporla onları müqayisə etmək olmaz. Bizim diaspor gənc diaspordur. Düzdür, bu sahədə digər sahələrdə olduğu kimi boşluqlar vardı, amma son vaxtlar onlar daha mütəşəkkil iş ortaya qoyurlar.

 

-1915- ci il hadisələrini xatırlamışkən, ötən il hələ Türkiyədə olarkən Dağlıq Qarabağın ermənilərin son arzusu olmadığını, onların Türkiyəyə qarşı ərazi iddialarının olduğunu da qeyd etmişdiniz. Sizcə Qarabağ cəbhəsindəki məğlubiyyət düşməni "qondarma soyqırım” mövzusunda da susduracaqmı?


Ermənilər bu layihə üzrə XVII əsrdən çalışmağa başlayıblar. İsrail Oreo adında erməni əsilli bir iş adamı vardı. O Avropaya gedib, Avstriya imperatoru, Roma Papası ilə görüşməyə çalışırdı ki, bizim bölgədə müstəqil erməni ölkəsi yaratsınlar. Onda Avropada bu təklif dəstəklənməyəndə Rusiya imperatoru I Pyotr təklifə müsbət yanaşmışdı. Ondan sonra da bütün bu işlər başlamışdı. Yəni, söhbət ondan gedir ki, ermənilərin böyük bir planı var – böyük Ermənistan yaratmaq. Avqust ayında baş nazir Nikol Paşinyan Sevr müqaviləsini də dilə gətirib, Türkiyənin bəzi ərazilərinin Ermənistana verilməsi məsələsini ortaya atdı. Yəni, erməni millətçilərin təfəkküründə bu cür qəribə ideayalar var. Biz işğalı başa çatdırsaq da o demək deyil ki, ermənilər çəkilib bir kənarda oturacaq. Onlar yenə də "qondarma soyqırım” məsələsini, ərazi iddialarını ortaya atacaq.


Son proseslər Rusiyanın tərəfsizlik sərgilədiyi və Ermənistana havadarlıq etmədiyi görüntüsü yaradır. Lakin xaos içərisində olan Ermənistanın nədənsə hərbi gücü tükənmir və qəti mövqeyindən dönmür...


- Prezident də öz çıxışında bildirdi ki, münaqişə ilə bağlı Qərblə Rusiyanın maraqları üst-üstə düşür. Rusiya çalışır ki, müttəfiqi olan Ermənistan tam mənada məğlub olmasın. Çünki bu onun maraqlarına uyğun deyil. Burada hərbi məqsəd ondan ibarətdir ki, ermənilər işğal olunmuş ərazilərdə öz hərbi potensialını saxlaya bilsinlər. Yəni, ətraf rayonların işğaldan azad olunması məsələsinə Rusiya normal yanaşır. Lakin Dağlıq Qarabağda bir neçə rayonda onlar erməni hərbi qüvvələrinin saxlanılmasında maraqlıdırlar. Buna görə də Ermənistana Rusiyadan hərbi sursat daşınır.



 

- Bu qədər itkiyə rəğmən Ermənistan rəhbərliyi xalqı və ordunu ölümə yollayır. Səbəb nədir?


Bunun iki səbəbi var. Birincisi erməni millətçiliyidir. Ermənilərin çox radikal, ekstremist millətçilik formaları var. Təsadüfi deyil ki, onlar özlərini seçilmiş xalq hesab edir. İkincisi isə bayaq da qeyd etdiyim kimi Ermənistanın arxasında dayanan qüvvələrdir. Bu 27 il ərzində də məhz o qüvvələrə arxalanıblar.


- Xüsusilə də..


Rusiyaya..

 

- Son olaraq bir diplomat kimi fikrinizi almaq istərdik. İndiki məqamda bu münaqişənin sülh yolu ilə həlli real görünürümü?


- Bu hal istisna olmamalıdır. Hər bir müharibə bir gün sülhlə bitir və sonda razılaşma olur. Düzdür, məsələn İkinci dünya Müharibəsi çoxdan bitsə də Rusiya və Yaponiya arasında sülh sazişi imzalanmayıb. Amma iki ölkə arasında diplomatik, ticari əlaqələr var. Ola bilsin ki, bizim də aramızda bütün bu əlaqələr formalaşacaq. Burada əsas prinsipimiz olan ərazi bütövlüyümüzün Ermənistana qəbul etdirilməsidir. Amma yenə də deyirəm ki, mən indiki mərhələyə baxaraq deyirəm ki, ermənilər bu razılaşmaya getməyəcək.

 

Sfera.az

Əzizə Zeynal

 

 

 

 

XƏBƏR LENTİ

«    Noyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30