No Image
No Image

“Danışıqlar “yapon teatrı”na çevrilmişdi, İlham Əliyev isə...” – “Le Monde” İkinci Qarabağ müharibəsindən yazdı

“Danışıqlar “yapon teatrı”na çevrilmişdi, İlham Əliyev isə...” – “Le Monde” İkinci Qarabağ müharibəsindən yazdı

Fransanın nüfuzlu "Le Monde” nəşrində Ermənistanın Dağlıq Qarabağdakı məğlubiyyətinin səbəbləri ilə bağlı məqalə yayımlanıb.

 

Məqalə müəllifləri - Benua Vitkin, Remi Urdan hesab edirlər ki, ermənilər 1994-cü ildə Azərbaycan üzərində qələbə çaldıqdan sonra ordularını yenilməz zənn edirdilər. Müharibə təhlükəsi altında yaşayan Ermənistanda heç kim belə böyük miqyaslı hücuma inanmırdı. Dağlıq Qarabağdakı məğlubiyyətin səbəblərindən biri də İrəvanın diplomatik səbatsızlığı idi.

 

 

Sfera.az həmin məqaləni təqdim edir:

 

 

 

Həm ermənilər, həm də azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb edən strateji Şuşa şəhəri Bakının əlinə keçdi. Ərazisinin böyük bir hissəsini itirmiş "artsax respublikası"nın paytaxtı Stepanakertdə gələcəyə görə narahatdırlar: hazırda bu anklav Ermənistanla yalnız Rusiya ordusunun nəzarətində olan dar bir dəhlizlə əlaqələndirilir.

 

 

Ermənistan Azərbaycanla altı illik şiddətli döyüşlər nəticəsində fəth etdiyi sözügedən ərazini 30 ildən sonra itirdi. Ermənistan ordusu Dağlıq Qarabağda tar-mar edildi. Hazırkı qarşıdurmada nisbətən az mülki insan zərər çəkdi (hər iki tərəfin insan hüquqları müdafiəçilərinin məlumatlarına görə, 45 erməni və 93 azərbaycanlı), amma ölənlərin sayı minlərlədir. Xalqa aşılanan hərbi coşğu və rəsmi təbliğat məğlubiyyətin qaçılmaz olduğunu gizlətdiyindən,27 sentyabr - 9 noyabr tarixlərində Qarabağ cəbhəsində baş verən hadisələri anlamaq üçün ermənilərə vaxt lazım olacaq.


 

Münaqişə yenidən dondurulsa da, Qarabağ məsələsi hələ həll olunmayıb. 1988-1994-cü illərdəki döyüşlərin amansızlığı (ümumi ölüm sayının 30.000 olduğu təxmin edilir) və hər iki düşərgənin törətdiyi müharibə cinayətləri bölgənin müasir Ermənistan üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha sübut edir. Bu müharibə başı Sovet İmperiyasının dağılmasının digər nəticələrinə və keçmiş Yuqoslaviyadakı münaqişəyə qarışan Qərbin diqqətindən demək olar ki, yan keçdi.

 

 

O dövrdə Ermənistan ordusu daha azsaylı idi və daha zəif silahlanmışdı, amma əsgərləri daha hazırlıqlı idi (SSRİ-nin azərbaycanlı əsgərlərə həqarətli münasibətinin nəticəsi). Nəticədə çox itki versə də, birmənalı qələbəyə nail ola bildi. Azərbaycan nəinki Dağlıq Qarabağı, həmçinin bufer zonasına və danışıqlar üçün alətə çevrilməsi gərək olan yeddi ətraf rayonu da itirdi.

 

 

Tarixi mərkəz


Bu qələbənin psixoloji əhəmiyyəti çox böyük idi. Bu, Dağlıq Qarabağın ermənilərin təsəvvüründəki rolu ilə (onlar Dağlıq Qarabağı tarixi mərkəzlərindən biri hesab edirlər), eləcə də 1915-ci il travması ilə əlaqələndirilir. Erməni əsgərlərinin qələbəsi, "soyqırımın qisası” kimi qəbul edilirdi və erməni xalqının zülmə məhkum olmadığının sübutu idi. Sözügedən məsələdə mifologiyanın rolundan asılı olmayaraq, Qarabağ və qələbə ilə bağlı xatirələr erməni kimliyinin ayrılmaz hissəsinə çevrildi.

 

Dağlıq Qarabağın özündə bayrağı, sərhədi, prezidenti, paytaxtı olan tanınmamış "suveren” yarı dövlət yaradıldı. "DQR”in paytaxtı elan edilən Stepanakertə sərmayələr, eləcə də ianələr axın etdi... 1991-ci ildə elan edilmiş müstəqilliyə gəlincə, heç bir BMT üzvü olan dövlət DQR-nı tanınmır, yerli sakinlər isə Ermənistanla birləşməyi xəyal edirdi. Dağlıq Qarabağ hərbçilər tərəfindən idarə olunur və özünü müasir Sparta kimi görürdü. Hətta zarafatla deyirlər ki, DQR-nın 150.000 nəfərlik ordusu var. Bunu deyəndə, bölgədə yaşayan bütün əhalinin sayı nəzərdə tutulur.

 

 

Amma bu hekayədə böyük bir boşluq var: məğlub olmuş Azərbaycan. Müharibə bitdikdən sonra o milli tarixdən silindi və potensial təhlükə kimi qəbul olunmağa başlandı. Ermənistan Sumqayıt hadisələrini xatırlayır, amma1993-cü ildə azərbaycanlı əhalisini qovduğu şəhərlərdən biri olan Ağdamı unudur. O dövrdə ümumilikdə 600.000 azərbaycanlı evlərini tərk etməli oldu.

 

 

1998-ci ildə müharibədə qalib gələn Prezident Levon Ter-Petrosyan hakimiyyətdən gedəndən sonra 20 il ərzində Ermənistanı əslən Dağlıq Qarabağdan olan insanlar idarə etdilər. Bölgənin İrəvan siyasətindəki həddən artıq şişirdilmiş rolu bir sıra məsələlərdə, o cümlədən 1992-ci ildən bəri ATƏT-in himayəsi altında aparılan danışıqlarda səhvlərə yol açdı: İki tərəf arasında sülh danışıqlarının aparılması məqsədi ilə ATƏT Rusiya, ABŞ və Fransanın sədrlik etdiyi Minsk Qrupunu yaratdı. Bütün doğru və yanlışlara rəğmən, sözügedən təşkilat bu günə qədər mövcuddur.

 

 

2011-2014-cü illərdə Fransanın Minsk Qrupundakı nümayəndəsi olan Jak For deyirdi: "Söhbət kimin haqlı olduğunu deməkdən getmir, hər iki tərəf özünü haqlı hesab edir. Məsələ qarşıdurmanın həlli yollarını təklif etməkdədir. Danışıqlar prosesində ortaq məxrəcə gəlinməsə də, ən azından bu iş zorakılığın azaldılmasına və ünsiyyətin qorunmasına kömək edirdi".


 

Dağlıq Qarabağın statusu məsələsi danışıqlar prosesinin hər hansı nəticə verməsi yolunda hələ də ən böyük maneə olaraq qalır. Ermənistan tərəfindən işğal olunmuş yeddi qonşu rayon da öz növbəsində alver predmetinə çevrilmişdi. Bakıya görə, yalnız Ermənistan ordusu ətraf rayonlardan çıxarıldıqdan sonra Dağlıq Qarabağa muxtariyyət verilə bilərdi.

 

İrəvan da öz növbəsində hər zaman "status müqabilində ərazi" sxeminə sadiq qalıb və Azərbaycan dövləti daxilindəmuxtariyyət almaqla kifayətlənməyərək,daha böyük status əldə etməyə çalışıb. Eyni zamanda, Ermənistan həmişə ehtiyatlı mövqe tutub və Qarabağın müstəqilliyinin birtərəfli tanınmasından çəkinib.


 

Bu danışıqların tarixində yalnız məyusluq və qaçırılan imkanlar deyil, həm də ümid var. Bu, ilk növbədə müharibədən sonrakı dövrə aiddir. "Dasnışıqların ən ümidverici dövrü 1997-ci ilin sentyabrına təsadüf edir. Bakı xoş niyyət nümayiş etdirirdi, Ter-Petrosyan isə qələbə sayəsində qazanılmış legitimliyə sahib idi. Status məsələsi tam həll olunmamışdı, amma arada etibar vardı",- deyə 1992-1997-ci illərdə prezident Ter-Petrosyanın müşaviri və erməni tərəfinin danışıqlardakı nümayəndəsi olan Jirayr Liparityan xatırlayır.

 

 

Bir il sonra Levon Ter-Petrosyan istefa etmək məcburiyyətində qaldı (özü də məhz Qarabağ məsələsi üzündən) və təşəbbüs uğursuzluğa düçar oldu. O dövrdə Moskva məsələ ilə ciddi məşğul olacaq vəziyyətdə deyildi. (Yeltsinin hakimiyyətdəki son illəri idi). Beləliklə, sülh müqaviləsi perspektivi daha da əlçatmaz olurdu. "Ter-Petrosyan hakimiyyətdən getdikdən sonra bir neçə saat davam edən ikitərəfli prezident görüşləri daha olmadı. Danışıqlar "yapon teatrı”na çevrildi: çox hərəkət, az söz”,- deyə Karnegi Mərkəzində çalışan Tomas de Vaal (Thomas de Waal) bildirir.


Jak ForanınMinsk qrupundakı xələfi Pyer Andrie (Pierre Andrieu), 2014-cü ildə prezidentlər Serj Sarkisyan və İlham Əliyevin iştirakı ilə Yelisey Sarayında zirvə görüşü təşkil etdi. "Məqsədimiz səmimi mühit yaratmaq, danışıqları mərhələli şəkildə təşkil etmək, tərəflər arasındakı gərginliyi azaltmaq, güzəştləri daha qəbuledilən vəziyyətə gətirmək idi", "Amma heç bir tərəf xoş niyyət nümayiş etdirmədi. Prezidentlər bir-birilə sərt də danışdı, zarafat da etdi, amma heç biri mətləb üstə gəlmədi”, - deyə o, bildirir.

 

 

Dağlıq Qarabağa bitişik ərazilərin Azərbaycana tədricən qaytarılmasını nəzərdə tutan digər təşəbbüslər də (2007-ci ildə Madriddə və 2011-ci ildə Kazanda) irəli sürülürdü, amma hər iki ölkənin inamsızlığı və sona qədər getmək əzmi bütün planları uğursuzluğa düçar etdi. Azərbaycanın revanşizmi ilə Ermənistanın mövqelərinin radikallaşması bir-birini qidalandırdı.


 

"Azad edilmiş", yaxud "işğal olunmuş" ərazi


 

"Barışığa gəlmək üçün müharibədən sonrakı status-kvonu ləğv etməli idik. Amma onun qorunması xələflərimiz üçün prioritetə çevrildi. Onlar Dağlıq Qarabağa bitişik rayonları "azad edilmiş” adlandırmağa başladılar, biz isə onları "işğal olunmuş” (Ermənistan tərəfindən) adlandırırdıq”,- deyə Jirayr Liparityan xatırlayır.


Getdikcə güzəştlərin vacibliyi fikri həm İrəvanda, həm də Bakıda öz aktuallığını itirdi. "Erməni tərəfində həmişə radikallar olub. Bir vaxtlar məni "məğlubiyyətçilikdə” günahlandırırdılar. İstənilən halda, sonadək getmək istəyi daha da gücləndi və diasporun işi sayəsində daha böyük vüsət aldı”,- deyə Jirayr Liparityan qeyd edir. Onun sözlərinə görə, kompromis Ermənistan cəmiyyətində ekzistensial təhlükənin sinoniminə çevrildi.

 

 

"Radikal ritorika hər iki tərəfdə qələbə qazandı, kompromislər isə danışıqlarda zəiflik əlamətləri kimi görünməyə başladı",- deyə Tomas de Vaal təsdiqləyir. "2005-ci ildə o zaman hələ müdafiə naziri olan Serj Sarkisyan Parlamentdə elan etdi: "Ağdam Ermənistan deyil!”. Bu, onun son belə cəsarətli çıxışı idi.

 

 

Xəyallar və miflər


Ermənistanın xəyal və miflərdən qidalandığı üçün bu mövqelərdən dördəlli yapışmaq onun üçün daha asan idi. Birincisi onun "məğlubedilməzliy”i ilə bağlı idi: söhbət 1988-1994-cü illərə aid savaşda göstərilən qəhrəmanlıqlarla bağlı xatirələrdən gedir.

 

 

Uzunmüddətli dostluq əlaqələrinin və maddi təzahürü Gümrüdəki rəsmi olaraq 3000 nəfərin yerləşdirildiyi Rusiya hərbi bazası idi. Bununla belə, Moskva və İrəvan tərəfindən imzalanan müdafiə müqavilələri (özəlliklə də 2002-ci ildə yaradılan KTMT çərçivəsində) yalnız Ermənistan ərazisini əhatə edir və Dağlıq Qarabağın isə həmin sənədlərə aidiyyatı yoxdur. Amma Rusiyanın yalnız Ermənistanın rəsmi ərazisinin təhlükəsizliyini təmin etmək öhdəçiliyi götürməsi faktı nədənsə erməni tərəfinin nəzərindən qaçmışdı.


 

Qeyd etmək lazımdır ki, danışıqlardakı uğursuzluqların səbəblərindən biri də razılaşmaların hökmən onların maraqlarına uyğun gəlməsinə can atan güc dövlətlərinin oyunudur.

 

 

"Biz heç kimə qulaq asmaq istəmədik. Nə bizə müharibə elan edəcəklərini söyləyən azərbaycanlılara, nə də bizi xilas etməyəcəyini deyən Rusiyaya. İnandıq ki, zaman bizim xeyrimizədir və gözləməklə daha çox şeyə nail olacağıq. Biz öz imkanlarımızı şişirtdik, düşmənlərimizin gücünü isə görə bilmədik”. Jirayr Liparityan belə hesab edir.

 

 

Demoqrafik böhran

 

Bu uğursuzluğun və onun strateji nəticələrinin əsas simptomu mühacirətdir. 1990-cı illə müqayisədə, Ermənistanın düşmənin daha böyük say çoxluğu ilə qarşılaşması həm də 1991-ci ildən bu günədək ölkədə müşahidə olunan demoqrafik böhranın nəticəsidir.

 

 

Nə qədər ziddiyyətli olsa da, məhz Ermənistanaböyük islahatlar vəd edən baş nazirin hakimiyyəti dövründə ölkə məğlubiyyətə uğradı. Paşinyan da öz sələflərinin illüziya və yanlışlarından xilas ola bilmədi. Onun 2019-cu ildə səsləndirdiyi: "Qarabağ Ermənistandır!” bəyanatı, eləcə də müdafiə naziri David Tonoyanın "yeniərazilər uğrundayenimüharibə” prinsipi Bakı üçün qəbuledilməz idi. Erməni tərəfinin gurultulu bəyanatlarına rəğmən, Müdafiə Nazirliyi ordunu praktik olaraq modernləşdirmədi. Rusiya istehsalı olan hərbi texnikanın güzəştli qiymətlərlə tədarükü, hər il Bakıya ayrılan milyardlarla dolları kompensasiya edə bilməzdi.


 

Bundan əlavə, Nikol Paşinyan istəmədən Rusiya isteblişmentinin müəyyən bir hissəsini özünə qarşı çevirdi. Oktyabrın 31-i Paşinyan eyni vaxtda həm Vladimir Putinə, həm də Amerika prezidenti seçilsə də, hələlik heç bir səlahiyyətlərə malik olmayan Co Baydenə xahiş məktubu yolladı. Bu isə rəsmi Moskvanın qəzəbinə səbəb oldu.

 

 

Ermənistandan və diaspordan fərqli olaraq, Dağlıq Qarabağda müharibənin gerçək üzünü görürdülər.Müdafiə Nazirliyinin saxta məlumatları zirzəmilərdə gizlənən əhaliyə ümid versə də, cəbhədə olan hərbçilər tədricən anladı ki, Azərbaycan sürətlə üstünlük qazanır.

 

 

Gözlənilməzlik effekti


Məğlubiyyətin əsas səbəbi gözlənilməzlik effelti idi. Ermənistanda hər zaman ölkənin təhdid altında, "müharibə vəziyyətində" yaşadığı hissi yaşansa da, heç kim belə geniş miqyaslı hücuma inanmırdı. 27 sentyabrda cəbhə xəttində baş verən ilk hadisələrdən sonra hər kəs məsələnin bu ilin iyul ayında olduğu kimi gərginliklə və ya 2016-cı ilin aprelində olduğu kimi kiçik bir münaqişə ilə məhdudlaşacağını düşünürdü.


 

Əslində Ermənistan müharibənin belə geniş miqyas alacağına hazır olmalı idi, çünki Prezident İlham Əliyev müharibənin ilk günündən məqsədini açıqladı: Dağlıq Qarabağı geri qaytarmaq. Amma Ermənistanda Əliyevin ilk başdan həqiqəti söylədiyini çox az insan anladı.

 

 

Məğlubiyyətun daha bir səbəbi, klassik müharibələrdə olduğu kimi, qüvvələrin bərabər olmaması ilə əlaqədardır. Burada Azərbaycanın Dağlıq Qarabağa hücum etmək üçün uzunmüddətli hazırlığı ilə yanaşı, NATO-ya üzv dövlət olan Türkiyənin Azərbaycana qətiyyətli dəstəyini də qeyd etmək lazımdır.

 

Hər iki orduya bələd olan və qarşıdurmanın gedişatını yaxından izləyən bir qərbli hərbi mütəxəssis bunları söyləyir: "... Əslində söhbət əsasən artilleriya dueli üzərində qurulan kifayət qədər ibtidai bir müharibədən gedir. Fərq yalnız dronlardadır. Amma bu müharibənin mahiyyətini dəyişdirmir. Dronların bu savaşdakı rolunu1-ci Dünya Müharibəsi illərində hava şarlarının rolu ilə müqayisə etmək olar. Amma o da danılmazdır ki, pilotsuz təyyarələr sahibinə əhəmiyyətli üstünlük verir".


 

Azərbaycan tərəfinin yüksək səviyyəli hazırlıq keçmiş xüsusi təyinatlıları da qələbəyə öz töhvəsini verdi, Özəlliklə də Şuşanın alınması uğrunda gedən döyüşlərdə aparıcı qüvvə məhz onlar idi. Xüsusi təyinatlıların bacarıqları Ermənistan ordusunun komandanlığı üçün gözlənilməz oldu.

 

Piyada, komandirsiz və silahsız


Könüllülər sırasında cəbhəyə yollanan Qarikin əhvalatına bənzər əhvalatlar çoxdur: "10 gün ərzində böyük itkilər verdikdən sonra məğlub olacağımıza əmin idik. Bizi Ermənistana qaytarmalarını tələb etdik. Amma komandirimiz dronların ilk hücumundan sonra cəbhədən qaçdı. Biz öz ümidimizə qaldıq. Dəstəmizin sürücüsü hər səhər bizdən soruşurdu: "Hansı cəbhəyə gedəcəyik?” Silah-sursatımız çatışmırdı, sonra isə nəqliyyatsız qaldıq. Müharibəni piyada, komandirsiz və silahsız başa vurduq”. Bütün bunlar onda ikrah hissi doğurur.

 

 

Arayik Arutunyan təslim olandan bir gün sonra belə bir etiraf edib: "Biz hamımız xainik. Bizim kifayət qədər resursumuz yox idi. Gənc əsgərlərimizə xəyanət etdik. O, həmçinin məğlubiyyətdən sonra "Le Monde” jurnalistlərinə müharibənin ilk günlərindən, hətta müharibədən əvvəl qüvvələrin bərabər olmadığını və Şuşadan dərhal sonra Xankəndinin də alınacağını deyib.

 

 

Nadir özünütənqid


 

Sonradan Nikol Paşinyan müharibəni davam etdirməyin tamamilə mənasız olduğunu etiraf etdi. Ermənistan Ordusu Baş Qərargah rəisi general Onik Qasparyan da öz növbəsində seçimin "çox pis bir qərar"la "faciə" arasında olduğunu söylədi. Noyabrın 16-da baş nazir, parlamentdəki çıxışı zamanı son 20 ildə Ermənistanın strategiyasındakı yanlışlardan danışdı: "Biz İki ziddiyyətli prinsipdən uzaqlaşa bilmədiyimiz üçün uduzduq: nəyin bahasına olursa olsun, müharibədən qaçınmaq və bir qarış belə torpaq qaytarmamaq". Qeyd edək ki, Ermənistandaözünütənqid çox nadir hallarda səslənir.

 

 

Münaqişənin nəticələri iki suala meydan açır: birincisi, nədən danılmaz hərbi üstünlüyə malik qalib Azərbaycan sonadək irəliləyib bütün Dağlıq Qarabağı almadı? Bu sualın cavabını çox guman ki, Moksvada və Moskva ilə Ankaranın münasibətlərində axtarmaq lazımdır.

 

 

İkincisi, Ermənistanın bu alçaldıcı məğlubiyyətdən hansı nə kimi nəticələr çıxaracaq? "Məğlubiyyət dəhşətli psixoloji zərbə oldu, Ermənistanın yenilməzliyi haqqında mif alt-üst edildi", - deyə RiçardGiraqosyan vurğulayır. Onun sözlərinə görə, "ermənilər Dağlıq Qarabağın itirilməsindən sonra Ermənistanın Türkiyənin növbəti hədəfi olacağına inanırlar. Bu fikir gerçəkliyi ehtiva etmir, amma üstünlük təşkil edir".

 

 

Gələn il müstəqilliyin 30-cu ildönümünü qeyd etməyə hazırlaşan Ermənistanda qızğın mübahisələr gedir. Bəziləri ordunun modernləşdirilməsi, yeni diplomatik ittifaqlar və bir neçə ildən sonra Dağlıq Qarabağın geri qaytarılması barədə mülahizələr yürüdür. Digərləri isə, əksinə, hesab edir ki, Ermənistan keçmiş SSRİ-dən miras qalmış ərazilərlə kifayətlənərək inkişaf etməlidir.

 

 

Münaqişə zamanı əksər hissəsi Ermənistana sığınan Qarabağ ermənilərinə gəlincə, onlar dilemma qarşısındadırlar. Yaşayış yerlərini birdəfəlik tərk etsinlər, yaxud qayıtsınlar. Mübarizə aparsınlar, yaxud hər şeyi atıb getsinlər. Azərbaycana qaytarılmış rayonların əhalisi düşmən ərazisində yaşamayacaq, Xankəndində olan insanlar isə anklavda həyatlarına davam etməklə, Ermənistanda hər şeyi yenidən başlamaq arasındaseçim etməli olacaqlar.


 

Tərcümə: Selcan

Sfera.az

 

Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

SOCAR-ın Müşahidə şurasının sədri Mikayıl Cabbarov oldu

Prezident Ilham Əliyev "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" fərman imzalayıb. &n...

Türk əsgərinin gəlişi Rusiya sülhməramlılarının özbaşınalıqlarını azaldacaq - Açıqlama

"Rus sülhməramlıları özlərini bir qədər yığışdırmalı olacaq”. Bu sözləri Sfera.az-a açıqlamasında Monitoriq Mərkəzinin fəaliyyətə başlamasından sonra ...

ABŞ-dan SON DƏQİQƏ Qarabağ açıqlaması: Azərbaycana yardım…

Bayden-Harris rəhbərliyi Azərbaycana təhlükəsizlik yardımını nəzərdən keçirəcək.   Sfera.az xəbər verir ki, Bunu ABŞ-ın dövlət katibi vəzifəsinə namizəd E...

Paşinyanın “Şuşa bizim deyil” bəyanatındakı GİZLİ MESAJ – Məqsəd Hadrutdur...

"Paşinyanın bu açıqlaması Şuşanı Hadrutla əvəzləmək məqsədi daşıyır”. Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistan baş naziri Nikol Paşinyanın Şuşanı...

Paşinyana son çarə kimi görünən növbədənkənar seçki: Kim üstün olacaq?

"Növbədənkənar seçki düşmən ölkədə siyasi sabitliyin daha ciddi şəkildə pozulması ilə nəticələnəcək”. Bunu Sfera.az-a açıqlamasında Ermənistanda erkən parla...

Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?

"Vüqar Səfərli işi” davam etdikcə daha çox şəxsin istintaqa cəlb olunacağı qaçılmazdır. Aydındır ki, KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli ittiham üzrə "yediyi”...