No image
Sİyasət

Deputat: “Siyasi baxışlara görə ayrıseçkilik qadağandır”

Deputat: “Siyasi baxışlara görə ayrıseçkilik qadağandır”
 Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri Ştefan Şennax və Rocer Qeyl Azərbaycanda koronavirusla mübarizə adı altında hakimiyyət tənqidçilərinə təzyiq edilməsindən və siyasi məhbuslarin təhlükəsizliyindən narahat olduqlarını bildirən bəyanat veriblər.

Bu bəyanatda Azərbaycan hakimiyyəti koronavirusla mübarizədən siyasi müxalifəti boğmaq üçün sui-istifadə etməkdə ittiham olunub. Ştefan Şennax və Rocer Qeylin bu bəyanatını qərəzli və konkret siyasi maraqların müdafiəsi kimi qiymətləndirən deputat Bəhruz Məhərrəmov Bizimyol.info-ya verdiyi açıqlamada qeyd edib ki, pandemiya şəraitində Azərbaycanda karantin rejimi tətbiq etməklə azadlıqların məhdudlaşdırmasının niyə insanların sağlamlığının qorunması yox, siyasi müxalifətə qarşı təzyiq vasitəsi kimi qiymətləndirilməsinə "ittihamçılar" özləri qiymət verməlidirlər.

"Əvvəlcə ondan başlayaq ki, yanaşmanı ümumiyyətlə kökündən səhv hesab edirəm. Belə ki, 1950-ci il Avropa Konvensiyasının 5-ci maddəsinin e) bəndinə əsasən yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslər bir sıra məhdudlaşdırıcı tədbirlərlə yanaşı, hətta qanuni həbsə də alına bilərlər. Sənədin 8, 9, 10, 11-ci maddələrinə əsasən, ictimai qaydanı və sağlamlığı qorumaq üçün hətta şəxsi həyata və ailə həyatına hörmət hüququ, fikir, vicdan və din azadlığı, fikri ifadə etmə azadlığı, yığıncaqlar və birləşmək azadlığı kimi ən vacib hüquq və azadlıqlar məhdudlaşdırıla bilər. Pandemiya şəraitində Azərbaycanda karantin rejimi tətbiq etməklə hərəkət, sərbəst toplaşmaq kimi azadlıqlarının məhdudlaşdırmasının niyə insanların sağlamlığının qorunması yox siyasi müxalifətə qarşı təzyiq vasitəsi kimi qiymətləndirilməsinə məncə elə "ittihamçılar" özləri qiymət verməlidir. Avropa Konvensiyası kimi mötəbər sənədin siyasi məqsədlər naminə ayaq altına atılması etik deyil, peşəkarlıqdan kənardır.

İkincisi, həmin konvensiyanın 14-cü maddəsinə əsasən, siyasi və digər baxışlara görə şəxslərə qarşı həm mənfi, həm müsbət mənada ayrıseçkilik qadağandır. Habelə, siyasi mənsubiyyəti və fəaliyyət növü şəxsə hansısa üstünlük verilməsinə, yaxud məhdudiyyətə məruz qalmasına əsas deyil.

İndiki halda, Azərbaycanda 35 mindən çox şəxsə münasibətdə inzibati tənbeh tətbiq edilib. 35 min şəxsin içində hər bir siyasi görüşdən, sferadan olan insan var. Burada əsas olan törədilən əməldir, siyasi tərəf yox. Əgər ortada əməl, həmin əmələ münasibətdə ittiham varsa, maddi və prosessual qanunvericiliyin tələbləri tam yerinə yetirilməlidir. Hər hansı şəxsi məsuliyyətə cəlb edərkən, əməli yox siyasi mənsubiyyəti qabartmaq, naşı və qərəzli formada 14-cü maddənin pozuntusudur.

Bildiyiniz kimi, Azərbaycan qanunvericiliyinə görə, məlumatların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İdiki halda, bu səslənən fikirlərin istinad edtiyi faktların nə həqiqiliyi, nə yaranma mənbəyi, nə də əldə edilmə halları barədə ciddi bir nüans görünmür. Azərbaycanda problem yox deyil. Həmçinin, insan hüquq və azadlıqların təmini sahəsində. Hökumətin son mübarizə tədbirlərinin məqsədlərindən biri də də məhz bu problemlərin qarşısını almaqdır. Lakin, bəyanatla çıxış edən şəxslərin məhz mövcud problemləri görməyib, süni problem uydurmaları əslində onların hüquq və azadlıqların yox, konkret siyasi maraqların müdafiəsi üçün fəaliyyətdə olunduqlarına şübhə doğurmur”,- deyə deputat vurğulayıb. (bizimyol.info)

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930