Cəmİyyət

Dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru

Dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru
 Son illər ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması işləri ilə paralel olaraq, iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilmişdir. Bu islahatlar "kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinin daha da yaxşılaşmasına mühüm əsaslar yaratmışdır.

Dövlət tərəfindən təkmil nəzarət və təşviqyönümlü mexanizmlərin geniş tətbiqi nəticəsində iqtisadi fəaliyyət sahələrində şəffaflığın ciddi şəkildə artmasına nail olunmuşdur. Bununla da dövlət-biznes münasibətləri daha sağlam əsaslar üzərində qurulmuş, bütün sahələrdə maliyyə intizamı yaxşılaşmışdır.

Statistik məlumatlara görə, 2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 21.3% artaraq 1.4 mlrd. manatı üstələmişdir.
Buna paralel olaraq əmək haqqı fondu da ağarmışdır. 2019-cu ildə əmək müqavilələrinin sayı 153 min artmış, o cümlədən bu artımın 99 mini özəl sektorun payına düşmüşdür. Ümumilikdə son 5 rüb, yəni 2019-cu il və cari ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlib.

Pandemiya dövründə dövlət və özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması istiqamətində məqsədyönlü işlər aparıldı. Nəticədə mövcud iş yerləri nəinki qorundu, həmçinin "Əmək müqaviləsi bildirişi” altsistemindən mayın 1-də əldə olunan məlumata əsasən, 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayında 105 min nəfərlik (o cümlədən özəl sektorda 94 minə yaxın) artım oldu.

Beləliklə pandemiya dövründə muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edildi və onlar işsizlik riskindən qorundu.
Şəffaf fəaliyyət iş yerlərinin qorunmasını və dövlətin bütün güzəştlərinə tam çıxış imkanlarını təmin etdi. Dövlət tərəfindən iqtisadi sahələrə və əhaliyə nəzərdə tutulan güzəştlər təbii olaraq öz dövriyyəsini ağartmış subyektləri əhatə edir. Koronavirus pandemiyası dövründə hazırlanan Tədbirlər planı buna mühüm nümunə ola bilər. Tədbirlər planında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə zərər çəkən sahələrdə iqtisadi aktivliyin dəstəklənməsinə 900 mln.manat birbaşa kompensasiya ödənişi ayrılmışdır.

Bu çərçivədə muzdlu işçilərin iş yerləri qorunmuş, zərər çəkən sahibkarlara maliyyə dəstəyi göstərilmiş, onlara geniş vergi güzəştləri verilmiş, fəaliyyət sahələrinə ayrılan 1.5 mlrd.manat bank kreditlərinə dövlət zəmanəti verilmiş və faizləri subsidiya edilmişdir.

Qeyri-formal fəaliyyət göstərənlər isə dövlətin yaratdığı imkanlardan bir çox hallarda məhrum oldu. Belə "işgüzar cəmiyyət” uzun müddət "kölgə”də olmaqla dövlət ilə əməkdaşlıq imkanlarını itirdi və nəticədə dövlət-biznes münasibətlərindən kənarda qaldı. Bu səbəbdən dövlət bütün güzəşt və stimullaşdırıcı tədbirlərini yalnız dövlətlə əməkdaşlıq edən sahibkar və vətəndaşa şamil edə bildi.

Əlavə olaraq iqtisadiyyata mənfi təsirlər zamanı öz fəaliyyətində dürüst olan intizamlı sahibkarı və vətəndaşı qorumaq dövlət üçün daha asan oldu. Qeyri-şəffaf fəaliyyətdə olanlar isə dövlətin geniş maliyyə dəstəyinin daha böyük hissəsindən kənarda qalır.
Bununla yanaşı, dövlətimiz hətta qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və "kölgə”də olan vətəndaşlarına belə ən çətin dövrlərdə sosial dövlət mövqeyindən çıxış edərək öz dəstəyini göstərir.

Pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi rejimli karantin dövründə qeyri-formal məşğul vətəndaşlar təbii olaraq şəffaf olmayan gəlir mənbəyini itirmiş oldular. Belə bir vəziyyət dövləti əslində çətin seçim qarşısında qoydu. Lakin ölkə başçısının humanizmi, Azərbaycan vətəndaşına diqqət və qayğısı nəticəsində hətta əvvəllər qeyri-formal sektorda çalışanların sosial müdafiəsinin də nəzərə alınması təmin edildi.

Aprelin 17-də Prezident cənab İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməsini tapşırdı. "Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini müvəqqəti itirən və qeyri-formal məşğul insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür” deyə vurğulayan cənab Prezident bir daha dedi: "Baxmayaraq, mən dəfələrlə onlara müraciət etmişəm ki, qeyri-formal məşğulluğa son qoyun, çünki bu, sizin üçün problem yaradacaq. Siz işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumların fəaliyyəti nəticəsində on minlərlə yeni əmək müqaviləsi bağlanıldı. Mən ümid edirəm ki, bu ağır vəziyyətdən sonra bunu nəzərə alaraq bu gün hələ də kölgə iqtisadiyyatında çalışan insanlar da dərk edəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır. Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun. İşçilərə müraciət edirəm bir daha, əmək müqaviləsi olmadan işləməyin, tələb edin. Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına dərhal məlumat verin”.

Beləliklə, pandemiya dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətin verilməsi nəzərdə tutuldu. Halbuki, şəffaf fəaliyyət göstərməklə dövlətin bütün maliyyə yardımından faydalanmaq və daha çox sosial yardım əldə etmək olardı.

Belə ki, əmək qabiliyyətli ailə üzvünün formal sektorda işləməsi tələbi əsas şərtlərdən olan ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi pandemiya dövründə genişlənmiş, təkcə aprel ayında əlavə 12 min ailə (50 min ailə üzvü) də bu proqrama cəlb edilmiş və hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir.

Digər tərəfdən, pensiya, müavinət və təqaüd alan 2 milyon şəxsə ödənişlərin davamlılığı təmin edildi. Sosial ödənişlər formal sektorda işləyən şəxslər üçün sosial dayaq və sosial müdafiə rolunda çıxış edir. Qeyri-formal sektorda çalışanlar isə qeyd olunan ödənişlərdən kənarda qalır.

Koronavirus dövrünün "acı nəticələri”ni nəzərə alaraq hər bir sahibkar və vətəndaş şəffaf fəaliyyət göstərməlidir. Dövlətin biznesdən və əhalidən gözləntisi - fəaliyyətin tam şəffaflaşdırılmasıdır.

Şəffaflıq sahibkarın və vətəndaşın gələcəkdə baş verə bilən bütün gözlənilməz təsirlərə hazırlıqlı olmasını təmin edir. Bu üstünlüyü görməyi bacaranlar dövlət başçısı ilə həmrəylik nümayiş etdirdi.

Koronavirus təcrübəsi belə bir həmrəyliyin olduqca vacib olduğunu bir daha təsdiq etdi.

Ölkə başçısının qeyd etdiyi kimi, "burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməli, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar...”. Əks halda, əmək müqaviləsinin və şəffaf fəaliyyətin olmaması koronavirus dövründə olduğu kimi, vətəndaş üçün yeni həyat dərsinə çevriləcək.

Bunu nəzərə alaraq iqtisadi fəaliyyətdə məsuliyyət və nizam-intizama üstünlük verilməli, bu birlik post-koronavirus dövründə də davam etdirilməlidir.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031