AKTUAL

"Ermənilərin cəbhədə təxribatları davam etsə ikinci Aprel döyüşlərinin olması qaçılmaz olacaq"- Deputat

 

Xəbər verdiyimiz kimi iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Ermənistan tərəfinin törətdiyi təxribat nətıcəsındə Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu şəhid olub, 4 isə yaralanıb. Düşmənin bu təxribatı ikinci Aprel döyüşlərinə səbəb ilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, bu gün bütün dünya ölkələri koronavirus pandemiyasımdan dövlətlərini və vətəndaşını qorumaqda olduğu bir zamanda mənfur Ermənistan dövləti təxribatçı addımlarından əl çəkmir: "Tarix boyu ermənilər Azərbaycan dövlətinə qarşı torpaq iddiasında olublar. Onlar Azərbaycan torpaqlarında böyük Ermənistan dövləti yaratmağa çalışırlar. Onlar bu arzunu reallaşdırmaq üçün hələ 1988-ci ildən başlayaraq Azərbaycana qarşı müxtəlif vaxtlarda soyqırım və terrorlar törədiblər. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1 mlyon 200 min qaçqın və məcburi köçkünümüz var. 1994-cü il də atəşkəs elan olunsa da Ermənistan tərəfi bir gündə olsun öz təxribatlarından əl çəkməyib. Bilirsiniz ki, həmin təxribatlara cavab olaraq Azərbaycan ordusu 2016-cı ilin aprelində uğurlu əməliyyat keçirərək bütün dünyaya, eləcə də Ermənistan tərəfə bir daha göstərdi ki, işğal altındakı torpaqlarını azad etmək imkanına və gücünə malikdir. Əhalisi 3 milyondan az olan Ermənistan 4 günlük Aprel Döyüşlərində 560 hərbçisini itirdi. Azərbaycan ordusu Aprel döyüşlərindən sonra bilirsiniz ki, 2018-ci ilin mayın 20-27-nə kimi davam edən Naxçıvanda Günnüt əməliyyatı zamanı da möhtəşəm qələbə əldə edərək 11 min hektarlıq ərazimizi işğaldan azad etdilər. Bu döyüşlər göstərdi ki, Azərbaycan qüdrətli bir dövlətə çevrilib, regionda söz sahibidir, istədiyi an öz torpaqlarını erməni işğalından azad etməyə qadirdir".

Deputat vurğulayıb ki, ermənilər cəbhədə əsasən Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edən zaman və hər hansı uğura imza atan zaman aktivləşirlər: "Bilirsiniz ki, Qoşulmama Hərəkatının sammitində Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının koronavirusa həsr edilmiş xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün BMT-də müzakirəsi iyulun 10-da başlayıb. Bu ərəfədə ermənilərin növbəti dəfə təxribata əl atacağı və güc şousu göstərəcəyi məlum idi. Amma həmişə olduğu kimi bu şousu Ermənistan üçün böyük biabırçılıqla nəticələndi. Hətta ermənilər özləri etiraf edirlər ki, təkcə dünən günorta saatlarında gedən döyüşlər zamanı 30-dan çox itki veriblər. Heç kəsə sir deyil ki, Azərbaycanın beynəlxalq aləmdə güclənməsini və söz sahibi olması Ermənistanı qorxudur. Çünki dövlətimizin beynəlxalq aləmdə güclənməsi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyirinə həll edilməsinə şərait yaradacaq. Bilirsiniz ki, cənab prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə və debatlarda tarixi faktlarla Ermənistanı rəzil edərək onların işğalçı siyasətini bütün dünyaya sübut edib".

Deputat qeyd edib ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır: "Son bir neçə ildə Azərbaycanın dövlət büdcəsindən irihəcmli vəsaitlər məhz ordunun inkişafına, onun təchizatının yüksəlməsinə ayrılır. Azərbaycan Silahlı Qüvvələri NATO ilə əməkdaşlıq edir. Azərbaycan hərbçiləri NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində təşkil olunan müxtəlif təlimlərdə iştirak edirlər. Azərbaycanın NATO ilə əlaqələri "Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı" çərçivəsində inkişaf edir. Bundan başqa, Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik hərbi sahəyə də sirayət edib. İl ərzində qardaş dövlətlə birgə keçirilən hərbi təlimlər də buna sübutdur. Bu gün ordumuz qarşısına qoyulan istənilən tapşırığı yüksək peşəkarlıqla yerinə yetirmək iqtidarına malikdir. Dünənki döyüşlər də bunu bir daha sübut etdi. Düşmən tərəfi növbəti dəfə məğlub olaraq böyük itki ilə geri çəkilməyə məcbur oldu. Hər zaman demokratiyadan və insan hüquqlarndan danışan beynəlxalq təşkilatlar Ermənistanın növbəti təxribatını yenə görməməzdikdən gəldilər. Əlbəttə bu bir daha onların ölkəmizə qarşı iki münasibət bəslədiyini sübut edir. Bu bir həqiqətdir ki, ən son model hərbi texnika təmin edilən və yüksək döyüş qabiliyyətinə malik olan Azərbaycan ordusu ali baş komandan, cənab İlham Əliyevin, hörmətli Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirmək gücünə sahibdir. Ali Baş Komandanın bir əmri kifayətdir ki, ordumuz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müqəddəs mübarizəyə başlasın. Bunun üçün Azərbaycanın yetərincə vətənpərvər oğulları var. Sadəcə Azərbaycan münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Düşünürəm ki, ermənilərin cəbhədə təxribatları davam edərsə ikinci Aprel döyüşlərinin olması qaçılmaz olacaq. Hazırda silahlı qüvvələrimiz
düşmənin bütün təxribatlarına sərt şəkildə cavab verərək böyük itkilərlə geri çəkilməklərinə məcbur edirlər. Dünənki döyüşdə qəhrəmancasına vuruşaraq şəhid olan əsgərlərimizə Allah rəhmət eləsin. Yaralı əsgərlərimizə isə tezliklə sağalmalarını arzulayıram".


XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31