Cəmİyyət

Fazil Mustafa: “İndiki prosesdən xalqın normal çıxması bizim qazancımız olacaq” - ŞƏRH

Fazil Mustafa: “İndiki prosesdən xalqın normal çıxması bizim qazancımız olacaq” - ŞƏRH
 

Son illər ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması işləri ilə paralel olaraq, iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilib. Bu islahatlar "kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinin daha da yaxşılaşmasına mühüm əsaslar yaradıb.

Dövlət tərəfindən təkmil nəzarət və təşviqyönümlü mexanizmlərin geniş tətbiqi nəticəsində iqtisadi fəaliyyət sahələrində şəffaflığın ciddi şəkildə artmasına nail olunub. Bununla da dövlət-biznes münasibətləri daha sağlam əsaslar üzərində qurulub, bütün sahələrdə maliyyə intizamı yaxşılaşıb.

Statistik məlumatlara görə, 2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 21,3% artaraq 1,4 mlrd manatı üstələyib.

Buna paralel olaraq əməkhaqqı fondu da ağarıb. 2019-cu ildə əmək müqavilələrinin sayı 153 min artıb, o cümlədən bu artımın 99 mini özəl sektorun payına düşür. Ümumilikdə son rüb, yəni 2019-cu il və cari ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artıb.

Son illər Azərbaycanda aparılan sosial-iqtisadi islahatları "Report”a şərh edən Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı Fazil Mustafa ölkə başçısının atdığı addımların arxasında vətəndaş-dövlət tərəfdaşlığı dayandığını qeyd edib:

"Azərbaycan sosial dövlətdir və bu istiqamətdə, xüsusilə də koronavirus pandemiyası dövründə vətəndaşın sosial müdafiəsi istiqamətində ciddi addımlar atılır. Təbii ki, burda tam arzuolunan bir yekunlaşma yoxdur, amma iradə ortaya qoyulub. Pandemiya dövründə 190 manatlıq yardım alan insanların sayı əvvəl 200 min idi, sonra 600 minə çatdırıldı və ehtiyacı olan insanların daha çox əhatə olunması istiqamətində addımlar atılır. İctimai iş yerlərinin açılması istiqamətində təkliflər şəbəkəsi genişləndirilir. Düşünürəm ki, bu elə Prezidentin cəmiyyətə verdiyi vədlərin yerinə yetirilməsi istiqamətində nümunəvi bir davranışlardı. Hiss edirsinizsə, artıq cəmiyyətin qarşısında bütün platformalarda ölkə Prezidenti çıxaraq daha açıq və şəffaf prosesin izahını çatdırır. Hətta bir çox hallarda nazirlərin bir qismi ayaqlaşa bilmirlər. Halbuki bu yük Prezidentin tək çiynində olmamalıdır. Daha çox yayğınlaşmalıdır və hər kəs öz sahəsində daha inandırıcı mesajlarla cəmiyyətdə olan narahatlığı ortadan qaldırmalıdır. Məhz bu narahatlığı Prezident ortadan qaldırır”.

Partiya rəhbəri əlavə edib ki, son vaxtlar əmək müqavilələrinin sayının artması da kölgə iqtisadiyyatının həcminin azaldığını göstərir:

"Əmək müqavilələrinin genişləndirilməsi məsələsi də kifayət qədər ciddi məsələlərdən biridir. Amma burada ən vacib məsələlərdən biri sahibkarlığın inkişafı ilə bağlıdır. Bunu ictimai iş yerindən öncə, başqa məsələlərdən də öncə bunun qapısını açmaq lazımdır. Özəlləşmənin müəyyən dərəcədə genişlənməsinə imkan yaratmaq lazımdır. Özəlləşmənin müəyyən çətinləşdirən problemləri ortadan qaldırmaq lazımdır ki, iş həyatı canlansın və itkilərimizi bərpa etmək mümkün olsun. Ona görə də bu sosial siyasətin bu günkü davamı ona indekslənib. Ümid edək ki, bu müsbət nəticələrini verəcək. Ən azından bu prosesdə xalqın normal çıxması bizim bütün hallarda qazancımız olacaq və buna da hər kəs öz töhfəsini verməlidir.

Tenderlərin formallığı aradan qaldırılmalıdır ki, baha qiymətə dövlət büdcəsini talayaraq vəsaitlər alınmasın, daha şəffaf formada həyata keçirilsin ki, həm büdcəyə qənaət olunsun, həm də zəruri malların alınması təmin olunsun”.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930