İqtİsadİyyat

FED dolları bahalaşdıra bilər – Bu baş verərsə...

FED dolları bahalaşdıra bilər – Bu baş verərsə...
ABŞ-da açıqlanan son rəqəmlər ölkədə inflyasiya səviyyəsinin yüksəlişə meyilli olduğunu və bunun FED-in (ABŞ-da mərkəzi bank funksiyasını yerinə yetirir – red.) maliyyə siyasətinə ciddi təsir edəcəyini göstərir.

Sfera.az "Bloomberg”ə istinadən bildirir ki, inflyasiyanın yüksəlməsi ilə bağlı birjalarda narahatçılıq yaradan əsas məsələ FED-in istiqraz alışını azaltması ehtimalıdır. 

FED xeyli müddətdir ki, inflyasiyanın illik 2 faiz səviyyəsinə çatdırılması üçün istiqraz alışını həyata keçirir. Baş maliyyə qurumu bu məqsədlə hər ay 120 milyard dollar dəyərində istiqraz alır. Proqnozlaşdırılır ki, inflyasiya səviyyəsi hədəfə çatdıqdan sonra istiqraz alışı azaldılacaq və bir müddətdən sonra dayandırılacaq. Əgər FED belə bir addım atarsa, dolların yenidən bahalaşması ehtimalı var. 

FED rəhbərliyi ABŞ-da inflyasiya səviyyəsinin yüksəlməsinin müvəqqəti olduğunu proqnozlaşdırır. Amma maliyyə bazarının iştirakçıları, mərkəzi bankların bəziləri fərqli düşünür. Onların fikrincə, pandemiya ilə əlaqədar ABŞ iqtisadiyyatına böyük maliyyə dəstəyinin verilməsi bahalaşma sürətini artırır. 

Amerikada illik inflyasiyanın 2,3 faizə qədər artırılması hədəflənib. Aylıq və illik nəticələr bahalaşma sürətinin artıq bu səviyyə çatdığını göstərir. 

Qeyd edək ki, ABŞ-da iqtisadiyyata dəstək məqsədilə hər ay 120 milyard dollar həcmində istiqrazın alınması dövriyyədə olan dolların həcmini artırır. Dolların həcmi artdığından ABŞ valyutasının məzənnəsini aşağı salıb. 

Proqnozlaşdırılır ki, istiqraz alışı azaldılarsa, bu, dollarla pul kütləsini tədricən azaldacaq və nəticədə dollar bahalaşacaq. 

Qeyd edək ki, dolların bahalaşma ehtimalının Azərbaycana ciddi mənfi təsiri olmur. Yalnız, baha dollar əmtəə qiymətlərinə azaldıcı təsir etdiyindən, o, xarici ticarət dövriyyəsinin dəyərini kiçildir. Ancaq məzənnənin əmtəə qiymətlərinə ciddi təsirinin hiss edilməsi üçün kursda dəyişiklik kəskin olmalıdır. Hazırda bu cür volatillik gözlənilmir.   

Vasif
Sfera.az





XƏBƏR LENTİ

«    May 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31