No image
Cəmİyyət

Keçmişdən gələcəyə nə daşıyırıq? ON İKİNCİ YAZI- YUNUS OĞUZ YAZIR

Keçmişdən gələcəyə nə daşıyırıq? ON İKİNCİ YAZI- YUNUS OĞUZ YAZIR
 

Fəlsəfi-tarixi-publisist düşüncələrim

Yunus Oğuz

Epiqraf

Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.

 
Yunus Oğuz
  •             On ikinci yazı

a) tarix ibrətdir

 

2. İkinci qüvvə prezident səlahiyyətlərini icra edən Ali Məclisin sədri Yaqub Məmmədov sayılırdı, o da tutduğu vəzifəyə görə idi. Faktiki olaraq o AXC və Nazirlər Soveti tərəfindən çarpaz atəş altında qaldığından özünə heç bir komanda yarada bilmədi. Tez-tez fikirlərində və əməllərində dəyişiklik edən sədrə heç kim ciddi baxmırdı. Məhz onun səhvi ucbatından İranı münaqişənin həlli üçün bu prosesə cəlb etməsi və bu ölkəyə rəsmi səfəri, buradan konfliktin çözülməsinə görə bəyanatlar verilməsi Rusiyanı qıcıqlandırdı. Regionda kimin gücə sahib olması məsələsi özünü çox gözlətmədi. Şuşa və Laçını rusların köməyilə ermənilər işğal etdi. Bir haşiyə də çıxım. Şuşanı əsas qoruyan şəxslərdən biri AXC Şuşa rayon şöbəsinin sədri Ramiz Qəmbər idi. Bu qəhrəman köklü, vətən eşqi ilə yaşayan və vuruşan şuşalı idi. Savadı və döyüşkənliyi ilə seçilirdi. Hərdən Azərbaycan Elmlər Akademiyasına, işlədiyim Fəlsəfə və Hüquq İnstitutuna gəlirdi.

Bakıda çıxan gizli qəzetləri toplayıb ona verirdim, həm də Şuşa rayon şöbəsinin qəzetinin  materiallarını gətirir, mən Bakıda qəzet halına salıb təhvil-təslim edirdim. Hər dəfə də deyirdi ki, burdan apardığım qəzetlər yüz nəfərin işini görür. Deyirdi ki, inşallah bu müharibə qurtarsın hökmən elmlə məşğul olacam, çünki sözün qələbə qazandığı yerdə silahlar susur. Hə, Şuşa alınmamışdan bir neçə gün öncə, səhv etmirəmsə, aprel ayının sonu olardı, o  müəmmalı şəkildə qətlə yetirildi, ya öldürüldü, hələ də bilinmir. Ümumiyyətlə, Şuşanın ermənilər tərəfindən alınması, yaxud təhvil verilməsi hələ də sirri- möcüzə olaraq qalır, baxmayaraq ki, sonralar bununla bağlı gurultulu məhkəmələr oldu, şəhəri qoruya bilmədiyi üçün o zamankı məsul şəxslər həbs olundu. Amma, işin ucunu müstəntiqlər bir yerə çıxara bilmədilər.

3. Üçüncü qüvvə daima qüvvələr arasında manevr edən, Ayaz Mütəllibovdan qalan Nazirlər Kabineti və əksəriyyəti kommunist olan nazirlər idi. Onlar Azərbaycan hökumətinin fəaliyyətinə cavabdeh idilər və istənilən vaxt iqtisadi və siyasi təxribat edə bilirdilər. Onlar heç bir qüvvə ilə üzdə mübarizə aparmırdılar, ancaq alt qatda istənilən məsələyə qulp qoyurdular. Məhz Xalq Cəbhəsinin taktiki səhvi ucbatından, onun hakimiyyətinin ömrü qısa oldu, yəni siyasi hakimiyyət ələ keçirildikdən sonra, növbədə iqtisadi hakimiyyətin ən vacib olan vəzifələrinə sahiblənmək gərək idi. İqtisadi təxribatın, məsələn çörək qıtlığının yaranması və başqa ərzaqların qəhətə çıxması cəbhənin fəaliyyətini xalqın gözündə nüfuzdan saldı. Etiraf etmək lazımdır ki, vəzifəli kommunistlərin əksəriyyəti Azərbaycanın müstəqilliyini istəmirdi. Gah bu tərəfə, gah digər tərəfə meyl etməklə, faktiki olaraq yığdıqları pulları xərcləyə-xərcləyə yerlərini müəyyən müddət qorumağı bacardılar. Aralarında, insafən vətəni sevən yaxşı mütəxəssislər də vardı. Ancaq qurunun oduna yaş da yanırdı.

Bir az önə gedib bir faktı deyim. 14 may 1992-ci ildə A. Mütəllibov çevriliş edib bir günlük hakimiyyətə qayıdanda ilk işi Milli Məclisdə baş nazirin irəli sürülməsi və təsdiqlənməsi oldu və baş nazir Rəhim Hüseynov oldu. Cəbhə hakimiyyətinin bir illik müddətində də o on ay bu vəzifədə çalışdı. Bir sözlə bu qüvvələrin arasında siyasi ayağı sürüşkənlər kifayət qədər olduğundan  onları ciddi qüvvə hesab etmirdilər, ancaq onlar öz işlərini görürdülər. Hətta, cəbhəçi baş nazir olanda bir neçə yerdə etiraf etdi ki, mənim üçün kommunistlərlə işləmək asandır, nəinki cəbhəçilərlə. Cəbhəçilərin bəziləri göz önündə (söhbət vəzifə tutanlardan gedir) deqradasiya olunurdular. Müstəqillik uğrunda mübarizə aparmaq, məlum olurdu ki, asan idi, çünki orada hədəf bəlli idi. Yeni dövlət quruculuğuna başlamaq lazım gələndə etiraf edim ki, biz buna hazır deyildik. Çünki bir tərəfdən faktiki olaraq Qarabağ və ətraf rayonlarda müharibə gedirdi və təkcə Azərbaycan daxilində deyil, ondan kənarda da yaşayan azərbaycanlılar pis-yaxşı bu müharibəyə cəlb edilmişdilər. Azərbaycandan barıt iyi gəlirdi, istər Qarabağda, istər Bakıda. Digər tərəfdənsə müharibə əhval-ruhiyyəsində yaşadığımız halda, həm də demokratik dövlət quruculuğuna girişmək istəyirdik. Müharibə hara, demokratiya hara? Bax ən böyük səhvimiz məncə burda idi. Bir halda ki, hər şey müharibə üçün idi, o zaman demokratiya oyununa nə hacət qalırdı? Düşünürəm Ayaz Mütəllibov istefa verdikdən sonra hər şey müharibə şəraitinə uyğunlaşmalı, yaxud da uyğunlaşdırılmalıydı, yəni siyasi partiyalar fəaliyyətini dayandırmalı, qəzetlər, yalnız dövlət mətbuatı, özü də ciddi senzura altında fəaliyyət göstərməli, bütün demokratik təsisatlar dayandırılmalı idi. Amma  bu olmadı. Artıq 1992-ci ildə qabaqkı illərdən fərqli olaraq birlik enerjisi bölünməyə başlanmışdı.

Elə bu bölünmənin səbəbi idi ki,

4) dördüncü qüvvə Milli İstiqlal və onun lideri Etibar Məmmədov hesab edilirdi. Onun kütlə arasındakı böyük nüfuzu imkan verirdi ki, müharibə dövründə liberal dəyərlərdən imtina etsin və "müstəqil dövlətin diktatoruna üstünlük verərəm" kəlməsini işlətsin. Bu cəmiyyətdə birmənalı qarşılanmasa da, hər halda savaş zamanı, düşünürəm doğru fikir idi. Amma, məhz onun bu fikirlərinə görə, gələcək hakimiyyət bölgüsündə dəfələrlə liberallar tərəfindən aldanılacaq və istiqlalçılar da bütün qüvvələrini səfərbər edəcəklər ki, Xalq Cəbhəsi hakimiyyətdən uzaqlaşsın. Bu hələ bir ildən sonra, 1993-cü ildə baş verəcəkdi. 1992-ci ildə isə, üzdə, xalq gözündə olsa da əksər qüvvələr bir yerdə olmağa çalışırdılar. Nə olmasından asılı olmayaraq, Xalq Cəbhəsi ən mobil və aparıcı qüvvə olduğundan bir çox siyasi qüvvə onunla razılaşırdı. Amma çatlar görünürdü. Milli istiqlalçılar ətrafında,  milli burjuaziya yaratmaq istəyənlər, o cümlədən imkanlı insanlar da toplaşmağa başlamışdılar. Elə onların vasitəsilə, yaxud etdikləri ianələrin hesabına silah-sursat alırdılar. Hətta istiqlalçılar özlərinin bir neçə hərbi batalyonunu yaratmağa müvəffəq olmuşdular. Bax, çat vermə deyəndə buna, yaxud buna bənzər hadisələrə işarə edirdim.

5. Beşinci qüvvə isə Naxçıvanda demək olar ki, seçki yolu ilə hakimiyyəti ustalıqla tam ələ almış və siyasi prosesləri dərinliklə izləyən, hər hadisədən nəticə çıxardan Heydər Əliyəv idi. Gələcəkdə tarixi hadisələr sübut edəcəkdi ki, sırada beşinci yazdığım qüvvə birinci yerə keçəcək və Azərbaycanı xaosdan və real parçalanmadan qurtaracaqdı, hələliksə, bu müdrik insan Xalq Cəbhəsi ilə bir yerdə çəkici eyni zindana vurur, hətta Xalq Cəhbəsinin nümayəndəsini Naxçıvanda Baş nazir təyin edir. Sonradan, bu Baş nazir İrandan gələn "saqqız" əməliyyatına görə biabırcasına Naxçıvandan qovulacaq, H.Əliyev Bakıda hakimiyyətə gələndən sonra Türkiyəyə üz tutacaq və orada həmişəlik yaşamaq qərarını verəcəkdi.

Bir həqiqəti yazım.Düzdür, buna görə bəziləri mənə qıyqacı da baxacaqlar, amma olsun. Heydər Əliyev 2003-cü ildə  Azərbaycandan ayrıldıqdan sonra daha nəhəng görünür. Onun ölümündən on yeddi il keçib, amma baxırsan ki, uzaqda bir zirvə kimi durur. İllər keçdikcə bu zirvə daha da nəhəngləşir. O özü bir nəhəng fikir babası, siyasi-ictimai xadim olduğundan və Azərbaycanın özü zaman-zaman getdikcə nəhəngləşdiyindən onun dövlətdə yeri və rolu, xidməti indi daha çox başa düşülür. Düzdür, onun haqqında kifayət qədər kitablar yazılıb, amma düşünürəm ki, bu yetərli deyil, çünki Azərbaycan daxilində yazılan kitabların müəlliflərin bəziləri bu əsərləri umacaqla yazıblar.Ona kənardan baxıb yazmaq çox mətləblərə açar ola, onun nəhəngliyini, sosial-siyasi, psixoloji portretini yarada bilərdi.O təkcə siyasi həyatı mükəmməl bilməklə və onu ustalıqla həyata tətbiq etməklə yanaşı, həm də iqtisadiyyatımızın, etnososial psixologiyamızın, milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın, musiqimizin, mətbəximizin və hər şeydən əvvəl insan psixologiyasının gözəl bilicisi idi. O insan psixologiyasının həm də mükəmməl mühəndisi hesab edilə bilərdi və edilməlidi də.

Bir də, bütün bu siyasi qüvvələrdən kənarda ordu vardı və bizim qənaətbəxş olmayan fəaliyyətimiz nəticəsində bəzi adamlar, liderlər və siyasi qüvvələr ayrı-ayrı hərbi hissələri  daxil münaqişələrə çəkir, bu da son nəticədə ermənilərə doğru yönələcək qüvvələri torpaqlarımızı azad etmək əvəzinə, kimlərisə hakimiyyətdən almaq üçün istifadə edildi.Və beynəxalq rəylərin Azərbaycanın xeyrinə yönələn bir zamanda (qeyd edim ki, artıq iyunun sonunda Londonda neft müqaviləsi bağlanmalı idi. Həm də 93-cü ilin aprelində Kəlbəcər işğal olunanda Birləşmiş Millətlər təşkilatı 822 nömrəli qətnamə qəbul etdi və Ermənistanı işğalçı kimi göstərərək qeyd-şərtsiz işğal olunmuş torpaqları azad etmək tələb olundu) 4 iyunda briqada komandiri Sürət Hüseynov tərəfindən qiyam baş verdi. Bir neçə ay öncə Qarabağ uğrunda döyüşlərdə uğurla irəliləyən ordu hissələrimiz, bu dəfə silahlarını Xankəndinə tərəf deyil,  Bakıya  doğru tuşlandılar.

Ardı var...


XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930