Kommunal müəssisələrin özəlləşdirilməsi nə dərəcədə səmərəlidir? - ŞƏRH

Kommunal müəssisələrin özəlləşdirilməsi nə dərəcədə səmərəlidir? - ŞƏRH

Post-pandemiya dövründə nəzərdə tutulan iqtisadi dəyişikliklərdən biri də özəlləşdirilməyə açılan dövlət müəssisələrinin sayının artırılması olacaq. Yeni mərhələdə kommunal xidmət müəssisələrinin də özəlləşdiriləcəyi ilə bağlı iddialar var. Bəs, həmin müəssisələrin özəlləşdirilməsi nə dərəcədə səmərəli ola bilər?


Sfera.az bildirir ki, "İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı Xətai Əliyevin fikrincə, özəlləşdirmə iqtisadiyyata yeni sərmayələrin cəlb edilməsi və dövlət büdcəsinin gəlirinin artması baxımından əhəmiyyətlidir. Onun sözlərinə görə, bu səbəbdən özəlləşdirmənin hansı sahələri, hansı dövlət müəssisələrini əhatə edəcəyi onun iqtisadi əhəmiyyətinə təsir edən əsas göstəricidir.

 

"Özəlləşdirmə ilə bağlı portal yaradılıb və həmin portalda özəlləşdirilməyə çıxarılan müəssisələrlə bağlı məlumatlar var. Həmin məlumatlardan görünür ki, özəlləşdirməyə çıxarılan müəssisələrin əksəriyyəti kiçik miqyaslıdır”, - deyən X.Əliyev söylədi ki, böyük dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsi daha çox maraq doğurur. Amma o böyük dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsinin hər zaman mübahisə yaratdığını da qeyd etdi:

 

"Böyük dövlət müəssisələrinin özəlləşdirib-özəlləşdirilməməsi hər zaman müzakirəyə açıq olub və mübahisə doğurub. Böyük müəssisələrin özəlləşdirilməsində əsas nüans onların səmərəli şəkildə özəlləşdirilməsi və strateji baxımdan təhlükəsizlik məsələləridir. Özəlləşdirmədən danışılanda fikrimizə gələn əsas dövlət müəssisələri SOCAR, onun tabeliyində olan "Azəriqaz”, bunlardan başqa "Azərişıq”, "Azərsu”, "Azərbaycan Beynəlxalq Bank”ı olur. Bu müəssisələr arasında hansıların dövlət üçün təhlükəsizlik baxımından prioritet olması müəyyən edilməlidir. Dövlət təhlükəsizliyini özəl sektora verə bilməz.

 

Mənim fikrimcə təhlükəsizlik nəzərə alınarsa neftin, qazın, işığın, suyun istehsalı dövlətdə olmalıdır, amma onların satışını həyata keçirən hissə özəlləşdirilməlidir. Mən bu müəssisələrin tam özəlləşdirilməsinin əleyhinəyəm. Xüsususən kommunal müəssisələrinin tam özəlləşdirilməsi əlverişli deyil. Onların çoxlu borcu var, zərərlə işlədiklərinə görə dəyəri aşağıdır. Bu gün üçün yalnız onların satış hissəsini özəlləşdirmək olar”.


Ekspert hesab edir ki, özəlləşmədən sonra bazarda rəqabət imkanları yaranmalıdır, inhisarçılıq aradan qalxmalıdır:

 

"Özəlləşdirmə nəticəsində bazarda inhisarçı mövqeyə sahib olan şirkətlər yaranmamalıdır. Müəssisələr bir təşkilata yox, bir neçə təşkilata satılmalıdır. Yəni, eyni sahədə hazırda olduğu kimi bir şirkət yox, bir neçə şirkət xidmət göstərməlidir. Bu halda həm yeyintilərin, korrupsiyanın miqdarı azalacaq, həm də rəqabət yaranmaqla səmərəlilik artacaq. Rəqabət yaranarsa, səmərəlilik yüksələrsə, bu halda kommunal xidmət haqlarının həqiqi maya dəyərini müəyyənləşdirmək olar. Bilmək olar ki, xidmət haqları nə dərəcədə daha mənfəətlidir. 2018-ci ildə qiymətlərin yenidən artırılması məsələsi gündəmə gəlmişdi. Mən onda da bildirmişdim ki, qiymətlərin artırılması ilə problemlər öz həllini tapmır. İlk növbədə səmərəli idarəetmə təşkil edilməli, xərclərin effektivliyinə nəzarət olmalıdır. Əgər bunlar edilmirsə, yenə də həmin təşkilatlar dövlət büdcəsindən dotasiya alacaq. Buna görə də səmərəli idarəetmə yaradılmadan real vəziyyəti görmək mümkün deyil.

 

Özəlləşdirmədən sonra ədalətli rəqabət təmin edilərsə, o zaman bilinəcək ki, hansı qiymət sərfəlidir. Bu zaman xidmət qiymətləri bazar qiymətindən yuxarı olarsa, dövlət subsidiya da verə bilər. Amma zamanla maya dəyəri ilə bazar dəyəri uyğunlaşa bilər. Çünki bazar hansı qiyməti tələb edirsə, həmin qiymət də olmalıdır”.


X.Əliyev düşünür ki, özəlləşdirmə dövlət büdcəsinin subsidiya yükünü azaldacaq: "Dövlət büdcəsidən hər il böyük məbləğdə subsidiya ayrılır.

 

Özəlləşdirmədən sonra dövlət büdcəsi bu yükdən azad olacaq. Dövlət büdcəsi üçün maliyyə yükünün yaranması onunla bağlıdır ki, satış qiymətləri aşağıdır. Amma özəlləşdirmədən sonra tədricən qiymətlər bazar qiymətlərinə uyğunlaşacaq. Dövlət büdcəsindən subsidiyanın azaldılması hesabına qənaət ediləcək əlavə vəsaitlər hesabına iqtisadiyyat dəstəklənə və əhalinin sosial müadafiəsi gücləndirilə bilər”.


 

Vasif

 

 

 

 

 

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930