Cəmİyyət

“Koronavirusa görə məhkəmə iclaslarının təxirə salınmasına zərurət var” - RƏY

“Koronavirusa görə məhkəmə iclaslarının təxirə salınmasına zərurət var” - RƏY
 

Koronavirus infeksiyasının (COVİD-19) ölkədə yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah müəyyən tədbirlər planı həyata keçirib, bir ay müddətində bəzi sosial izolyasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərarlar qəbul edib.

Ölkə üzrə bütün təhsil müəssisələrinin fəaliyyətinin müvəqqəti dayandırılmasının ardınca, bütün kütləvi tədbirlərin təxirə salınması, bir çox müəssilərin fəaliyyətinin dayandırılması, iaşə obyektlərinin fəaliyyətinə məhdudlaşmalar tətbiq edilməsi və s. vacib qərarlar qəbul edildi.

Yoluxma və virusun yayılma riskinin azaldılmasına xidmət edən bu tədbirlərin kütləvilik yaranan digər sahələrə də aid edilməsi barədə təkliflər var.

"Report”a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Kamandar Nəsibov hesab edir ki, koronavirusla əlaqədar bir çox sahələrə tətbiq edilən tədbirlər məhkəmə iclaslarına da şamil edilməli və məhkəmə prosesləri müəyyən bir müddət üçün təxirə salınmalıdır:

"Məsələn, virusun yayılması təhlükəsinin qarşısının alınması üçün əyləncə mərkəzlərinə girişə qadağa qoyulub, kafe-restoranlara vaxt məhdudiyyəti tətbiq edilib. Amma bəzən elə məhkəmə prosesləri olur ki, orada kafe-restorandan daha çox kütlə olur. Hətta bəzən iclas zalına 50 və daha artıq adam yığılır. Qapalı, çox da böyük olmayan iclas zalında hamı bir-biri ilə yaxın təmasda, ünsiyyətdə olmaq məcburiyyətindədir. Bu isə hamı üçün təhlükə deməkdir. Çünki orada olanlardan biri özünün də xəbəri olmadan virus daşıyırsa, digərlərinin də yoluxma riski böyükdür”.

K.Nəsibov əlavə edir ki, bu cür vəziyyət istintaq təcridxanasından gətirilən dustaqlar üçün də təhlükəlidir.

"Çünki dustaq da yoluxma riski altında olur və yoluxarsa, yenidən qaytarılacağı müəssisədə saxlanılanları da təhlükəyə salır. Məhz belə təhlükələrdən qorunmağa görə təqsirləndirlənlər üçün məhkumlarla görüşə və sovqat qəbuluna qadağa qoyulub. Ancaq ziddiyyətli məqam odur ki, məhkumla 1-2 nəfər yaxınının görüşünə qadağa qoyulduğu halda, çox sayda şəxsin olduğu məhkəmə proseslərinə gətirlir”.

Ekspert bildirir ki, açıq məhkəmə iclasında tərəflər, vəkillər, şahidlər, ekspertlər, dövlət ittihamçısı və hakimlərlə yanaşı, tərəflərin yaxınları, jurnalistlər və istənilən şəxs iştirak edə bilər:

"Bu səbəbdən də proseslərə daxil olan şəxslərin hamısını nəzarətdə saxlamaq mümkün deyil. Hətta müəyyən yoxlama həyata keçirilsə belə, məlum olduğu kimi bu virus 14 gün müddətində özünü biruzə verməyə bilər. Ona görə də faktiki olaraq məhkəmə prosesinə gələn insanlara nəzarət mexanizmi mümkün deyil. Bu səbəbdən təhsil müəssilərində olduğu kimi məhkəmə prosesləri də bir müddətlik təxirə salınmalıdır. Məsələn, vəkil gün ərzində bəzən 5-6 ayrı rayonun məhkəməsində, apellyasiya, kassasiya instansiyalarında olur. Bir çox hallarda apellyasiya və Ali Məhkəmədə çox sayda insan zalda əyləşərək növbəti prosesləri gözləyirlər. Bütün proseslərdə çoxsaylı insanla təmas yaranır, oradan çıxıb başqa bir prosesə gedən vəkillər də potensial yoluxma və yayma riski daşıyır”.

K.Nəsibov hesab edir ki, yoluxma riskinin qarşısının alınması üçün məhkəmə proseslərinin təxirə salınması vacibdir:

"Təbii ki, yuxarı səviyyədə müzakirələr aparılaraq, müəyyən addımların atılmasına zərurət var. Cinayət işlərində baxılma müddəti yoxdur. Ona görə də, bu işləri müəyyən müddətə təxirə salmaq olar. Bu, kiminsə hüququnun pozulması kimi qiymətləndirilməməli, sırf həmin şəxslərin və digərlərinin sağlamlıq və təhlükəsizliyinin təmini kimi qəbul edilməlidir.

Mülki işlərə baxılma müddəti olsa da, mövcud şəraiti nəzərə alaraq bu prosesləri də 1 ay müddətinə təxirə salmaq mümkün ola bilər. Bi da koronavirusun yayılma təhlükəsinin qarşısının alınması üçün mükəmməl üsullardan biridir”.

Məhkəmə-Hüquq Şurası Aparatının böyük məsləhətçisi Seyfəlpaşa Əliyev "Report”a bildirib ki, məhkəmə binalarında, iclas salonlarında koronavirusa görə dezinfeksiya işləri aparılıb:

"Hazırda məhkəmələr normal iş qaydasında işləyir. Məhkəmə salonlarında dezinfeksiya işləri görülməklə yanaşı, vətəndaşlara aid tələblər də müvafiq yerlərdə asılıb”. 


XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930