İqtİsadİyyat

Ölkələrin İslam maliyyəsinə marağı artır: Dəyəri 2,5 trilyon dollara çatacaq

Ölkələrin İslam maliyyəsinə marağı artır: Dəyəri 2,5 trilyon dollara çatacaq
İslam maliyyə sektorunun həcmi 2021-ci ildə daha da genişlənəcək. 2020-ci ildə 2,2 trilyon dollar dəyərində qiymətləndirilən İslam maliyyə sektorunun dəyəri bu il daha 220-250 milyard dollar artaraq 2,4-2,5 trilyon dollara çatacağı proqnozlaşdırılır.

Sfera.az bildirir ki, bununla bağlı proqnozu "S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyi açıqlayıb.

2020-ci ildə sektorun böyüməsi 10,6 faiz, 2019-cu ildə 17,3 faiz olmuşdu.

İslam bankçılığının, maliyyələşməsinin genişlənməsi yalnız müsəlman ölkələri tərəfindən təmin edilmir. 

Bununla bağlı Sfera.az saytına danışan İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Ruslan Atakişiyev qeyd etdi ki, hazırda 102 ölkədə İslam bankçılığı təcrübəsindən istifadə edilir. Ekspert həmin ölkələrin 50-yə qədərinin qeyri-müsəlman ölkəsi olduğunu söylədi: 

"İslam maliyyə institutlarının fəaliyyət göstərdiyi 102 ölkədə 1400-dən çox maliyyə təşkilatı xidmət göstərir. İslam İnkişaf Bankına 57 müsəlman ölkəsi üzvdür və onların 52-də İslam bankçılığı tətbiq edilir. 

Qeyri-müsəlman ölkələrində də İslam bankçılığına maraq artır. Cənubi Afrika Respublikasında əhalinin 2 faizi müsəlman olduğu halda, burada 2 İslam bankı fəaliyyət göstərir. Həmin bankların xidmətindən qeyri-müsəlmanlar da istifadə edir. Kamerunda, İngiltərədə, Çində də vəziyyət eynidir. Cənub-Şərqi Asiyada İslam banklarını çinlilər açır və daha çox çinlilər istifadə edir”. 

R.Atakişiyev dedi ki, proqnozlara əsasən, 2023-cü ildə islam maliyyəsinin həcmi 3,8 trilyon dollara çatacaq. Onun sözlərinə görə, İslam maliyyəsi sektorunun inkişaf etməsi bir neçə səbəblə bağlıdır: 

"Burada əsas səbəblər, İslam maliyyə alətlərinin risklərin bölüşdürülməsinə imkan yaratması, gəlirlilik baxımından dayanıqlı olması, təcrübələrin paylanması imkanının yaranmasıdır. Bəzi alətlər var ki, ənənəvi banklara nisbətən daha çox gəlir gətirir. Bu baxımdan İslam maliyyəsi sektoruna maraq artır. 
Digər tərəfdən, son dövrlər yeni maliyyə alətləri də meydana çıxıb. Məsələn, qiymətli kağızlar bazarının artması, təvaroq (birbaşa borclanma) alətlərindən istifadənin artması mühüm rol oynayır. 

Yeniliklər, risklərin az olması və digər əlverişli imkanlar İslam maliyyəsinin artmasını şərtləndirən əsas amillərdir”.

R.Atakişey söylədi ki, İslam İnkişaf Bankı ilə Azərbayca İqtisadiyyat Nazirliyi arasında 2017-ci ilin yanvarın 1-dən 2020-ci ilin martın 20-nə kimi qüvvədə olan saziş bağlanıb. Həmin sazişə əsasən, Azərbaycanda İslam bankçılığı ilə bağlı qanunvericilik bazasının hazırlanması üçün təkliflər verilməlidir. Bank layihəyə 200 min dollar vəsait ayırmışdı. R.Atakişiyev dedi ki, təklif hazırlanıb Azərbaycan hökümətinə təqdim edilib və yaxın dövrdə Milli Məclisə qanun layihəsinin təqdim edilməsi gözlənilir. 

Ekspert əlavə etdi ki, müvafiq qanunun qəbulundan sonra Azərbaycanda İslam bankçılığı inkişaf edəcək: "Çünki ölkəmizdə bu sahənin inkişafını istəyən banklar və investisiya şirkətləri var. Hüquqi baza olduqdan sonra həm daxildən, həm də xaricdən cəlb edilən vəsaitlərlə İslam maliyyəsi sahəsini inkişaf etdirmək mümkün olacaq”.

Vasif
Sfera.az



XƏBƏR LENTİ

«    May 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31