İqtİsadİyyat

Martda dollar alışı rekord həddə çatıb – DEVALVASİYANIN AYAQ SƏSLƏRİ, YOXSA...

Martda dollar alışı rekord həddə çatıb – DEVALVASİYANIN AYAQ SƏSLƏRİ, YOXSA...

2020-ci ilin mart ayı ölkəmizdə dollar alışının kəskin artdığı ay kimi yadda qalacaq. Martda dollara tələb o qədər artdı ki, Mərkəzi Bank və Dövlət Neft Fondu ard-arda 4 gün hərrac keçirdi, bankların dollara olan tələbini çətinliklə ödəyə bildi. Ötən ay dollara tələbin kəskin artmasının səbəbi neftin kəskin ucuzlaşması və bunun nəticəsində devalvasiya qorxusu ilə bağlı idi.

 

Sfera.az yaşananların növbəti devalvasiyaya gətirib çıxara biləcəyi ehtimallarını araşdırıb.

 

Əslində, bu narahatçılıq üçün ciddi əsaslar var. Çünki koronavisur pandemisyası ilə əlaqədar neftin qiyməti 3 dəfəyə qədər ucuzlaşıb, bununla yanaşı əsas neft ixracatçıları olan Səudiyyət Ərəbistanı və Rusiya neft hasilatı məsələsində razılığa gələ bilmirlər. Belə vəziyyətdə insanlarda haqlı olaraq ölkəmizdə növbəti dəfə devalvasiyanın olacağı ilə bağlı qənaət formalaşıb.

 

İndi neft qiymətləri ilə bağlı ən böyük təhlükə karonavirus pandemiyasından qaynaqlanır. Əgər bu pandameya daha uzun müddət davam edərsə və proqnozlaşdırıldığı kimi may-iyun dövründə zəifləməyə başlamasa, o halda dünya iqtisadiyyatının böhrandan xilas etmək çətin olacaq və neftin qiyməti uzun müddət aşağı səviyyədə qalacaq. Belə bir vəziyyətdə Azərbaycanın öz iqtisadi tarazlığını qoruması üçün əsas tədbirlərdən biri devalvasiya olacaq.

 

 

Azərbaycanda əhali və biznes dairələri belə bir təcrübəni 2014-2016-cı illərdə yaşadılar. Həmin dövrdə yaranmış vəziyyətlə əlaqədar olaraq neftin qiyməti uzun müddət 40-60 dollar intervalında qaldı. Buna görə də ölkəmizdə dollar manat məzənnəsi 2,15 dəfə qaldırılaraq 0,78-dən 1,7-yə çatdırıldı.

 

Mövcud məzənnə Azərbaycanın satdığı neftin qiymətinin 42 dollardan aşağı düşməyəcəyi təqdirdə sabit qala bilər. Əks halda dollar/manat kursunu qorumaq üçün ölkəmizin valyuta ehtiyatlarından xərcləmək lazım gələcək. Valyuta ehtiyatlarını bu məqsədlə uzun müddət xərcləmək əlverişli olmadığından yeni bir devalvasiya qaçılmazdır.

 

Əhali və biznes dairələri bu riski nəzərə alaraq hər ehtimala qarşı dollarla yığımlarını artırdılar. Bunun nəticəsində mart ayında dollara tələb maksimuma qalxdı.

 

Ölkəmizdə dollara olan tələb əsasən Dövlət Neft Fondunun (ARDNF) dövlət büdcəsinə transfert üçün satdığı valyuta hesabına ödənilir. Bu il ARDNF dövlət büdcəsinə transfert üçün məzənnə 1,7 səviyyəsində qalmaq şərti ilə 6,8 milyard dollar satmalıdır. İlin birinci rübündə keçirilən valyuta hərraclarında 2,761 milyard dollar satılıb. ARDNF yanvarda 300,2 milyon dollar, fevralda 543,4 milyon dollar satıb. Yanvar-fevralda ümumilikdə 843,6 milyon dollar satılıb.

 

Dollara ən böyük tələb mart ayında olub. Mart ayında dollar ajiotajı yaranıb və dollar alışı fevral ayına nisbətən 3,52 dəfə artıb. Ötən ay 9 hərrac keçirilib və bu hərraclarda 1 milyard 917 milyon dollardan çox vəsait satılıb.

 

Birinci hərrac martın 5-də keçirilib. Bu hərracda 257 milyon dollar, martın 10-da keçirilən hərracda 323,2 milyon dollar, martın 11-də olan hərracda 155 milyon dollar, martın 12-da keçirilən hərracda 220,8 milyon dollar, martın 13-də olan hərracda 265,2 milyon dollar, martın 17-də təşkil edilən hərracda 250,3 milyon dollar, martın 19-da olan hərracda 243,7 milyon dollar, martın 29-da keçirilən hərracda 106,5 milyon dollar, nəhayət, martın 31-də keçirilən son hərracda 95,6 milyon dollar alınıb.

 

Hər ay ARDNF-in hərracları adətən azsayda keçirilir. Amma martda onların sayı və intensivliyi artıb. Birinci hərrac martın 5-də keçirildiyi halda növbəti hərraclar ayın 10-dan başlayaraq hər gün keçirilib.

 

Neftin mövcud qiyməti hələ də xalqı devalvasiyanın olacağı qorxusu içində saxlayır. İnsanlar bu qorxularını aradan qaldırmaq üçün məcbur olub güvənli yığım vasitəsi kimi dollar alışını artırır.

 

Lakin onu bildirək ki, son günlərdə dollara tələbin azalması müşahidə edilir. Keçirilən son hərraclar bunu göstərir. Dollar alışının azalmasının 3 səbəbi var. Birinci səbəb iqtisadiyyatda tələbin azalmasıdır. Karantin tədbirləri ilə əlaqədar gəlirlər azaldığından əhali əllində olan pulu əsasən gündəlik xərclərinə yönəldir.


İkinci səbəb dollar satışının məhdudlaşdırılmasıdır. Faktiki olaraq banklarda dollar məhdudiyyətlə satılır. Bəzi banklar isə ümumiyyətlə dolların olmadığını bildirir. Bu vəziyyət "qara bazar”ı aktivləşdirib. Müxtəlif məlumatlara əsasən "qara bazar”da dolların qiyməti 1,8 manatı ötüb.

 

Dollara tələbin azalmasının üçüncü səbəbi manatla pul kütləsinin azaldılmasıdır. Bunun sayəsində ölkəmizdə manatla pul qıtlığı yaradılıb. Manatla pul olmadıqda isə dollar almaq çətinləşir. Mərkəzi Bank depozit hərracı keçirərək manatın müəyyən hissəsinin dövriyyədən çıxarıb. Mart ayında depozit hərracları vasitəsilə dövriyyədən 600 milyon manat yığılıb.

 

Həm Mərkəzi Bankın tədbirləri, həm də karantinlə əlaqədar iş yerlərinin bağlanması ölkədə manat qıtlığını hiss etdirir. Əgər bu vəziyyət uzun müddət davam edərsə dollara tələb aşağı səviyyədə qalacaq.

 

Vasif

Sfera.az

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031