Mənzil bazarı böhrandan çıxa bilmir – Qiymətlər ucuzlaşacaq

Mənzil bazarı böhrandan çıxa bilmir – Qiymətlər ucuzlaşacaq

2020-ci ildə pandemiyanın yaratdığı çətinliklərdən daşınmaz əmlak, o cümlədən mənzil bazarı da öz nəsibini alıb. Daşınmaz əmlak bazarında tələbin, yəni alıcılıq qabiliyyətinin zəifləməsi müşahidə edilir. Bazarda təklif də yüksək deyil. Amma buna baxmayaraq öz əmlakını satmaq istəyən şəxs qiymət endiriminə getməyə məcburdur.


Sfera.az xatırladır ki, mənzil bazarında alıcılığın azalmasına təsir göstərən səbəblər çoxdur. Amma əsas səbəb əhalinin gəlirlərinin azalmasıdır.

 

Qeyd edək ki, əhalinin gəlir göstəricisi makroiqtisadi göstərici hesab edilir və burada baş verən pisləşmə iqtisadiyyatın bütün sahələrinə mənfi təsir göstərir. Rəsmi statistikaya əsasən, 2020-ci ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri 27,4 milyard manat təşkil edib.


Əvvəlki ilin eyi dövrü ilə müqayisədə gəlirlərdə cəmi 0,6 faiz artım var. Bu dövrdə ölkənin istehlak bazarında qiymətlərin artımı əhalinin gəlirlərinin artımını 2,4 faiz bəndi üstələyib. Bu o deməkdir ki, əhalinin real gəlirləri 2,4 faiz azalıb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 24,71 milyard manatlıq vəsait qalıb.

 

Əhalinin real gəlirlərinin azalması daşınmaz əmlak qiymətlərinə və bazardakı aktivliyə mənfi təsir göstərir. Daşınmaz əmlak bazarının yalnız mənzil bazarı sementində müəyyən qədər aktivlik var. Bu da əsasən ipoteka kreditləşməsi hesabına təmin edilir. Amma ipoteka kreditləşməsi predmeti olmayan əmlaklar üzrə aktivlik səviyyəsi nisbətən aşağıdır. İlin əvvəlində müşahidə edilən nisbi passivlik pandemiyanın yayılması ilə əlaqədar neftin qiymətinin aşağı düşməsi və bunun iqtisadiyyata potensial təsiri gözləntiləri ilə bağlı olub.

 

Sonradan bu gözləntilər özünü doğruldub və bazardakı aktivlik daha da aşağı düşüb. Karantin dövrü isə daşınmaz əmlak bazarını tam çökdürüb. Bu da normal haldır, karantin dövrü daşınmaz əmlakla bağlı əməliyyatlar üçün uyğun vaxt deyil. Karantin rejimi tətbiq edilən bütün ölkələrdə bu müşahidə olunur. Fərq ancaq təsirin az və ya çox olmasındadır. Bu şəraitdə bir çox ölkələrdə əmlak agentlikləri onlayn rejimdə işlərin aparılmasına daha çox diqqət etməyə başladılar. Bu işlər təşkilatı işlərə aiddir,məsələn müştəri ilə ünsüyyət, müştəri axtarışı və s. Sözsüz ki, onlayn alqı satqıdan getmir söhbət. Daşınmaz əmlakın xüsusiyyəti də odur ki, digər əmlaklardan fərqli olaraq onun satışı onlayn rejimdə mümkün deyil bizim reallıqda. Bu səbəbdən də karantin rejimində ancaq bazarda sabitliyin təmin edilməsini müşahidə etmək olardı.


Ekspert qiymətləndirməsinə görə tələbin zəiflədiyi dövrdə bazarda aktivliyi yaratmaq üçün qiymətlərdə enmə vacibdir. Amma Azərbaycanda bazarda böyük paya malik olan şirkətlər qiymət endiriminə getmir və bu, satışlara mənfi təsir edir. Hazırkı dövrdə alıcıların bazara qayıtması üçün bir neçə şərt təmin edilməlidir. Birincisi, aşağı qiymətlər olmalıdır. Qiymətlərin əhəmiyyətli enməsi müştəri cəlb edə bilər. Hazırda qiymətlərdə əhəmiyyətli eniş görmədiyimiz üçün biz bunu müşahidə etmirik.

 

İkincisi, əhalinin alıcılıq qabiliyyəti artmalıdır. Əgər satıcılar əhalinin alıcılıq qabiliyyətinin artmasını gözləyirsə, o halda postpandemiya dövrünə qədər səbr etməli olacaqlar. Postpandemiya dövrü isə ən azından 6 ay-1 il davam edəcək. Əvvəlki illərin təcrübəsi göstərir ki, postpandemiya dövründə iqtisadiyyata ucuz vəsaitlər yönəlməsə, mənzil bazarında aktivliyi bərpa etmək mümkün olmayacaq.


Qeyd edək ki, daşınmaz əmlak bazarında fiskal dəyişikliklər də bazara təsir edə bilməyib. Bu il daşınmaz əmlak bazarında çoxlu hadisələrin və yeniliklərin baş verməsi gözlənilirdi. Əsas yeniliklərdən biri vergiqoyma sistemində olan dəyişikliklərdi. Bilirsiniz ki, artıq 2020-ci ildən etibarən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən bina tikintisi ilə məşğul olan şəxslər vahid vergi rejiminə keçməklə ƏDV və mənfəət vergisi ödəyicisi oldular. Dəyişikliklərdən əvvəl isə vergi ödəyicisinin iki vergi rejimindən birini seçmək imkanı var idi: ya sadələşdirilmiş vergi sistemi üzrə, ya da ƏDV və mənfəət vergisi ödəyicisi kimi. Bu dəyişiklik ilkin bazarda mənzillərin satış qiymətinə təsir göstərə bilmədi. Baxmayaraq ki, ilkin bazarda mənzillərin qiymətlərinin artımı ilə bağlı şayiələr də gəzirdi.


Beləliklə, mövcud şərtlərlə daşınmaz əmlak bazarında, o cümlədən mənzil bazarında aktivliyin artmasından, qiymətlərin yüksəlməsindən danışmaq əbəsdir.

 

 

Vasif

 

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31