Moskva göz yaşlarına inanır? – Rusiyanın Qarabağ döyüşləri ilə bağlı nisbi yumşaqlığının səbəbləri

Moskva göz yaşlarına inanır? – Rusiyanın Qarabağ döyüşləri ilə bağlı nisbi yumşaqlığının səbəbləri

"Rusiya və digər həmsədr dövlətlər münaqişə ilə bağlı mövcud status-kvonun dəyişməsini istəyir”.


Bu sözləri Sfera.az-a açıqlamasında Dağlıq Qarabağda müharibənin yenidən alovlanması fonunda Rusiyanın 2016-cı ilin aprelində olduğunun əksinə, qismən yumşaq mövqe sərgiləməsinin səbəblərinə toxunarkən politoloq Nəsimi Məmmədli deyib:


"İstənilən halda Rusiya və digər həmsədr dövlətlər mövcud status kvonun dəyişməsini istəyir.Ən azından səslənən bəyanatlardan belə görünür. Mövcud status-kvo artıq heç kəsə sərf etmir. Nə sülh imzalamaq, nə də danışıqlar aparmaq mümkün deyil. Ona görə də Moskva və digər həmsədr dövlətlər başlanan hərbi əməliyaytlara hələlik ciddi təpki göstərmir, ümumən yumşaq mövqe sərgiləyirlər. Bu əməliyyatlardan sonra mütləq mənada proses yeni mərhələyə qədəm qoyacaq. Bu qaçılmazdır.

 

Qarabağ məsələsində danışıqlar prosesi tamamilə dalana dirənib. Bu tək tərəflər arasındakı münasibətdə deyil, eyni zamanda, sülhyaratma missiyasında iştirak edən ATƏT-in Minsk qrupu həmsədrlərinin yanaşmalarında da özünü açıq şəkildə göstərirdi. Nəticədə gördüyümüz kimi, hərbi əməliyyatlar qaçılmaz oldu”.

 

N. Məmmədlinin fikrincə, Rusiyanın prosesdə yumşaq yanaşma sərgiləməsinin səbəblərindən biri də Şimal Ayısının hərbi əməliyyatların zəruriliyini qəbul etməsindən irəli gəlir: "Başlanan hərbi əməliyyatlara təkcə Rusiyanın timsalında deyil, eyni zamanda, ABŞ Prezidenti səviyyəsində və Fransa Prezidentinin yanaşmalarında da yumşaq mövqe özünü göstərir. Faktiki olaraq hərbi əməliyyatların zəruriliyi artıq hər kəs tərəfindən qəbul edilir”.


Amma politoloq onu da qeyd etdi ki, müharibə uzanacağı halda Rusiya başda olmaqla böyük dövlətlərin prosesə hazırkı yumşaqsayağı yanaşması dəyişə bilər:

 

"Hərbi əməliyyatların baş verməsinə Rusiya başda olmaqla digər güclərin bu yumşaq reaksiyalarının nə qədər davam edəcəyini birmənalı söyləmək çətindir. Çox güman ki, hərbi əməliyyatlar uzanacağı təqdirdə, həmin dövlətlərin indiki mövqeyi, yanaşması dəyişəcək”.


Hələlik isə N. Məmmədliyə görə, həmsədr ölkələr nəticənin necə olacağını gözləyir:

 

"Hələlik regionda marağı olan böyük dövlətlər, o cümlədən Rusiya 5-7 günlük, ya da 10 günlük hərbi əməliyyatların hansı nəticəni verəcəyini gözləyir. Belədə həmin güclərin gələcəkdə buna müvafiq şəkildə davranmaları qaçılmaz olacaq. Tərəflərdən hansısa biri ciddi itkilər versə, hərbi əməliyyatın onun üçün zərərli olduğunu qəbul etsə, görünür ki, yeni format yaranacaq”.

 

Həmsöhbətimiz onu da vurğuladı ki, Rusiya müharibədən sonrakı mərhələ üçün sərgiləyəcəyi davranışını artıq müəyyənləşdirib:

 

"Bəlkə hətta tərəflərə bu barədə öz mövqeyini də çatdırıb. Rusiyanın dinc əhali arasında itkilərin olmamasına çağırması əslində o deməkdir ki, tərəflər qoy, hərbi əməliyyatları aparsın, kim güclü olsa gələcəkdə ona müvafiq şəkildə də davranacaqlar. Moskva üstörtülü şəkildə bu mesajı verir. Hərbi əməliyyatlar ümumiyyətlə bütövlükdə cəmiyyəti yenidən dəyişir. Ona görə hərbi əməliyyatın nəticələri regionda ciddi təsirlər doğuracaq. Hər halda görünən odur ki, əsas oyunçulardan olan Rusiya hərbi əməliyyatların dərhal dayandırılması barədə çağırışlar etmir.

 

Diqqət yetirmisinizsə, belə bir məqam oldu ki, zərurət olarsa Rusiya Prezidenti Azərbaycan Prezidentilə telefonla danışaraq məsələni müzakirə edə bilər. Yəni belə çıxır ki, hələlik buna zərurət yoxdur. Döyüşlərin gedişi nəticəsində kimin güclü olduğu, hansı cəmiyyətin təzyiqə dözəcəyi kimi məqamları nəzərdən keçirmək görünür, Rusiyanın hazırkı siyasətində ortada olan amillərdir”.


Elçin

Sfera.az

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031