AKTUAL

Pandemiyanın Azərbaycanda 1,3 milyon insanı işsiz qoymaq ehtimalı var

Pandemiyanın Azərbaycanda 1,3 milyon insanı işsiz qoymaq ehtimalı var

"Pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirilən zaman yalnız ÜDM-dəki 2,7 faizlik azalma əsas götürülməməlidir. Pandemiyadan öncə ilin birinci yarısı üçün proqnozlaşdırılan iqtisadi artımların baş verməməsi də nəzərə alınmalıdır. Yalnız o halda pandemiyanın makroiqtisadiyyata təsirini düzgün qiymətləndirə bilərik”.


Sfera.az bildirir ki, bu açıqlamanı "İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı Azər Mehtiyev verib. Onun fikrincə, ilin birinci yarısı üçün iqtisadi artım 2-3 faiz qiymətləndirilirdi. "Pandemiya ilə əlaqədar nəinki gözlənilən artım baş verməyib, həm də 2,7 faizlik geriləmə baş verib”, - deyən ekspert hesab edir ki, proqnoz və faktiki vəziyyətin müqayisəsi itkiləri daha düzgün təsəvvür etməyə imkan verir.


A.Mehtiyevin qənaətincə, pandemiyanın makroiqtisadi proseslərə təsirini qiymətləndirmək üçün iqtisadi artım, məşğulluq, işsizlik səviyyəsi, istehlak qiymətləri indeksi, xarici sektor, pul-kredit və digər məsələlər üzrə prosesləri nəzərdən keçirmək lazımdır. O qeyd etdi ki, ilk 6 ayda iqtisadiyyatın əksər sahələrində geriləmə baş verib: "Azalma həm neft-qaz, həm də qeyri-neft sektorunda qeydə alınıb. Qeyri-neft sektorunda azalma 2,5 faiz, neft-qaz sektorunda isə 2,9 faiz geriləmə var. ÜDM-nin hər iki sektorunda azalmanın baş verməsi pandemiyanın yaranması ilə neft qiymətlərindəki azalmanın üst-üstə düşməsidir.

 

Sahələr üzrə götürdükdə ən böyük geriləmə turistlərin yerləşdirilməsi, ictimai iaşə xidmətindədir. Burada əlavə dəyərin yaradılmasında 47,9 faiz azalma var. İkinci ən böyük təsirə ticarət sektoru məruz qalıb. Bazar və yarmarkalar üzrə pərakəndə ticarət dövriyyəsi 17,3 faiz kiçilib. Ümumən itehlak bazarının ümumi həcmi 6,4 faiz, pərakəndə ticarət dövriyyəsi 1,9 faiz azalıb. Əhaliyə pullu xidmətlərin göstərilməsi isə 19,2 faiz geriləyib.

Xarici ticarət dövriyyəsində ümumi azalma 25,3 faiz, ixracda 22 faiz, idxalda 28,9 faizdir. Ancaq idxalda 2019-cu ildəki monetar qızıl alışını nəzərə almasaq azalma 5 faizdən bir qədər yüksəkdir.

 

Pandemiyanın nəqliyyat sektoruna təsirləri də aydın görünür. Bu ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ölkə üzrə sərnişin daşınması 28,7 faiz azalıb. Yük daşınması isə yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz azalıb.

 

Tikinti sektorunda 14,5 faiz azalma var. 2016-cı ildən tikinti sektorunda başlayan böhran davam etməkdədir. Bu ilin birinci yarısında azalmada pandemiyanın da təsirləri var.

 

Bir neçə sahələr var ki, orada artımlar müşahidə edilir. Kənd təsərrüfatı, emal sənayesi, informasiya və rabitədə yaradılan əlavə dəyərdə artım var. Bu sahələrlə bağlı diqqəti cəlb edən əsas məqam onlarda da artım tempinin aşağı düşməsidir”.


A.Mehtiyev pandemiyanın müsbət təsir göstərdiyi sahələrin olduğunu da bildirdi. O həmin sahələrdən distant təhsil və elektron ticarətin adını çəkdi: "Təhsil sahəsində distant təhsilə keçidin sürətlənməsi qeydə alınıb. Bundan başqa elektron xidmətlər, o cümlədən elektron ticarət genişlənir. İnternet üzərindən verilən sifarişlər əsasında satışlarda artım var.

 

Lakin mövcud vəziyyət göstərir ki, bu sahələrdə də vəziyyət o qədər yaxşı deyil. İnfrasturkturun lazımı səviyyədə olmaması elektron ticarətin inkişafını çətinləşdirir”.

 

Ekspert pandemiyanın iqtisadi problemlərlə yanaşı sosial problemlər də yaratdığını vurğuladı: "Pandemiya işsizlərin sayının artmasına da səbəb olub. Rəsmi statistikaya əsasən, işsizlərin sayı 89,5 min nəfər və ya 34,5 faiz artıb. Bunu nəzərə alanda işsizlik səviyyəsi 4,8 faizdən 6,5 faizə yüksəlib. Hökumət pandemiya nəticəsində nə qədər məşğul insanın işini itirməsinə dair ayrıca statistika hazırlamalıdır.

 

Əvvəl 200 min insana 190 manat məbləğində kömək edildi. Sonra onların sayı 400 min nəfər artırıldı. Bu artımın nəyə əsaslandığı məlum olmadı. Apardığım hesablamalar göstərir ki, 1,3 milyon insan risk qrupuna daxildir və onların pandemiyanın təsiri ilə iş yerlərini itirməsi ehtimalı var. Buna görə də dövlət 600 min yox, 1,3 milyon insana yardım etməli idi.

 

Birinci yarımildə əhalinin nominal gəlirləri 0,6 faiz artıb. Əhalinin real gəlirləri isə 2,4 faiz azalıb. Çünki inflyasiya 3 faiz olub və nominal gəlirlər nəzərə alınarsa real gəlirin 2,4 faiz azaldığını görürük”.

 

A.Mehtiyevin fikrincə, pandemiyanın təsirlərini qiymətləndirmək üçün hökumətin yeni makroiqtisadi proqnozlarına ehtiyac var. Onun qənaətincə, məşğulluq statistikası təkmilləşdirilməli, pandemiyanın təsirlərindən ən çox əziyyət çəkən risk qrupları müəyyənləşdirilməli, bu məqsədlə məşğulluq statitikası Beynəlxalq Əmək Təşkilatının tələblərinə uyğunlaşdırılmalıdır.

 

İşçilərin ixtisarının qarşısının inzibatı yolla alındığını deyən ekspert bildirdi ki, müəssisələr işçiləri işdən azad edə bilmir, rəsmi sənəddə onlar işçi kimi göstərilir, amma işçilər iş yerindən faktiki uzaqlaşdırılır və əmək haqqı ala bilmir. Ekspert hökumətə bu cür inzibati vasitələrdən istifadə etmək əvəzinə müəssisələrə işçilərə əmək haqqının ödənilməsində kömək göstərilməsini tövsiyə etdi.

 

 

 

Vasif

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930