Sİyasət

“Prezidentin icra başçısına iradı tamamilə yerində idi” – Fəzail Ağamalı

“Prezidentin icra başçısına iradı tamamilə yerində idi” – Fəzail Ağamalı
 "Prezident İlham Əliyevin iradı tamamilə yerinə düşən irad idi”. 

Bu sözləri yenisabah.az-a Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı ölkə başçısı İlham Əliyevin Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında icra başçısı Müstəqim Məmmədova tutduğu irada münasibət bildirərkən deyib. Söhbət muzeydə sərgilənən xəritələrdən birində Azərbaycanın tarixi ərazisi olan Qarakilsənin Sisyan kimi qeyd edilməsinə irad bildirməsindən gedir. "Bizim tarixi adlarımız burada gərək öz tarixi adları ilə əks olunsun. Sisyanın əsl adı Qarakilsədir. Sonradan ermənilər buna Sisyan adı veriblər. Ona görə bunu pozun və Qarakilsə yazın”, - deyə ölkə başçısı bildirmişdi.

Qeyd edək ki, Fəzail Ağamalı tarix elmləri doktorudur. Bununla yanaşı deputat özü də Sisyan adlandırılan rayonda dünyaya gəlib. Onun sözlərinə görə, bu ərazi yerli əhali tərəfindən Qarakilsə adlandırılıb. 

"Mənim kənddə olduğum zaman kəsiyində əhali oranı Sisyan yox, Qarakilsə adlandırırdı. Qarakilsə Zəngəzur qəzasının yaşayış məskənlərindən biri olub. Oradakı kilsə isə Alban kilsəsidir. Sonradan ermənilər onu Qriqoryan kilsəsinə çevirdilər. Ümumiyyətlə, Azərbaycanın tarixi torpaqları olan indiki Ermənistanda bu cür tarixi abidələr çox olub və onların heç birinin ermənilərə hər hansı formada bağlılığı olmayıb. Elə bizim kənddə kilsə var idi və əhalinin onun Alban kilsəsi olduğunu deyirdi. Digər tərəfdən o ərazilərdə erməni toponimləri demək olar ki, yoxdur. Çünki həmin ərazilər Azərbaycan türklərinin yaşayış məskəni olub. Ermənilər isə ora gəlmədi. Musa Urudun "Zəngəzurun toponimləri” kitabında bu barədə geniş yazılıb”, - deyə AVP sədri vurğulayıb.

Fəzail Ağamalı əlavə edib ki, müxtəlif mənbələrdən əldə edilən qədim xəritələrə də diqqət edəndə həmin ərazilərdə Azərbaycan toponimlərinə rast gəlmək mümkündür. "Prezident Tərtərdə dedi ki, çar Rusiyası dövründə hazırlanan xəritəyə baxmaq lazımdır. Bunu təsadüfən demədi. Həmin xəritəyə diqqət etsək görərik ki, indiki Ermənistan ərazisi başdan-başa Azərbaycan toponimləridir”, - deyə deputat bildirib.

Partiya sədri hesab edir ki, Tarix, Coğrafiya və Etnoqorafiya institutları indiki Ermənistanın ərazisində Azərbaycan toponimləri ilə bağlı ciddi xəritə və atlas hazırlamalıdırlar. "Bu, təkcə Azərbaycan dilində olmamalıdır. İngilis, alman, rus, ərəb, ispan, qısası, dünyanın müxtəlif dillərində hazırlanmalı və bütün dünyaya yayılmalıdır. Dünya bilməlidir ki, bu gün ölkəmizə qarşı ərazi iddiları edən Ermənistan dövlət olaraq Azərbaycanın tarixi ərazilərində təşəkkül tapıb. 

Prezident kifayət qədər ciddi məsələyə toxunub və bu, təkcə Ermənistanla informasiya savaşı baxımından deyil, həm də tarix baxımından da önəmlidir. İndiki və gələcək nəsillər bilməlidirlər ki, Azərbaycanın torpaqları təkcə İrandakı ərazilərlə məhdudlaşmır, həm də indiki Ermənistanın ərazilərinin tarixi sahibləri Azərbaycan türkləri olub. Ötən əsrin 50-60-cı illərindən başlayaraq ermənilər oradakı Azərbaycan adlarını dəyişdirməyə, tarixi abidələri saxta yollarla özününküləşdirməyə start veriblər”, - deyə Fəzail Ağamalı qeyd edib.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031