Cəmİyyət

Vüqar İskəndərov: Gənclərimiz bu günlərdə daha fəal olmalı, təbliğat məsələlərində ön sırada getməlidirlər

Vüqar İskəndərov: Gənclərimiz bu günlərdə daha fəal olmalı, təbliğat məsələlərində ön sırada getməlidirlər

Dünyanın 160-dan çox ölkəsini cənginə alan yeni növ koronavirusun (COVİD-19) ölkəmizdə yayılmasının qarşısının alınması üçün Azərbaycan hökuməti tərəfindən bütün mümkün qabaqlayıcı və operativ tədbirlər həyata keçirilir. Bu baxımdan Azərbaycan hətta bir çox ölkələri qabaqlayır. Hazırda Azərbaycanın aidiyyəti qurumları koronavirus infeksiyasına qarşı çox ciddi tədbirlər həyata keçirirlər.

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. 
Onun sözlərinə görə, koronavirus infeksiyasının Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qlobal pandemiya elan olunması və dünyada virusun geniş yayılma tendensiyasının müşahidə edilməsinə baxmayaraq Azərbaycanda aparılan qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə təhlükəli vəziyyət yoxdur: "Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqinə başlayıb. Eyni zamanda, Azərbaycan ölkə ərazisində koronavirusun yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində ÜST-lə sıx əməkdaşlıq edir, həmçinin müvafiq tədbirlər həyata keçirilərkən ayrı-ayrı ölkələrin təcrübəsindən bəhrələnir. Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər sırasında 2020-ci il mart ayının 3-dən etibarən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasını xüsusilə qeyd edə bilərik. Bundan başqa, respublikamızda COVİD-19-a qarşı mübarizə tədbirləri çərçivəsində bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur. Həyata keçirilən bütün bu və digər tədbirlər ölkəmizdə təhlükəli epidemiyanın yayılmasını məhdudlaşdırmaq və əhalinin sağlamlığını təmin etmək məqsədi daşıyır".
Millət vəkili deyib ki, koronavirusun yayılmasına qarşı mübarizə milli təhlükəsizlik məsələsidir, hər bir fərdin və bütövlükdə cəmiyyətin sağlamlığının qorunmasına xidmət edir. Təbii ki, vətəndaşlarımız da diqqətli olmalı, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməli, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirməlidirlər. Onun sözlərinə görə, xüsusilə də gənclərimiz bu məsələdə, o cümlədən atılan addımlarla bağlı əhalinin məlumatlandırılması işində fəallıq göstərməlidirlər: "Son illər Azərbaycanda həyata keçirilən tədbirlər zamanı, həmçinin dövlət siyasətinin yerlərdə təbliğ olunmasında xüsusi fəallıq göstərən gənclərimiz bu günlərdə daha fəal olmalı, təbliğat məsələlərində ön sıralarda getməlidirlər. Məlum olduğu kimi, həm Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yayılan maarifləndirici və tövsiyə xarakterli materiallarda, həm də beynəlxalq mediada işıq üzü görən ekspert rəylərində bu virusa qarşı mübarizə, onun simptomları, yayılması, keçmə yolları, individual müdafiə üsulları, hər bir şəxsin yoluxma ehtimalı, müxtəlif yaş kateqoriyaları üçün virusun təsiri, müalicə vasitələri və digər məsələlər geniş əksini tapmaqdadır. Əminəm ki, bütün məsələlərdə bir könüllü olaraq öndə gedən və fərqlənən gənclərimiz bu dəfə də KİV, sosial şəbəkə və digər vasitələrdən istifadə edərək bu tövsiyələrin əhaliyə çatdırılması üçün əllərindən gələni əsirgəməyəcəklər".

 

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930