No image
Sİyasət

“Yaxın vaxtda məmurların sahibkarlıq fəaliyyətinin qarşısını almaq mümkün olmayacaq” - Çingiz Qənizadə

“Yaxın vaxtda məmurların sahibkarlıq fəaliyyətinin qarşısını almaq mümkün olmayacaq” - Çingiz Qənizadə
 "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının imzalanmasından bir il ötdü. Bu il ərzində hüquq-mühafizə orqanlarının ayrı-ayrı strukturlarında  aparılan islahatların davamı olaraq  20 il baş prokuror olan Zakir Qaralov Kamran Əliyevlə əvəzləndi. Bu və digər gündəmdə olan məsələlərlə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, keçmiş millət vəkili Çingiz Qənizadə yeni sabah-ın suallarını cavablandırıb. 

- Uzun illər həm prokurorluq orqanlarında yüksək vəzifədə işləmiş şəxs və 10 il Milli Məclisdə deputat olan biri kimi Kamran Əliyevin baş prokuror seçilməyini necə qiymətləndirirsiniz? 

- Cənab prezident Kamran Əliyevi baş prokuror təyin edərkən onu qəbul edib prokurorluq orqanlarında islahatların aparılması ilə bağlı tapşırıq və tövsiyyələrini verib. Kamran müəllimin bu işin öhdəsindən layiqincə gələcəyinə heç bir şübhəm yoxdu. Onu 10 il Milli Məclisdə Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvi kimi, həm əvvəllər prokurorluq orqanlarında işləmiş bir şəxs kimi, həm də hüquq müdafiəçisi kimi yaxından tanımışam. Belə hesab edirəm ki, qanunların aliliyini qoruyan və millətinə, dövlətinə sadiq olan layiqli kadrlardan biridir. 

İslahatlar dövründə uzun illər prokurorluq sistemində uğurla işləmiş baş prokuror Zakir müəllimin Kamran Əliyevlə  əvəzlənməsi olduqca uğurlu bir seçimdir.

- Sizin fikrinizcə Kamran Əliyev baş prokuror kimi islahatlara prokurorluğun hansı qurumlarından, daha doğrusu kimlərdən başlayacaq? Prokurorun hazırda hər üç müavini 65 yaşına çatıb. Onların vəzifələrini itirəcəyi nə dərəcədə real görünür?

- Qeyd edim ki, prokurorluq orqanlarında Zakir Qaralovun dövründən uğurlu islahatlar başlamışdı. Bunu biz kadrların seçilib yerləşdirilməsində, təyinatında və nizam-intizamın prokuroluq orqanlarında ciddi təmin olunmasında görürdük. Yəni başlanmış islahatları Kamran Əliyev daha da geniş formada həyata keçirəcək. 

Demək olar ki, prokurorluq orqanlarında yaşı 60-ı keçmiş şəxsləri pensiyaya göndərirlər, amma yaşı keçmiş şəxslər də var. Bunları da yəqin pensiyaya göndərməklə bağlı addımlar atılacaq. Bu gün prokuroluq orqanlarında yaş həddini keçmiş müəyyən şəxslərin gənclərlə əvəzlənməsi və yaxud da yaş həddi keçməmiş, lakin müəyyən vəzifələrdə olub onların yerlərinə daha layiqlilərinin yerləşdiriliməsi siyasəti davam etdirilməlidi. Ümid edirəm ki, baş prokurorluqda uğurlu işlərin davamını yaxın vaxtlarda görəcəyik.  

- Prezident tərəfindən gənc kadrların dövlət qurumlarında təmsil olunmasının şahidi oluruq. O cümlədən prezident prokurorluq sistemində də gənc kadrların önə çəkilməsini yeni baş prokurora tövsiyə etdi. Sizcə bu kadr siyasəti prokurorluqda da davam edəcəkmi?

- Gənc kadrların önə çəkilməsi, vəzifəyə təyin edilməsi artıq bu günün tələbidir. Biz bunu artıq parlamentdə də gördük. Həmçinin, gənc kadraların icra strukturlarında önə çəkilməsi, nazir təyin olunmaları məhz bu siyasətin tərkib hissəsidir. Ümid edirəm ki, prezidentin, 1-ci vitse prezident Mehriban xanımın apardığı islahatlar paketinə uyğun olaraq gənc kadrların yerləşdirilməsi siyasəti prokurorluq orqanlarında da davam etdiriləcək. 

- Prezident çıxışında qeyd etdi ki, ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir. Heç kim qanundan üstün deyil. Amma etiraf edək ki, Azərbaycanda qanunla qadağan olunmuş sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifə sahibləri var. Onlar vəzifə səlahiyyətlərindən istifadə edərək var-dövlət sahibi olublar. Həmin şəxslər barəsində hansısa ölçü götürüləcəkmi?

- Prezident həm hüquq-mühafizə orqanlarının rəhbərləri üçün, həm digər vəzifəli şəxslər üçün qeyd edib ki, Azərbaycan hüquqi dövlətdir və burda qanunun aliliyi təmin olunmalıdır. Qanun hər kəsdən yüksəkdir və heç kəs qanundan uca ola bilməz. Bununla bağlı cənab prezident çıxışlarında dəfələrlə vurğulayır ki, heç kəs siyasi baxışlarına, siyasi mənsubiyyətinə görə qanunsuz olaraq məsuliyətə cəlb və təqib edilə bilməz. Tək siyasi baxışlar deyil, heç kəs qanunsuz olaraq məsuliyyətə cəlb edilə bilməz. Hər kəs qanun qarşısında bərabərdir.

Qaldı ayrı-ayrı məmurların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına, bu var, olub və yəqin ki, yaxın vaxtlarda bunun qarşısının alınmasının şahidi ola bilməyəcəyik. Çünki həmişə bütün cəmiyyətlərdə aparılan islahatlara mane olmağa çalışan köhnə qüvvələr olur. İslahata uyğunlaşmaq istəməyən, öz şəxsi maraqlarını üstün tutan insanlar olur. Bunlar hakimiyyətdə olanda bu islahatların aparılmasına daha çox təsir etməyə çalışırlar və belə bir halda hər hansı islahat yaxın vaxtda reallaşa bilməz. Amma ən əsası budur ki, cənab prezident, Mehriban xanım artıq qarşılarına məqsəd qoyub ki, ölkədə rüşvət, korrupsiya tamamilə sıradan çıxmalıdır və bunun qarşısını almağa çalışan insanlar ərizələrini yazıb getməlidirlər. Getməsələr, qanunun sərt üzü ilə müəyyən addımlar atılacaq. Bu artıq ümid verir ki, yaxın vaxtlarda Azərbaycanda həm məmurlar tərəfindən rüşvətin kökünün kəsilməsi istiqamətində aparılan addımların uğurlu nəticəsini görəcəyik, həm də cəmiyyətin özündə bir saflaşma olacaq ki, qanun rüşvət verməyi, almağı qadağan edir. Bizlər isə bu qanuna əməl etməliyik. 

Onu da qeyd edim ki, Kamran müəllim baş prokurorun müavini olmaqla yanaşı həm də Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi kimi bir çox uğurlu işlərə imza atıb. Onun korrupsiyaya qarşı mübarizə istiqamətində gördüyü işləri müsbət dəyərləndiririk. Elə siz jurnalistlər də, QHT-lər də, hüquq müdafiəçiləri də korrupsiyaya qurşanmış şəxslərin cəzalandırılması istiqamətində prokurorluğun atdığı addımları həmişə müsbət dəyərləndirmişik.

- Prezident hüquq-müafizə orqanlarının çıxardığı bəzi qərarlardan narazılığını bildirdi. Həmçinin də vurğuladı ki, bütün hüquq-müafizə orqanlarının rəhbərləri məni eşidir. Bu hansısa çinli məmura siqnal ola bilər?

- Həqiqətən də bu gün hüquq-mühafizə orqanlarından cəmiyyətdə müəyyən narazılıqlar var. Xüsusilə qəbul edilən qərarların qanunsuz olduğunu bilə-bilə məhkəmələr tərəfindən qərarların qəbul edilməsi ilə bağlı. Bu onlara siqnaldır ki, Azərbaycan Konstitusiyası ilə Azərbaycan vətəndaşına verilmiş heç bir hüquq vəzifəli şəxslər və orqanlar tərəfindən pozula bilməz. Və bu baxımdan mən belə hesab edirəm ki, gələcəkdə biz digər qrumlarda da məhkəmə hakimiyyətində də islahatların aparılmasının şahidi olacağıq. Yeni təyin olunmuş şəxslər cənab prezidentin tapşırıqlarını əllərində bayraq edərək hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarını qorunmasını tam təmin edəcəklər. Məhkəmə hüquq orqanlarında islahatların aparılması ilə bağlı 2019-cu il aprel ayının 3-də verilmiş fərmanın tələblərinə uyğun olaraq  ölkədə gedən prosesləri görürük və alqışlayırıq. 

- Ölkə başçısı vurğuladı ki, icra başçıları həbs olunan rayonlarda geniş araşdırmalara ehtiyac var. Çünki həmin rayonlardan xeyli şikayətlər daxil olub. Sizcə Kamran Əliyev həmin rayonların prokurorlarını səhlənkarlığa görə işindən azad edəcəkmi?

- Təbii ki, həbs olunmuş icra başçıları ilə bağlı həmin rayonlarda istintaq gedir və ola bilər ki, yerli hüquq-mühafizə orqanlarının bu məsələlərdə rolunun bir az zəif olması qənaətinə gəlinə bilər. Əgər belə olmasaydı, bu adamlar Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində həbs edilməzdilər. Amma bir məsələni də qeyd edək ki, icra başçıları yerlərdə prezidentin qanuni və səlahiyyətli nümayəndəsidir. Təbii ki, rayon səviyyəli prokurorun və ya polis rəisinin icra başçısı haqqında hansısa hüquqi addımların atılması bu gün Azərbaycan praktikasında yoxdur. Ona görə mən belə hesab edirəm ki, hüquq-mühafizə orqanlarına kifayət qədər səlahiyyətlər verilməlidir ki, kimliyindən asılı olmayaraq, rayon səviyyəsində baş verən hansısa qanun pozuntuları ilə bağlı müəyyən tədbirlər görsünlər, ən azı  özlərinin tabe olduğu rəhbərliyə məlumat versinlər və sairə. Və bütün yükü biz DTX-nın üzərinə yükləməli deyilik. Mən mübarizənin hüquqi cəzalar müstəvisində, həbslər müstəvisində aparılmasının o qədər də tərəfdarı deyiləm. Yəni bu da sonsuzluğa aparacaq, çoxlu həbslər olacaq, çoxlu insanlar məsuliyyətə cəlb ediləcək. Mən şəxsən cəmiyyətin saflaşmasının tərəfdarıyam, ona görə də, cənab prezidentin o fikrini alqışlayıram ki, bu gün insanlar qanundan qorxmurlarsa, heç olmasa Allahdan qorxsunlar. İkincisi,  prezidentin o fikrini alqışlayıram ki, əgər onlar düzələ bilmirlərsə, yeni islahatlara qoşula bilmirlərsə ərizələrini yazıb sakitcə tutduqları vəzifədən azad olunmaları üçün müraciət etməlidirlər. Mən bir hüquq müdafiəçisi kimi aparılan islahatları dəstəkləyirəm və bu işdə ictimai nəzarət ən yüksək səviyyədə olmasını arzulayıram. Hesab edirəm ki, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaq. 

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930